Əsas Səhifə > Şəhidlər > Əsgər ürəyindən başlayır Vətən

Əsgər ürəyindən başlayır Vətən


8-03-2024, 13:34


Vətən oğullarını döyüş meydanında hər zaman “Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı qisas almağa, torpağı azad etməyə səslədi. Onlar bu yolda şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Yuxarı Salahlı kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına təqdim ediblər.


Kitabda 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş gizir Şəmşiyev İlham Şakir oğlu haqqında yer almış "Əsgər ürəyindən başlayır Vətən" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Əsgər ürəyindən başlayır Vətən


Əsgər ürəyindən başlayır Vətən. Əlinə silah götürüb səngərdə dayanan hər bir əsgərin gücünə güc, qoluna qüvvət verir bu fikir. Bu fikir "Haradan başlanır Vətən" sualının ən dürüst, ən məntiqli cavabıdır, məncə. Vətənin başlanğıcı, həqiqətən də, əsgər ürəyidir, səngərin nə olduğunu bilənlər üçün...

Bəli, hər bir hərbi qulluqçunun qəlbində Vətən, dövlət, xalq ucalığı var. Bu ucalıq hərbi xidmət anlayışı ilə ömür anlayışını məfkurə baxımından eyniləşdirir. Əlində silah səngərdə dayanana kimi nəyi qoruyacağını hər bir hərbçi bilir, necə qoruyacağını isə hərbi xidmətdə öyrənir. Hərbi xidmətdə əsgərin Vətənin, dövlətin nə olduğu haqqında düşüncələri daha da genişlənib dərinləşir. Ona görə də səngərdə daha qürurla, daha böyük əzmlə dayanır, Vətən kəlməsinin ifadə etdiyi məzmunu daha əhatəli dərk edir. Azərbaycan əsgərini qətiyyətli, məğlubedilməz edən də bu sevgidir - Vətən sevgisi. Gizir İlham Şəmşiyevi bu sevgi gətirmişdi səngərə.

İlhamın dünyaya gəlişi baharın gəlişinin bir müjdəsi olmuşdu sanki. 9 aprel 1997-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində, Şəmşiyevlər ailəsində, necə deyərlər, bayram bayrama qovuşmuşdu. Ailənin sevincinin həddi-hüdudu yox idi həmin gün.  

...Həyatın qəribəliyinə bir bax. Cəmi bir heçə gün bundan qabaq oğlu ilə telefonla danışıb hal-əhval tutan Zülfiyyə xanım bu gün İlham haqqında xatirə danışır. Necə də çətindir, deyilmi?... Amma qəlbi paramparça olmuş anaya danışmaq nə qədər çətin olsa da, oğlundan çox fəxrlə danışır. İlhamın uşaqlığından söz düşür:

- Ailəmizin dördüncü uşağı idi İlham. Bir qız, iki oğuldan sonra doğulmuşdu, - söyləyir ana. - Qıvraq, qoçaq uşaq idi körpəliyindən, 11 aylığında ayaq açıb yerimişdi, - deyir.

Bir qədər sözünə ara verəndən sonra yenidən danışmağa başlayır:

- Balaca vaxtlarından mənə çox meylini salmışdı. Hara getsəm, hər yerə mənimlə gələrdi. İlhamdan böyük olan bacı və qardaşlarını dəcəllikləri və şuluqluqları üstündə cəzalandırsaq da, İlhama qıya bilməzdik. Çünki İlhamın dəcəlliyi olmazdı. Uşaqlıqdan sakit təbiəti, az danışmağı, heç kimin işinə qarışmamağı, rahatçılığı ilə fərqlənirdi hamıdan. Övladlarımın içində ən az əziyyət verən mənə İlham olub. 

