Əsas Səhifə > Şəhidlər > Sonuncu döyüş
Sonuncu döyüş11-03-2024, 07:52 |
“Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyərək döyüş meydanında silaha sarılan oğullarımız düşməndən qisas almaq, torpağı azad etmək üçün şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 2014-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş baş gizir Almazov İsə Ziyad oğlu haqqında yer almış "Sonuncu döyüş" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Sonuncu döyüş İsə Almazov Vətən sevgisi ilə böyümüşdü uşaqlığından. Bu müqəddəs duyğu onun qanına, canına hopmuş, ürəyində dərin izlər salmış, bütün varlığı ilə Vətənə bağlanmışdı körpəliyindən. 20 iyun 1977-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Böyük Cəfərli kəndində dünyaya gələndə İsənin adını atası Ziyad qoymuşdu, dünyadan cavan köçmüş əmisinin xatirəsini yaşatmaq üçün. Uşaqlığından düşmənin bir addımlığında yerləşən kəndlərinin ermənilər tərəfindən atəşə tutulmasını, məktəb binasına, sakinlərin evlərinə top mərmilərinin düşməsini də az görməmişdi. Belə vaxtlarda Vətən məhəbbəti, mübarizə əzmi, düşmənə qarşı bir nifrət hissi, qisas od-alovu yaranmışdı ürəyində. Həmin illərdə İsə Almazov yaşının az olmasına təəssüflənir, tez boy atıb böyümək istəyirdi. Tez böyümək istəyirdi ki, düşmənlərdən qisas alsın, tökülən qanlar yerdə qalmasın. 1996-cı ildə hərbi xidmətdə olarkən onun qəlbindəki vətənpərvərlik duyğuları daha da artdı, torpaqlarımızın azad olunması uğrunda savaşa hazır olmağa başladı. Ona görə də 1999-cu ilin axırına qədər olan xidməti dövründə hərbi texnikanın, silah-sursatın istifadə qaydalarını dərindən öyrənir, necə deyərlər, döyüşə hazırlaşırdı. Döyüş onun alın yazısı idi. Bu qədərdən qaçmaq isə mümkünsüz idi. Çünki İsə Almazov bütün varlığı ilə Vətənə bağlıydı. Əsgəri xidmətini başa vurub evlərinə qayıdandan sonra ailə üzvləri, xüsusilə də böyük qardaşı Dilənçi Almazov onu başqa istiqamətə yönəltməyə çalışsa da, İsə öz fikrindən dönməyib. Bu barədə söz düşəndə Dilənçi kişi dedi ki: - Qardaşım çox prinsipial insan idi, dediyindən dönməzdi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün əlindən gələni edərdi. Hərbi sahəyə getməsi də elə oldu. "Mən hərbçi olacağam" dedi. Vəssalam. Onu fikrindən daşındırmaq üçün həmkəndlilərimizlə Bakıya getməsini, orada tikintidə fəhlə işləməsini və yaxud başqa bir sənətlə məşğul olmasını dedim. Amma o, mənə qulaq asmadı. Qarşısına qoyduğu yolla getdi”. Elə həmin vaxtlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən gizirlik kurslarının açılması ilə bağlı verilən xəbər İsə Almazovun lap ürəyincə oldu. Vətən qarşısındakı vəzifə borcunu yerinə yetirəndən bir neçə ay sonra sənədlərini hazırlayıb müvafiq yerə təqdim etdi. Bununla da onun kursantlıq dövrü başladı. İsə Almazov gizirlik kursunda oxuduğu 8 ay ərzində öz üzərində çalışıb çox şeyləri öyrəndi, bildiklərini daha da təkmilləşdirdi. 13 yanvar 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunun piyadaların döyüş maşın komandiri ixtisasını bitirib, təhsilini başa vurduqdan sonra mükəmməl bilik və bacarıqlı bir gizir kimi Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başladı. O, məsuliyyətli və qabiliyyətli olmasına, verilən tapşırıqları vaxtından əvvəl və yüksək səviyyədə yerinə yetirməsinə görə tez bir zamanda yoldaşları arasında fərqlənməyə başladı. Bütün bunlara görədir ki, İsə Almazov xidmətə başlayandan 6 ay keçməmiş baş gizir rütbəsi aldı. Bu da son deyildi. O, tezliklə, yəni 2001-ci ildə hərbi hissədə döyüş maşın komandiri - manqa komandiri vəzifəsində xidmət aparırdı. Düz 6 il bu təyinatda çalışdı. İsə Almazovun yüksəksəviyyəli xidməti Müdafiə Nazirliyi tərəfindən dəyərləndirilmişdir. O, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları ilə təltif olunmuşdur. İsənin xidmətində, eləcə də şəxsi həyatında hər şey istədiyi kimi