Əsas Səhifə > Şəhidlər > "Bizdən ayrılmaq istəmirdi"
"Bizdən ayrılmaq istəmirdi"12-03-2024, 08:42 |
“Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyən, döyüş meydanında silaha sarılan oğullarımız düşməndən qisas almağı, torpağı azad etməyi özlərinin həyat amalı bildilər. Bu yolda şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Daş Salahlı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına və anasına təqdim ediblər. Kitabda 2017-ci ildə müddətli həqiqi hərbi xidmətdə olarkən xidməti vəzifəsini yerinə yetirən zaman qəhrəmancasına şəhid olmuş əsgər Süleymanov Süleyman Elçin oğlu haqqında yer almış "Bizdən ayrılmaq istəmirdi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... "Bizdən ayrılmaq istəmirdi" Şəhid anası Mənsurə xanım söylədi oğlu Süleyman Süleymanov haqqında bu sözləri: - Nə biləydim ki, cəmi bir neçə saatdan sonra oğlumu itirəcəyəm. Nə biləydim ki, qarşıda ayrılıq var, özü də həmişəlik. Nə biləydim... "Hər bir yolun sonu ayrılıqdı" deyiblər. Dünyada hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Başlanğıcdan yol alan ömür karvanı zamanı xərcləyə-xərcləyə irəli gedir, fırlanıb neçə dolaylardan keçir, gec, ya tez son dayanacağa, sonluğa çatır. İstəsək də, istəməsək də bir gün ayrılıq gözləmədiyin qonaq kimi qapını döyür. Ayrılığın da geci, tezi var. Elə ayrılıq var ki, onu necə deyərlər, qəbul edirsən, təpki vermir, ondan gələn acını içində əridə bilirsən. Amma elə ayrılıqlar da var ki, qəfil əsən payız küləyinin qopardığı yarpaqlar kimi adamı ora-bura vurur, onu qəbul edib alışa bilmirsən. Belə qəfil ayrılıqlar insanı gündən-günə, aydan-aya, ildən-ilə daha çox yandırır, içində bir közə dönüb ürəyini əridir. ...1997-ci ilin on birinci ayının on birinci günündə gəlmişdi dünyaya Süleyman. Payız olmasına baxmayaraq, günəş doğmuşdu Qazax rayonunun Daş Salahlı kəndindəki evlərinə. Evin son beşiyi idi. Atası Elçin babasının adını vermişdi yeni doğulan oğluna. Süleyman həm də peyğəmbər adı idi. Bəlkə də elə ona görə lap balacalığından əli, dili düz böyümüşdü. Nur yağırdı üz-gözündən. Bəlkə də ona görə Quran oxudu, şəriət öyrəndi sonradan. Bəlkə, bəlkə, bəlkə də... Yarasının gözü qopmuş ana özünü sakitləşdirə, ovundura bilmir. Oğlu, ciyərparası haqqında dediyi sözlər özü kimi bizi də yandırır. - Çox utancaq, sakit təbiətli idi, Süleyman. Heç kəsin qəlbinə dəyməzdi. Onun sanki öz dünyası var idi, hər şeyi öz qəlbində yaşayardı, heç kimlə öz sirrini, hisslərini, arzularını bölüşməzdi balam. Mənsurə xanım danışır ki, 2004-cü ildə əlindən tutub mən aparmışdım Süleymanı kəndimizdəki 1 nömrəli orta məktəbə. Dərslərini yaxşı oxuyur, yoldaşlarından geri qalmırdı. 