Söhbət zamanı birdən Zülfiyyə xanımın üzünə xəfif bir mülayimlik gəlir. İlhamın gülüşünü xatırlayan ana:

- Onun gülüşü bambaşqa bir dünya idi, - deyir. - Bir gülümsəməsi, gülüşü ilə dünyanı bəxş edirdi insana. Dodağının üstündə qara bir xalı var idi. Hər dəfə mən "Böyüyəndə bığ saxlama, qızlar sənin xalın üçün öləcəklər" deyəndə İlham çox utanardı.

Sonra idmançı olmasından söz düşür İlhamın. Atası Şakir Şəmşiyev idmançı olmuşdu, SSRİ idman ustası adını almışdı. Bu səbəbdən də elə uşaq vaxtlarından övladlarının idmançı olmasına, onların sağlam ruhda, sağlam bədəndə böyüməsinə çalışırdı. İlham böyük qardaşları və böyük bacısı ilə birlikdə "Cüdo" idman növüylə məşğul olurdu. Bu sahədə nailiyyətlər də qazanmış, rayon və şəhərdə keçirilən yarışlarda uğurlar əldə etmişdi. Sonralar idmanın sərbəst güləş növü ilə də məşğul oldu.

"Ot kökü üstə bitər" söyləyib atalar. İlhamın böyüyüb hərbçi olması, Vətən uğrunda mərdliklə döyüşməsi atasının vaxtilə keçdiyi yoldan qaynaqlanırdı. Öyrənirəm ki, Şakir Şəmşiyev 1990-cı illərin əvvəllərində polis dəstəsində könüllü olaraq düz 4 il düşmənlərə qarşı döyüşüb, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərib. Amma çox heyif ki, avtomobil qəzasına düşərək dünyasını çox tez dəyişib. Atasını itirəndə cəmi 13 yaşı olub, İlhamın. Yaşının az olmasına baxmayaraq, o, dəyanət göstərib çətin anlarda ailəsinə mənəvi dəstək olmağı bacarmışdı.

2014-cü ildə Yuxarı Salahlı kənd orta məktəbini bitirir, 2015-ci ildə isə həqiqi hərbi xidmətə yola düşür. İlhamın əsgərliyindən söz düşəndə ana yenə də göz yaşlarına hakim kəsilə bilmir.

- 2015-ci il aprelin 10-da oğlum əsgərliyə yollandı. İlk dəfə idi ki, mən İlhamdan 18 ay ayrı qalacaqdım. Mənə çox ağır idi onu yola salmaq. İnana bilmirdim ki, İlham artıq böyüyüb, onu hərbi xidmətə yola salıram. Çox kövrəlmişdim, göz yaşlarımı saxlaya bilmirdim. Möhkəm qucaqlayıb, öpüb bağrıma basdım balamı. Qatara minənədək arxasınca baxıb sakitcə ağladım, sağ-salamat qayıtması üçün dua etdim. 

İlham Şəmşiyev 2016-cı ildə əsgərlikdən kiçik çavuş rütbəsində qayıdır. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), gizir kimi ordu sıralarında xidmət etməyə başlayır.

Zülfiyyə xanım danışanda İlhamın böyük qardaşı Bayram yalnız bir nöqtəyə baxır, sanki onunla söhbət edirdi. Danışanda anlayıram ki, onun nə kədəri, nə də xatirələri bitib-tükənən deyil. Bir az keçmiş o, da qoşulur söhbətə. 

- 2015-ci ilin aprelində İlham hərbi xidmətə getdi. Həmin ilin oktyabr ayında mən Ukraynada ali təhsilimi bitirib Azərbaycana qayıtdım və əsgərliyə yollandım. Hər ikimiz Vətənə xidmət edirdik. Fərqli ordu qurumlarında olduğumuz üçün Qusar rayonu ərazisində xidmət etməyimizə baxmayaraq, bir-birimizi görə bilmirdik. Ümumiyyətlə isə, biz 2 ilə yaxın idi ki, görüşmürdük.   