idi. Ona görə də o, daha bir arzusunu həyata keçirdi. Öz kəndlərindən olan Sədaqət adlı xanımla ailə həyatı qurdu. Çox keçmədi ki, gənc ailənin üzvləri ildən-ilə artmağa başladı. Əvvəlcə oğlu Şahvələd, sonra isə qızı Gülnar dünyaya gəldi. Sonrakı ildə isə Tanrı onlara əkiz qız - Mədinə ilə Səbinəni qismət elədi. Altı nəfərdən ibarət ailə Cəfərli kəndində şad-xürrəm yaşayırdı. Amma deyir, "El elə sığar, ev evə sığmaz" söyləyibdi atalar. Qardaşı ilə ata evində yaşadıqları üçün elə həmin yurdda özünə yeni bir ev tikdirmək qərarına gəlmişdi. Fikrini qardaşına deyəndə o, da razılaşdı, lazım olan köməkliyi göstərəcəyini dedi. Dedikləri kimi də etdilər, yeni evin tikintisinə başlanıldı. Ailə evin hazır olacağı günü gözləyirdi. Amma tale bu ailənin qismət yazısını başqa cür yazdı, İsə bu istəyinə çata bilmədi. Bayaqdan bəri bizi diqqətlə dinləyən Sədaqət xanım neçə illərdən sonra yenidən İsəli günlərinə qayıdır. - İsə mənim yadımdan bir gün olsun belə çıxmayıb, - deyir saçlarına dən düşməyə başlayan bu xanım. - Onunla bağlı günlərimi ürəyimə sıxıb saxlamışam, elə bilirəm ki... Sözünün arxasını gətirə bilmir. Həyat yoldaşı ilə bağlı qaysaq bağlamış yarası yenidən qanamağa başlayır. - Öz peşəsinə çox bağlı idi, - deyir. - Xidməti barədə bir dəfə olsun belə danışmazdı. Soruşanda da söhbəti başqa istiqamətə yönəldər, öz işini adi bir iş kimi təqdim edərdi. Biz də onun dediklərinə inanar, daha heç nə soruşmazdıq. Bilmirdik ki... Ailədən təkcə oğlu bilirmiş onun bu "sirrini". Sən demə, atasının hərbidə necə xidmət etməsini, onun hansı tapşırıqları yerinə yetirməsini görübmüş. - Atam kəndimizdə xidmət edəndə mənim 10 yaşım var idi, - söyləyir Şahvələd. - Məni tez-tez özü ilə birlikdə xidmət etdiyi yerlərə aparırdı. Silahları, texnikaları göstərirdi. Necə döyüşmələrindən, silahları necə atmalarından danışırdı. Məni uşaq yaşlarımdan vətənpərvər böyütmək istəyirdi atam. Danışıb, göstərib qurtarandan sonra isə həmişə mənə xəbərdarlıq edirdi ki, burda gördüklərini, eşitdiklərini evdə anana, uşaqlara danışma. Mən də onun dediyi kimi edir, verdiyim sözü yerinə yetirir, heç kimə heç nə danışmırdım. İsə Almazov həm də sərrast atıcı idi. O, "İstiqlal" snayper tüfəngi ilə döyüş zamanı düşmənə qan uddurur, canlı qüvvəsini sıradan çıxarırdı. Hədəf onun gözündən yayınmırdı. Bu səbəbdən də mahir atıcı snayper kimi hərbi hissədə tanınmışdı. Heç kim istəməsə də, söhbət yavaş-yavaş İsənin şəhid olması gününə gəlib çatır. Sədaqət xanım ağlaya-ağlaya deyir: - Şəhid olmamışdan 3 gün əvvəl evə gəlmişdi İsə. Təzə evimizə hələ köçməmişdik. Uşaqları da götürüb öz evimizə getdi. Övladları ilə birlikdə uzandı. Bir xeyli keçəndən sonra uşaqları da götürüb evdən çıxdı. Çıxanda da dedi ki, "Evimiz çox yaxşı sərindi". Elə bil ki, ürəyinə damıbmış... Ürəyinə damıbmış ki, bir də bu evə ayaq basmayacaq. 2014-cü il iyulun 31-i idi. Azərbaycan-Ermənistan təmas xəttində şiddətli döyüşlər başlamışdı. Ona görə də İsə evə gələ bilmirdi, yalnız telefonla əlaqə saxlayırdı. Həmin gün axşam saat səkkizin yarısı İsə evə zəng eləyib uşaqlarını soruşub. Sonda da axşam evə gələcəyini söyləyib. Sən demə, həmin vaxt "Quzey" postunda güclü atışma gedirmiş. İsə Almazov iriçaplı pulemyotdan (DSK-dan) düşmənlərə yaylım atəşi açırmış. Qarşı tərəfin xeyli canlı qüvvəsini məhv etdiyi üçün düşmən onu aradan götürmək istəyib. Ona görə də... Döyüşün ən qızğın yerində birdən düşmən snayperi atəş açır. Güllə İsənin düz gözündən dəyir. Bayaqdan bəri düşmənə qan udduran qəhrəman gizir bir anda qana boyanır, əlləri boşalır, dizləri qatlanır və yıxılır. İsə Almazov vuruş meydanında şəhid olur. Bu, onun son döyüşü idi. Ertəsi gün min bir arzu, istəklə tikdirdiyi təzə evinə onun bayrağa bükülmüş tabutu gətirilir. İsə Ziyad oğlu Almazov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. Geri qayıt |