Əsas Səhifə > Şəhidlər > Qanı ilə tarix yazan mərd oğullar unudulmayacaq

Qanı ilə tarix yazan mərd oğullar unudulmayacaq


5-05-2024, 10:40

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətənpərvərliyin ən ali məqamı - Şəhidlikdir. Qəhrəmanlıqlarla dolu olan uca bir zirvə. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Çünki bu zirvəni fəth edən igid, mərd Vətən oğulları öz şücaətləri ilə həmişə sübut ediblər ki, xalqa, dövlətə sədaqətlə xidmət edən Azərbaycan oğulları olub və bundan sonra da olacaq. Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazırdırlar. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə Vətən naminə, torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə öz qanları ilə tarix yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmur. Vətən oğullarının keçdikləri döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək isə hər birimizin ən müqəddəs borcu olmalıdır. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Göycə Eyvazovun, İmran Mancanovun, Vüqar Süleymanovun, kapitan İmamverdi İsmayılovun, Nuridə Pirvəliyevanın, Şərifə Talıbovanın, Arif Məsmalıyevin, Məhəmməd Bayramovun, Şakir Əsgərovun, Cavad Süleymanovun əziz xatirəsini ehtiramla yad edirik.

Eyvazov Göycə Bilal oğlu


Eyvazov Göycə Bilal oğlu 2 aprel 1965-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1983-cü ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Eyvazov Göycə Bilal oğlu 29 aprel 1994-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür. 

Mancanov İmran Kərəm oğlu


Mancanov İmran Kərəm oğlu 3 may 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1981-1983-cü illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Mancanov İmran Kərəm oğlu 30 aprel 1994-cü ildə Tərtər rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Bu həyatda qəribə taleyi olan insanlardan biri də Mancanov İmran Kərəm oğlu idi. O, dünyaya gəldiyi gün – may ayının 3-də Daş Salahlı kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Süleymanov Vüqar İdris oğlu


Süleymanov Vüqar İdris oğlu 30 aprel 1971-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasının ll kursunu yarımçıq qoyaraq Qarabağa döyüşə getmişdir. 13 yanvar 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 

Kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu


Kapitan İmamverdi İsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində Müşviq qəsəbəsində “N” saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları  "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu. 

Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov. 

Kapitan rütbəsi daşıyan İmamverdi İsmayılov Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 29.09.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Emin və Elnur adlı adlı iki oğul övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib.

Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub.

Pirvəliyeva Nuridə Cəlal qızı


Pirvəliyeva Nuridə Cəlal qızı 26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1 may 1993-cü ildə ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur. 

Talıbova Şərifə Qəfər qızı


Talıbova Şərifə Qəfər qızı 15 sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Talıbova Şərifə Qəfər qızı 1 may 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə atılan top  mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəli idi. 2 övladı var. 

Məsmalıyev Arif Rəhim oğlu


Məsmalıyev Arif Rəhim oğlu 2 may 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1978-ci ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məsmalıyev Arif Rəhim oğlu 19 yanvar 1994-cü ildə Lələkənd ətrafı ərazilərdə gedən döyüşlərdə şəhid olmuşdur.

Bayramov Məhəmməd Xəlil oğlu


Bayramov Məhəmməd Xəlil oğlu 3 may 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 6 may 1998-ci ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində çöl sahəsində ot biçərkən ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. 

Əsgərov Şakir Əsgər oğlu


Əsgərov Şakir Əsgər oğlu 31 mart 1966-cı ildə Ermənistan Respublikasının Noyanberyan rayonunun Ayrım qəsəbəsində anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanberyan rayonunun Aşağı Körpülü kənd orta məktəbində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. 

Süleymanov Cavad Musa oğlu


Süleymanov Cavad Musa oğlu 1932-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Uzun müddət sovxozda çoban işləmişdir. 1993-cü ilin may ayının 3-də ermənilərlə sərhəd olan ərazidə düşmən tərəfindən odlu silahla qətlə yetirilmişdir.


Geri qayıt