Bayram həmin günü xatırlayaraq kövrəlir: 

- 2016-cı ilin fevral ayında kəşfiyyatçıların Cağar kəndində çöl çıxışı idi. Çoxlu qar yağdığı üçün şaxtalı hava hökm sürürdü. İlham Laza kəndində sərhəd qoşunlarında xidmət etdiyi üçün komutanımızdan xahiş etdim ki, qardaşım olan kəndə istiqamətlənək. Sağ olsun, məni başa düşərək razılaşdı və bizdən başqa 4 nəfər əsgərlə birgə yola düşdük. Çətin relyef, qarlı-buzlu şəraitdə irəliləyirdik. 3-4 saat dağlıq ərazidə yol qət etdikdən sonra Laza kəndinə çatdıq. İlhamla mənə 5-10 dəqiqəlik görüş üçün razılıq vermişdilər. Görüşdük. İlham zastavasının qapısından çıxıb yuxulu gözləriylə gülümsəyərək mənə doğru gəlirdi. Qucaqlaşdıq, üzündən, boynundan öpərək qardaşımın qoxusunu dərindən içimə çəkdim. Vaxt bitdikdən sonra ayrıldıq.

Söhbət zamanı Bayram sonuncu dəfə qardaşını görə bilməməsinə heyifslənir. O, 2023-cü il avqustun 9-da Ukraynaya gedərkən İlhamla görüşmək istəyir. Amma hərbi hissədən icazə verilmir. Bayram haradan biləydi ki, bu təəssüfün üstündən 40 gün keçəndən sonra daha böyük bir təəssüf hissi keçirəcək, İlhamın şəhid olması xəbərini eşidəcəkdir. 

- Məni ən çox ağrıdan, bir ömür boyu mənə əzab verəcək məqam qardaşımın dəfninə yetişməməyim, onu son mənzilə yola sala bilməməyimdir, - deyir Bayram.

Sonuncu sözləri isə ürəyimi daha da ağrıdır:

- Sənin mərdliyini, igidliyini, sadiqliyini, sözünün sahibi olmağını, qorxmaz və cəsurluğunu, uşaqlıqdan formalaşan kişi xarakterini, doğmalarına bağlılığını, utancaqlığını, rahatlığını, sakitliyini, zəhmətkeşliyini, qoçaqlığını, qəlbi təmizliyini, incə ruhlu olmağını unutmaq mümkünsüzdü, qardaşım, - deyir.

Böyük bacısı Pərvanə Şəmşiyeva sanki dərddən qovrulur.

- İlham mənim üçün qardaşdan çox övladım kimiydi, - söyləyir. - O, mənim ilk övladımıydı. Anamla mən İlhama bir yerdə baxıb, böyütmüşük. Balaca vaxtından çox sakit uşaq idi, heç vaxt əziyyət verməzdi bizlərə. Kimsənin xətrinə dəyməz, incitməz, qəlbini qırmazdı. Sevincini, sevgisini üzə vura bilmirdi, həmişə öz içində, üzündəki məsum təbəssümündə yaşayırdı qardaşım. 

Sözünün sonunda qəlb titrədən ürək sözləri ilə İlhamı oxşayır:

- Gözəl qəlblim, mənim balacam. Ürəyimə elə bir köz atdın ki, o nə alışıb yanası, nə də sönəsi deyil, ömrümün sonuna kimi közərəcək...

İlhamla bağlı olan xatirələr, ürək göynədən ürək sözləri isə bitib-tükənmir. Bayaqdan bir kənarda dayanıb bizi dinləyən Şahmar:

- Qardaşım mənim başımın tacı, qürur mənbəyim idi, - deyir. - Məndən kiçik olmağına baxmayaraq, atamız vəfat etdikdən sonra mənə ata əvəzi oldu. O qədər gözəl, böyük ürəyə sahib idi ki, heç kimə yox deməzdi, əlindən gələni, gəlməyəni də etməyə çalışardı. Həmişə ailəmizin başına pərvanə tək dolanardı.

