Əsas Səhifə > Şəhidlər > Dağ vüqarlı igidim
Dağ vüqarlı igidim13-03-2024, 08:42 |
“Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” İgid oğullarımız bu amalı əldə rəhbər tutaraq döyüş meydanında silaha sarılıb düşməndən qisas almağı, torpağı azad etməyi qarşıya məqsəd qoydular. Bu məqsədə çatmaq üçün şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Yuxarı Salahlı kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına təqdim ediblər. Kitabda 2019-cu ildə xidməti vəzifəsini yerinə yetirən zaman qəhrəmancasına şəhid olmuş gizir Abdullayev Hafiz Məhəd oğlu haqqında yer almış "Dağ vüqarlı igidim" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Dağ vüqarlı igidim İgid dağa bənzəyir. Qəhrəmanı həmişə zirvə ilə, dağ ilə müqayisə edir, mərd oğulları "dağ vüqarlı igidim" deyə oxşayır, əzizləyirlər. Döyüşdə qəhrəmanlıq göstərən əsgər dağın zirvəsinə oxşadıldığı üçün adına təriflər söyləyir, dilimizin ən gözəl sözləri ilə onu vəsf edir, şəninə mahnılar bəstələyir, adına şeirlər yazırlar. Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Hafiz Abdullayevin adına da neçə-neçə şeirlər yazılmış, göstərdiyi şücaət haqqında ən yüksək sözlər söylənilmişdir. Bu yazı da onun mərdliyi, qorxmazlığı haqqında olan kiçicik bir dastan, Hafizin sözlə çəkilmiş bir portretidir. Yeni ilin gəlişini, 1 yanvar gününü Qazaxın Yuxarı Salahlı kəndində yaşayan Abdullayevin ailəsində həmişə böyük şadyanalıqla qeyd edirdilər. 1984-cü ildə isə bu gənc ailə Yeni il bayramını xüsusi bir təmtəraq, böyük sevinc və fərəh hissi ilə keçirir, sevinclərinin üstünə sevinc qatırdılar. Bu sevinci isə onlara bəxş edən həmin gün dünyaya gəlmiş Hafiz idi. Gənc ananın - Şövkət xanımın fərəhi yerə-göyə sığmırdı, oğlu dünyaya gəlmişdi. Sonradan tale onlara daha iki oğul - Pərvizlə Əzizi versə də, Hafizin ailədə yeri, sevgisi bambaşqa idi. Evin böyük oğlu olduğu üçün onu əzizləyir, qayğısına qalırdılar. Ailədən məktəbə ilk dəfə gedən də Hafiz oldu. Abdullayevlər ailəsi həmin dönəmdə Sumqayıtda yaşadığı üçün o, Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almağa başladı. Əlaçı olmasa da, oxumaqda yoldaşlarından da geri qalmırdı. Amma onun yolu bir qədər fərqli, ürəyində tutduğu arzular bambaşqa idi. İdmanla müntəzəm məşğul olur, sərbəst güləş növünün sirlərini öyrənir, sağlam ruhda böyüyürdü. Hafizin 18 yaşı tamam olan kimi həqiqi hərbi xidmətə çağırıldı. 2002-ci il yanvar ayının 5-də Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin yerləşdiyi binanın qarşısından hərbi xidmətə yola düşdü. Bu yol onu başqa bir aləmə - ciddi, çətin, şərəfli bir aləmə aparır, igidliklə dolu olacaq gələcək həyat simfoniyasının ilk notları yazılırdı. Bu yol qarşıda onu gözləyən həyat yolunun başlanğıcı, ömür kitabının əlifbası idi. Vaxt çox sürətlə gəlib keçdi, ata-ana intizarı zaman adlı dağı əritdi. Bir də gördülər ki, Hafiz hərbi xidmətdən qayıdıb gəlib. Lakin əsgərlikdən tərxis olunmasına baxmayaraq, onun fikri yenə də hərbidə idi. Bu sahə maqnit kimi onu özünə çəkirdi. Başqa heç bir sahəyə, heç bir peşə qəlbinə yatmırdı. Sanki ürəyini hərbi hissədə qoyub gəlmişdi. Elə ona görə də çox keçmədi ki, Hafiz "ürəyi”nin dalınca, arzularının arxasınca getdi. Zabit olmaq istəyirdi. Bu məqsədlə sənədlərini hazırlayıb Azərbaycan Ali Hərbi Məktəbinə versə də, qəbul ola bilmədi. Amma ürəyində olan Vətən eşqi, el-oba məhəbbəti, torpaqlarımızı düşmən tapdağından xilas etmək istəyi onun tutduğu yoldan dönməməsinə dayaq oldu. Hərbi sahəyə keçmək üçün yeni bir fürsət axtarırdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən gizirlik kurslarının açılması ilə bağlı verilən xəbər onun hərbiyə keçməsinə yeni bir imkan yaratdı. Vətən qarşısındakı vəzifə borcunu yerinə yetirib qayıdıb gələndən bir il sonra sənədlərini hazırlayıb müvafiq yerə təqdim etdi. 2003-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizirlik kursunda məxfi hissə rəisi ixtisasında oxumağa başladı. O, elə ilk gündən həm tədrisdə, həm də təlimdə fərqlənir, qarşıya qoyulan normativləri yüksək səviyyədə yerinə yetirirdi. 