Əsas Səhifə > Şəhidlər > Evin tək oğlu idi

Evin tək oğlu idi


6-03-2024, 09:09


Qəhrəman oğullarımız döyüş meydanında hər zaman “Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyərək bu amal uğrunda şirin canlarından keçdilər. Canlarını Vətənə fəda etməklə bir daha sübut etdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş baş çavuş Hüseynov Ramin Rövşən oğlu haqqında yer almış "Evin tək oğlu idi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Evin tək oğlu idi


Tək oğul. Bu, sadəcə söz deyil, böyük bir fikri, böyük bir məsuliyyəti, sonsuz arzu və istəkləri ifadə edən, bu fikir və gözləntiləri özündə birləşdirən bir ömürdür. Bu ömrün uzunluğu, qısalığı isə Tanrıdan, özündən və qismətdən asılıdır, onlarla bağlıdır gələcək həyatın davamı. Amma ömrün nə qədər çəkməsindən asılı olmayaraq hər bir insanın ömrünün mənası onu şərəflə, ləyaqətlə yaşamasına bağlıdır. 

Evin tək oğlu idi. Şəhidin dəfni günü bunu eşidəndə, açığı, Raminin anasının, nənəsinin qarşısına necə çıxacağımı, onlarla hansı ürəklə həmsöhbət olacağımı çox düşünüb-daşındım. Bu fikirlər içində şəhid Hüseynov Ramin Rövşən oğlunun vaxtilə yaşadığı Qazax şəhərindəki N.Nərimanov yaşayış massivində olan ikimərtəbəli binanın ikinci mərtəbəsinə qalxdım. Ana və nənəsinin yaşadıqları, yeganə övladlarını böyütdükləri evin hər künc-bucağında Raminin xatirələri var idi. Evə ayaq basanda bir istilik, doğmalıq, səmimi duyğular hiss etdim ilk andan. Elə bu səmimiyyət də söhbətimizə körpü oldu…

- Ramin bizim gözümüzün işığı idi, - söylədi nənəsi Alidə Əmiraslanova. - Hamının - qonum-qonşuların, qohum-əqrəbanın sevimlisi idi. Çox ağıllı, sakit, sözübütöv uşaq idi. 1 iyun 1987-ci ildə dünyaya gələn Raminin uşaqlığı da elə rəvan, rahat keçməmişdi. 11 yaşında ikən atasını itirdiyi üçün evin, ailənin ağırlığının bir hissəsi də onun uşaq çiyinlərinə düşmüşdü. Nənəsi bu barədə söz düşəndə dedi ki:

- Nənə-baba yanında böyüdü balam. Uşaq vaxtından əziyyətlərə qatlaşdı. Ailəyə kömək etmək üçün işə də girdi. Çox ağıllı, sözəbaxan, ailəcanlı idi. Nəvələrimin gözü idi Ramin. İşə girəndə tez-tez deyirdi ki, "Mənə çox əziyyət çəkibsən, ay nənə. Gəl bir az Gəncədə, yanımda qal, qulluğunda durum".

Ramin doğulandan 1 il sonra bacısı Şəfəq dünyaya gəlmişdi. Bir-birinə həm qardaş, həm də bacı idilər. 1994-cü ildə N.Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbinə bir yerdə getmişdilər, yaşlarında fərq olsa da. Yaxşı da oxuyurdular. Amma atasını itirəndən sonra Ramin dərslərindən bir qədər soyudu, evə, anasına kömək etməyə başladı. O, 2005-ci ildə təhsilini bitirib, bir il sonra həqiqi hərbi xidmətə yollandı. Borcunu yerinə yetirib 2008-ci ildə evlərinə qayıdandan sonra Ramin hərbi sahəni seçdi, həyatını həmişəlik bu peşəyə bağladı. 2012-ci ildən Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), baş çavuş oldu. O, xidmət etdiyi Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində (XVTD) özünü doğrultmuş, əsgər və zabitlərin hörmətini qazanmışdı. 

O, evin kişisi, ailənin sahibi olmuşdu gənc yaşlarından. Gözlər ona dikilmiş, ümidlər Raminin böyüməsinə, həyatda özünə necə mövqe tutmasına bağlanmışdı.

Ramin Hüseynov müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə asayişin qorunmasında daima fərqlənirdi. Gəncə şəhərində xidmət etməsinə baxmayaraq, tez-tez Qarabağ bölgəsinə gedir, qarşısına qoyulan vəzifəni şərəflə yerinə yetirir, öhdəsinə düşən tapşırığı sevə-sevə həyata keçirirdi. Ona görə də çox keçmədi ki, Daxili İşlər Nazirliyi tərəfindən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olundu.