İlhamın uşaqlıq illərini ürəyində yaşadan, bu gün yalnız onunla təsəlli tapan kiçik bacısı Şahnazın dediyi sözlər qardaş-bacı münasibətinə ən gözəl nümunədir. 

- İlham mənim uşaqlığımdı, - deyir dərd içində yanan bacı. - Oyun yoldaşım, sirr yoldaşım, dərd ortağım, arxam-dayağım. Məndən 3 yaş böyük idi. İmkan verməzdi ki, ayağıma bir daş dəysin. Nə zaman ağlasam, xətrimə kimsə dəysə, əlindən gələni edib susdururdu tez məni. Heç dözə bilməzdi göz yaşlarıma. Hər zaman köməyim idi. 

Sinif yoldaşı, həm də dostu olan Rəfi Mansurovun dedikləri İlham Şəmşiyevin Vətənə canı dildən bağlı olmasından bir daha xəbər verir. Sən demə, hər zaman Şəhidlik haqda danışır, Vətənə olan sevgindən söz açır, heç vaxt unudulmaq istəmədiyindən danışırmış İlham. Sonunda bu istəyinə də çatıb.

İlham Şəmşiyev Vətən müharibəsindən sonra "Gizirlik" kursunu bitirərək Azərbaycan ordusunda "Gizir" rütbəsində Vətənimizin cəbhə bölgələrində vəzifə borcunu şərəflə yerinə yetirir. Düz 5 il qüsursuz xidmət göstərir. 2022-ci ilin sonlarında isə yeni yaradılan Komando birliklərində xidmət etmək üçün könüllü olaraq müraciət edir.

O, çox döyüşdə iştirak edib, çox qanlı-qadalı anlar görmüşdü. Həmişə də qalib çıxmışdı döyüşlərdən. Amma "sonuncu döyüş", "namərd gülləsi" deyilən bir ifadə də var. Döyüş yoldaşı, həm də komandiri olmuş baş leytenant Elməddin Cəfərov İlham Şəmşiyevin 19 sentyabr 2023-cü ildə keçirdiyi sonuncu döyüşdən və bir də...

- İlham Şəmşiyev cəsur bir insan, qorxmaz bir döyüşçü kimi qalacaq mənim xatirələrimdə, - deyir. Güvəndiyim, ölümə gedəcəyim yeganə oğul idi İlham. Elə bərabər də ölümə getdik. Sentyabrın 19-da tapşırığa yollandıq. Döyüşə girməzdən qabaq, üzümü qrupda olan yoldaşlarıma tutaraq dedim ki, mən şəhid olmaq istəyirəm, kim bu yolu seçmək istəyirsə, mənimlə gəlsin. Qrupdan ilk olaraq İlham dedi ki, komandir, gedək bir yerdə şəhid olaq. Sonra o biri döyüş yoldaşlarımız da bizə qatıldı. 

Hədəfimizə çatanda vuruşmağa başladıq. İlham döyüşə girəndə heç nəyi fikirləşmir, ancaq düşmənin üzərinə gedirdi. O, çox cəsur idi, sonuncu döyüşünü də ayaq üstdə, çəkinmədən, ölümdən qorxmadan apardı. Biz düşmən postuna çatıb ora girəndə yenə də İlham ayaq üstə, özü də düşmənin üzərinə qaçaraq getdi. Bu zaman birdən İlhama güllə dəydi. Onun yerə yıxıldığını görəndə "İlham, İlham" deyə qışqırdım. Bəlkə də qışqırtımı, harayımı İrəvanda eşidirdilər. Neçə dəfə çağırsam da, səs gəlmədi.

Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən gizir İlham Şəmşiyev "Xocavəndin azad olunmasına görə", Baş nazir Əli Əsədovun 5 noyabr 2022-ci il tarixli sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.

İlham Şakir oğlu Şəmşiyev dövlət başçısının imzaladığı 7 noyabr 2023-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə İlham Şəmşiyevin adı verilmişdir. 



Geri qayıt