Əsas Səhifə > Şəhidlər > Qayıtmağına üç ay qalmışdı

Qayıtmağına üç ay qalmışdı


14-03-2024, 08:36


Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” Bu deyimlər hər zaman igid oğullarımızı bir amal uğrunda birləşdirdi. Bu amalı əldə rəhbər tutaraq döyüş meydanında silaha sarılıb düşməndən qisas almağı, torpağı azad etməyi qarşıya məqsəd qoyan qəhrəmanlarımız isə minlərlədir. Həmin oğullarımız bu məqsədə çatmaq üçün şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Yuxarı Salahlı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.


Kitabda 2019-cu ildə müddətli həqiqi hərbi xidmətdə olarkən xidməti vəzifəsini yerinə yetirən zaman qəhrəmancasına şəhid olmuş əsgər Əlləzov Əlləz Ələddin oğlu haqqında yer almış "Qayıtmağına üç ay qalmışdı" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Qayıtmağına üç ay qalmışdı


Qazaxın Yuxarı Salahlı kəndində Əlləzovlar ailəsi günləri sayırdı. Əlləzin atası Ələddin kişi oğul həsrətini bir o qədər üzə vurmasa da, anası Rəna xanımın gözləri yolda idi. Bu da səbəbsiz deyildi. Qarabağda düşmənin atəşkəsi pozması adi hala çevrilmişdi. Hər gün cəbhə xəttindən müharibə qoxulu xəbərlər gəlirdi. Düşmən sakit dayanmır, mövqelərimizə atəş açır, cəbhədə vəziyyəti gərginləşdirirdi. Eşitdiyi xəbərlər ana ürəyinə pis təsir göstərir, oğlunun hərbi xidmətdən sağ-salamat qayıtması üçün gecə-gündüz dua edirdi.

Həmin günlərdə "vaxt nə tez gəlib keçdi", - deyə Rəna xanım düşünürdü. Tez-tez 1999-cu ilin 6 noyabr, Əlləzin dünyaya gəldiyi gün gözləri önünə gəlirdi. O zaman ailənin ilk övladı, həm də ilk oğul övladı dünyaya gələndə ata-ananın sevincinin hədd-hüdudu yox idi. Allaha şükür edib sevinirdilər. Axı, ən böyük arzularından birinə çatmışdılar. Ailənin böyüklərinə hörmət əlaməti olaraq yeni doğulan körpəyə babasının adını qoydular. Düzdür, sonradan Tanrı onlara daha bir oğul - Seymuru bəxş eləsə də, Əlləzin yeri ailədə bir ayrı idi. 

Körpəliyi bir göz qırpımında gəlib keçdi. Bir də gördülər ki, Əlləz böyük oğlan olub. 2006-cı ildən onun orta məktəb illəri başladı. Ailədə, elə məktəbdə də sözəbaxan, deyiləni eləyən, böyüklərə, müəllimlərə hörmət bəsləyən idi Əlləz. Ona görə də yaşlılar, qonşular, qohumlar onun xətrini çox istəyir, böyük ümid bəsləyirdilər. 

Bəlkə də Əlləz gələcəkdə başqa bir peşənin, başqa bir sənətin sahibi olacaqdı, bilmirəm. Amma uşaqlıqdan hərbi sahəyə daha çox meyil göstərir, xüsusi təyinatlılarla çox maraqlanırdı. Həmişə də müharibədən yanıqlı halda danışır, torpaqlarımızın işğaldan azad olunmasından söz salırdı. 

Hərbi xidmət həyatı Əlləzin gələcək ömür yollarına öz möhürünü vurdu. Ələddin kişi oğlunun hərbi xidmətə getdiyi günü xatırlayaraq dedi:

- 2018-ci ilin gəlişini yenicə bayram etmişdik. Yanvarın 5-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin yerləşdiyi binanın qarşısından dostları ilə birlikdə hərbi xidmətə yola saldım oğlumu. Hardan biləydim ki, Əlləz əsgərlikdən qayıtmayacaq. Hardan biləydim...

Əlləzin arzularından biri də Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qulluq etmək idi. Bu istəyinə çatmaq üçün cəhd də eləmişdi. Amma səhhətindəki ötəri problemə görə onun bu arzusu baş tutmamışdı. Amma Əlləz ruhdan düşmür, öz üzərində çalışaraq gələcəkdə həmin istəyini həyata keçirəcəyini deyirdi.

2018-ci ilin iyun ayının əvvəlləri idi. Əlləzovlar ailəsi yenə də öz asudə günlərini, sevincli anlarını yaşayırdı. Ailənin sevincinə səbəb isə Əlləzin hərbi xidmətdən məzuniyyətə, evlərinə gəlməsi idi. Altı aylıq ayrılıqdan sonra ailə yenə də bir yerə toplaşmış, gənc əsgərin başına yığışmışdı. Əlləz isə cəbhədəki vəziyyətdən bir kəlmə olsun belə danışmır, söz düşəndə isə "hər şey yaxşıdır" deyirdi.