Anası Gülbəniz xanımın acısı daha böyük, kədəri daha ağırdır. Gözünün yeganə işığı olan bir oğlunu itirmək onu çox ağrıdır. Dərddən səsi tutulmuş ananı heç cürə ovundurmaq olmur. Ona görə də sakit tərzdə danışa, göz yaşlarını saxlaya bilmir.

- Elə yanıb-yaxılıram ki, - deyir. - Bir dəfə də olsun belə, sözümdən çıxmadı, bir dəfə də olsun belə, məni incitmədi. Nə dedimsə, dərhal əməl elədi. Mənə hər şeyi unutdurmuşdu, dərd-qəm nə idi bilmirdim. İndi mən kimə söykənəcəm? Dayağım uçdu, - söyləyir Gülbəniz xanım. - Sonuncu dəfə mənə dedi ki, ana, müharibədən sağ-salamat qayıdım, sizi türbəyə, ziyarətə aparacağam.

Bir kənarda dayanıb bizə qulaq asan bacısı Şəfəq xanım sanki dərd heykəlinə dönüb. Ürəyi dolu olsa da, dinib-danışmır, məsum-məsum gah anasına, gah da nənəsinə baxır. Sanki baxışları ilə:

- Başımın tacı idi Ramin, deyir. - Həyatda onunla nəfəs alırdım. Onsuz yaşamaq çox çətin olacaq. Raminin yerini heç kim verə bilməz, bu boşluğu heç nə ilə doldurmaq olmaz. Atasızlığımı tamam unutmuşdum, yenə də yetim qaldım.

Raminin həyat yoldaşı Bahar xanımın da ürəyi doludur. Çiçəyi açılmamış solan, ailə həyatı yarıda qırılan gənc ana Raminsiz dünyaya alışa bilmir. İnanmır ömür-gün yoldaşını itirməyinə. Elə bilir ki, nə vaxtsa, bəlkə də elə indi qayıdıb ailəsinin yanına gələcək, hələ körpə olan üç balasını qucağına alıb oxşayacaq, çəkdikləri dərd-qəmi unutduracaq onlara. Amma...

- Hər dəfə Qazaxa gələndə bütün qohum-əqrəba ilə görüşər, hal-əhval tutar, bir yerə yığardı hamını, - söyləyir dərdli-dərdli. - Çox ailəcanlı idi, pərvanə kimi uşaqlarının başına dolanırdı. Hər zəng edəndə elə ilk sözündə uşaqları soruşurdu, balaları ilə maraqlanırdı. İndən sonra onsuz necə olacaq? Bilmirəm...

Sonra Raminlə sonuncu dəfə olan telefon danışığını xatırlayaraq deyir:

- Axırıncı dəfə zəng edəndə özümdən asılı olmadan ağladım. Ramin mənə dedi ki, "Ağlama, anam görməsin". Başqa heç nə söyləmədi. Gecə saat 1-də mesaj yazdı ki, "Telefonumun enerjisi azalıb, zəng çatmasa narahat olma". Qarabağa getdiyini bildirmədi mənə. Sən demə, döyüşə gedirmiş, özü elə deyib ki, qorxmayım. 

Gülbəniz xanım da Raminlə sonuncu dəfə telefonla danışmağından söz açır:

- Sentyabrın 18-də zəng eləmişdi. Nədənsə səsini eşidən kimi ağlamağa başladım. Dedi ki, niyə ağlayırsan, ana! Mən Vətənin əsgəriyəm. 

Anasının ağlamasına rəğmən söyləmişdi bu kəlmələri Ramin, onun üçün narahat olan, saçlarına yenicə dən düşməyə başlayan anasına. Bu müqəddəs sözlə anasını ovutmağa çalışmışdı. Səngərdə döyüşən igid bununla Vətənin nə qədər uca və keçilməz olduğunu bir daha anlatmışdı hamıya.

Bəli, Ramin Hüseynov Vətənin əsgəri idi. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Vətən yolunda əsgər kimi də şəhid oldu. 

Gülbəniz xanımın dediyi sonuncu sözlər isə adamı yandırıb-yaxır.

- Taleyin işinə bir bax, Ramin də 36 yaşında rəhmətə getdi, atası da.

Prezident İlham Əliyevin imzaladığı 7 noyabr 2023-cü il tarixli sərəncam ilə baş çavuş Ramin Rövşən oğlu Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Ramin Hüseynovun adı verilmişdir.



Geri qayıt