4 mart 2005-ci il. Gizir Hafiz Abdullayev həmin günü - hərbi xidmətə başladığı günü tez-tez xatırlayır, xoş xatirələrlə anırdı. O, xidməti yerini Naxçıvandan Lənkərana dəyişən tarixlərin arasında düz 6 il fərq var idi. Hafiz bu arada ailə həyatı da qurmuş, 2 oğlu və 1 qızı da dünyaya gəlmişdi. Artıq o, işdə peşəkar hərbçi, evdə isə üç uşaq atası idi. Lənkəranın Liman qəsəbəsində işi çox məsuliyyətli, məsuliyyətli olduğu üçün də çətin və şərəfli idi. O, "N" saylı hərbi hissənin məxfi hissə rəisi vəzifəsində çalışırdı. Artıq Hafiz Abdullayevin sinəsini 6 medal "bəzəyirdi". "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)" və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medallarını taxmışdı hərbi formasının sol tərəfinə. Sonrakı illərdə bu medalların sırasına daha 3 medal - "Qüsursuz xidmətə görə" medallarının hər 3 dərəcəsi əlavə olundu. Hafiz ailədə çox qapalı idi, heç kimə, hətta, valideynlərinə, həyat yoldaşına da işi barədə bir kəlmə olsun belə söz danışmır, gördüyü işlər haqqında heç kimə söz demirdi. Bir sözlə, heç kəsə hərbi sirr verməzdi. Bu, onun peşəkar hərbçi olmasından irəli gəlir, öz peşəsinin xüsusiyyətlərindən qaynaqlanırdı. Ona görə də mənim ailə üzvlərindən "Hafizin necə xidmət etməsi" barədə verdiyim suala cavab verə bilmədilər, "Bizə heç nə demirdi, ona görə də onun fəaliyyətindən xəbərimiz yox idi" cavabını verdilər. Əslində isə onun hərbi xidməti böyük və nümunəvi idi. Hərbçi olması ilə yanaşı, şeirə də çox böyük marağı, həvəsi var idi, Hafizin. Atası Məhəd kişi danışır: - Oğlum oxuduğu şeirlərdən xoşuna gələnlərini cib dəftərçəsinə köçürüb saxlayırmış. Bunu şəhid olandan sonra paltarının cibindən çıxan dəftərçədən bildik. O da Hafizdən bizə yadigar qaldı. Axırıncı xidmət yeri Daşkəsən idi Hafizin. Onun bir çox dağlıq ərazidə xidmət etməsinə baxmayaraq, bu bölgənin coğrafi şəraiti daha çətin, daha mürəkkəb idi. Dəniz səviyyəsindən 3300 metr yüksəklikdə, Murov dağı ilə Gədəbəy rayonu arasında yerləşən dağ silsiləsində xidmət aparmaq insandan möhkəmlik və dözüm tələb edirdi. Həm də həmin ərazi düşmənlərə yaxın bir məsafədə olması ilə də fərqlənirdi. Bu səbəbdən də xidmət aparmaq bir qədər çətinləşmişdi. Ehtiyatlı olmaq lazım gəlirdi. Hafiz bütün bunların öhdəsindən bacarıqla gəlir, böyük dözüm və mətanət nümayiş etdirirdi. Belə bir çətin şəraitdə Hafiz hərbi hissədə post başçısı idi. O, səngərlərlə hərbi hissə arasında telefon əlaqəsi yaradıb onu təmin edən xətt rabitəsinə nəzarət edir, postlar arasında əlaqə yaradırdı. Telefon xətləri isə müxtəlif səbəblərdən - qar uçqunundan, düşmən tərəfindən və vəhşi heyvanların qırması səbəbindən qırıla bilirdi. Qırılmış xəttin yerini axtarıb tapmaq, sonra isə onu bərpa eləmək olduqca çətin və təhlükəli idi. 2019-cu il martın 4-ü idi. Hərbi hissə ilə postlar arasında əlaqə yenə də kəsilmişdi. Hafiz Abdullayevə telefon əlaqəsi yaratmaq, qırılmış xətti bərpa etmək tapşırığı verilmişdi. O, bir nəfər əsgər, bir nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ilə verilən tapşırığı yerinə yetirmək üçün dağ silsiləsinə doğru hərəkət etməyə başladı. Hava günəşli idi, bu səbəbdən də qar nisbətən əriməyə başlamışdı. Axtara-axtara irəli gedirdilər. Bir az keçmiş xəttin qırılan yerini tapdılar. İndi onu bərpa etmək lazım idi. Hafiz geriyə dönüb arxasınca gələn əsgərə onun təcrübəsizliyini nəzərə alıb "Sən burda dayan, bizi gözlə" tapşırığını verdi. Özü isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Fərrux Məmmədovla birlikdə irəliləməyə başladı. Telefon xəttinin qırıldığı yerə çatmışdılar ki, birdən güclü bir gurultu qopdu. Ayaqları altından qar sürüşüb böyük bir uçurum əmələ gətirdi. İşin bədbəxtliyindən bunun dalınca isə qarşı tərəfdən qar uçqunu baş verdi və dağdan qopan qar topası əmələ gəlmiş uçurumun üstünə düşdü. Kənarda dayanıb hadisəni izləyən əsgər baş verən uçqundan yerə yıxılmışdı. Bir müddətdən sonra özünə gəlib ayağa qalxanda ətrafında heç kim yox idi. Qar uçqunu sel kimi Hafizlə Fərruxu öz qoynuna almışdı. Dağ vüqarlı igid gizir Hafiz Abdullayev qırılmış telefon xəttini bərpa edərkən özünün həyatı da yarıda qırıldı. Baş vermiş qar uçqunundan sonra axtarışlara başlanıldı. Hadisədən 40 gün sonra həlak olmuş hərbçilərin nəşi tapıldı. Geri qayıt |