2015-ci ildə orta təhsilini başa vurandan bir il sonra isə həqiqi hərbi xidmətə yola düşdü. Həmin dönəmdə ailə Bakıda yaşadığı üçün atası gəlib oğlunu hərbi xidmətə yola salmağa. Elçin kişi deyir: - Süleymanın sənədləri Bakıdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə gəlmədiyi üçün onu yanvarda hərbi xidmətə aparmaq istəmirdilər. Deyirdilər ki, aprel ayında çağıracağıq. Amma Süleyman təkid elədi ki, məni hərbi xidmətə indi aparın. Ona görə də Süleyman yanvarın 25-də əsgərliyə yola düşdü. Hərbi xidmətdə karantin deyilən üç aylıq bir müddət var. Süleyman həmin vaxtda Ağcabədi rayonunda idi. Mənsurə xanım: - Andiçmə mərasimində yanına getmişdik, - deyir. - Bütün əsgərlər kimi o, da əlini Azərbaycan Bayrağının üzərinə qoyub and içdi, Vətənə şərəflə xidmət etmək andı. Oğlum andına sadiq qaldı, bu yolda öz cavan canından belə keçdi. Həyatda olduğu kimi, hərbidə də nümunəvi, qayda-qanunlara əməl edən, komandirlərin verdiyi əmrləri sözsüz yerinə yetirən bir əsgər idi. "N" saylı hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 1-ci tağımının 1-ci manqasının qumbaraatanı kimi hərbi təlimlərdə fərqlənirdi. Bu xatirə isə Süleymanovlar ailəsinin şəhid Süleyman Süleymanov haqqında ən unudulmaz anlarıdır. ...Şəhid olan ili, fevralın axırıncı günü zəng eləmişdi evlərinə, Süleyman. Səhər saat 10 olardı. Çoxdan əlaqə saxlamadığı üçün ailə üzvləri çox sevindi. Atası, anası, qardaşı Məhəbbətlə danışdı. Bu, Süleymanın ailəsinə etdiyi sonuncu telefon zəngi oldu. Mənsurə xanım deyir ki: - Həmin günü oğlum bizimlə həmişə danışdığından da çox danışdı. Yarım saatdan artıq söhbət elədik. O, heç vaxt bizimlə bu qədər çox danışmazdı. Axşam saat 5-də yenə də zəng elədi. Bu dəfə də çox danışdıq. Elə bil ürəyinə dammışdı. Söhbəti uzadır, sanki bizdən ayrılmaq istəmirdi. "Ana, özünə yaxşı bax" dedi sonuncu dəfə mənə. ...2017-ci il martın 2-si idi. Əsgər Süleyman Süleymanov həmişə olduğu kimi, yenə də səngərdə qarşı tərəflə üz-üzə dayanmışdı. Birdən düşmən snayperinin atdığı namərd gülləsi onun həyatına son qoydu, gənc əsgər döyüş meydanında Şəhidlik zirvəsinə ucaldı. Həmin gün hərbi xidmətini başa vurmağa 3 ayı qalmışdı Süleymanın. Belə tez, vaxtsız ayrılıq da olmaz axı?! Cəmi 234 gün, 8 ay, 31 həftə və son. Yox, yox, yox ... bu, son deyil. Bu, insanların ürəyində yenidən doğulan, qəlblərdə yaşayacaq yeni bir ömrün başlanğıcıdır. Bu, şəhid Süleymanın, çiçəyi burnunda dünyaya "əlvida" deyən qəhrəmanın yenidən başlayan ömrüdür. Belə şərəfli ömrü yaşamaq isə hər insana nəsib olmur. Yalnız Allahın sevib-seçdiyi, Tanrının qəbul etdiyi seçilmişlər belə unudulmayacaq ömrü yaşaya bilirlər. Süleyman şəhid olandan sonra hərbi gödəkcəsinin cibindən dəftərçə tapılıb. Həmin dəftərçəyə vaxtilə qələmə aldığı şeirlər yazılmışdı - Vətənə, sevgiyə həsr etdiyi şeirlər. Deyirlər ki, sevdiyi qız da var imiş Süleymanın, kim bilir. Yazıbmış ki: Sevgilim, məktubu yazıram sənə, Bəlkə də bu məktub sonuncu oldu. Yolumu gözləmə, hələ əsgərəm, Bəlkə də qismətim bir güllə oldu. Dəftərə yazılmış bu şeir sonradan onun başdaşının üstünə yazılıb. Qardaşı Məhəbbətin oğluna isə Süleymanın adı qoyulub. Adı ilə böyüsün. Geri qayıt |