Anası Rəna xanım həmin günləri belə xatırlayır:

- Əlləz evimizə gələn gündən mən sanki qol-qanad açmışdım. Ürəyi istədiyi yeməkləri bişirir, başına dolanırdım. Məzuniyyət günlərində bütün kəndi gəzib dolaşdı, hamı ilə görüşdü oğlum. Kürün qırağına getdi, hətta, çayda çimdi də. Elə bil Əlləz qohum-əqrəba ilə, kənd ilə görüşmür, vidalaşırdı. Elə bil ürəyinə dammışdı. Məzuniyyət günləri başa çatdıqdan sonra isə görüşüb cəbhə xəttinə yola saldıq. Əslində isə biz oğlumuzla vidalaşdıq.

Söhbət zamanı Əlləzin qəfil, həm də qəribə görünən bir telefon zəngindən də söz açdı ürəyi dərdli ana:

- Şəhid olan ili martın 15-də, Əlləz evə zəng eləmişdi. Xeyli danışdıq, olanlardan, keçənlərdən söhbət elədik. Kənddə, qohum-əqrəbada elə bir adam qalmadı ki, soruşmamış olsun. Sonradan öyrəndim ki, sən demə, həmin günü Əlləz qohumlara, sinif yoldaşlarına, qonşulara da zəng edib hamı ilə danışıb. Özü də bilmədən sanki hamı ilə vidalaşıb. 

İnsanda duyum deyilən bir hissiyyat var. Elə bil, bəzən insan başına gələcəkləri əvvəlcədən sanki duyur, onunla bağlı nələrisə edir, amma əslində isə bunları nə üçün etdiyini özü də bilmir. Baş verən sonrakı hadisələr bu müəmmanı açır və sonda insana hər şey aydın olur. Başa düşürük ki, bu, əvvəlcədən ürəyinə damıbmış. Əlləz şəhid olmamışdan əvvəl etdikləri, bu fikri deməyə əsas verir.

Ələddin kişi danışır:

- Martın 24-də 2 dəfə zəng elədi Əlləz. Bir xeyli danışandan sonra "Özünüzə yaxşı baxın" deyərək bizimlə xudahafizləşdi. 

Rəna xanım oğlu ilə sonuncu dəfə telefonla danışmasından yana-yana söz açır:

- Şəhid olmamışdan bir gün əvvəl Əlləzdən zəng gəldi. Danışdıq. Dedi ki, "Sizə indi şəkil göndərəcəyəm". Telefonu əlimdən yerə qoymayıb gözləməyə başladım. Aradan 1 saat keçəndən sonra bizə 3 şəkil göndərdi. Şəkillərin altından yazmışdı ki, "Ana, bax oğluna hərbi forma necə gözəl yaraşır". Telefonda açıb şəkillərə baxdıq. Doğrudan da hərbi forma Əlləzə çox yaraşırdı. Həmin gecəni bu gözəl duyğulu fikirlərlə yatdım. Səhər isə...

Bəlkə də Rəna xanım "Kaş o gecənin səhəri açılmayaydı" deyir. Bəlkə də həmin günün açılan səhərini qınayır. Bəlkə də... Bəzən insan onu gözləyən acı xəbərdən saxlanıb bəlkələrin içində "gizlənmək istəyir". Bəlkələr isə cavabı bilinməyən suallar kimi çoxdur, tükənmək bilmir ki, bilmir. 

...Ana fərəh hissi ilə gözünü yumduğu gecənin səhərini acı xəbərlə açdı. Bu xəbər Rəna xanımın, Ələddin kişinin sanki qol-qanadlarını qırdı. İşıqlı dünyalarını qaranlığa qərq elədi. Ana göz yaşlarına bələndi, ata isə ürəyində dərindən bir ah çəkdi. Elə bir ah çəkdi ki, sanki dağlar silkələndi, buludlar ağladı, bütün kənd yasa batdı.

...2019-cu il martın 26-sı idi. Düşmən cəbhənin Füzuli rayonu istiqamətində mövqelərimizi atəşə tutmağa başlamışdı. Həmin gün Əlləz postda durmalı idi. O, növbəni yenicə qəbul eləmişdi. Heç 10 dəqiqə belə keçməmişdi. Birdən düşmən tərəfdən snayper atəş açdı. Güllə postda dayanan Əlləzin düz ürəyindən dəydi. O, şəhid olan an döyüş yoldaşlarına sarı dönərək "Deyəsən məni vurdular" dedi və əbədi olaraq gözlərini yumdu.

Bir gün qabaq isə atası ilə anası oğullarının hərbi xidmətinin başa çatmasına neçə gün qaldığını sayırdılar. Deyirdilər ki, "Əlləzin gəlməsinə cəmi üç ay qalıb".  


Geri qayıt