Əsas Səhifə > Şəhidlər > Oğul var eldən gedər

Oğul var eldən gedər


4-03-2024, 09:07


Qəhrəman oğullarımız hər zaman “Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyərək döyüş meydanında şirin canlarından keçdilər. Canlarını Vətənə fəda edərək bir daha sübut etdilər ki, torpağın hər qarışı bizim üçün doğmadır. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş baş gizir Məmmədov Azər Mustafa oğlu haqqında yer almış "Oğul var eldən gedər" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Oğul var eldən gedər


Bəli, "Oğul var evdən gedər, oğul var eldən gedər" məsəlini çox yerində deyib babalarımız. Eldən gedən oğullar el qədrini öz həyatlarından əziz tutur, bu müqəddəs yolda şirin canlarından belə keçərək adlarında elin, xalqın adını yaşadırlar. Ölüm bu qəhrəman oğulların qarşısında aciz qalır, onların həyatlarını sona yetirə bilmir. Bu igidlərin ömürləri ölümlərindən sonra başlayır, xalqın ürəyinə köçüb sevilərək yaşayırlar. Bu yerdə böyük alman şairi və mütəfəkkiri İohann Hötenin bir hikmətli sözü lap yerinə düşür. O yazırdı ki, "Böyük insanlar dağa bənzəyir, yaxınlaşdıqca, əzəmət və qüdrəti daha aydın görünür".

Mən Qazax rayonunun Kəmərli kəndindən olan şəhid baş gizir Məmmədov Azər Mustafa oğlu haqqındakı bu yazını yazmağa başlayan zaman bu fikirlər, bu məlhəm duyğular gəlib keçdi ürəyimdən. 4 mart 1993-cü ildə anadan olmuş Azərin yaşadığı şərəfli, gələcək nəsillərə örnək olası həyat yolunu vərəqlədikcə gözlərimin önündə bir qəhrəman obrazı gəlib dayandı. 

Atası Mustafa kişi bir-bir Azərdən yadigar qalan şəkillərə baxıb oğlu haqqında danışmağa başlayır. Deyir ki:

- Üç oğul böyütmüşəm. Azər uşaqların ortancılı idi. Ciddiliyi ilə yanaşı, həm də zarafatcıl idi. Yanında olanda adamı darıxmağa qoymazdı. 1999-2010-cu illərdə Xanbağı kənd tam orta məktəbində təhsil aldı. Uşaqlıqdan idmanı çox sevirdi. Dərsdən sonra həmişə kənddə sərbəst güləşlə məşğul olur, formada olmağa çalışırdı. 

Mustafa kişi Azərdən danışanda "Böyüyüb özümə oxşadı", - deyir. Danışır ki:

- Mən özüm Qarabağ müharibəsi veteranıyam. Birinci Qarabağ savaşı başlayanda Rusiyada idim, Tambov şəhərində yaşayırdım. Həyatımın yaxşı keçməsinə baxmayaraq, orada dayana bilmədim, Vətənin harayına yetişdim. Kəndimizə, Kəmərliyə gəlib torpaqlarımızın keşiyində dayandım. Oğlum da özümə çəkdi, torpaqlarımızın işğal altında olmasına dözə bilmədi, silaha sarılıb döyüşə getdi.

"Necə oldu ki, Azər hərbçi olmağı qarşısına məqsəd qoydu", - deyə Mustafa kişidən soruşuram. Suala sualla cavab verir.

- Heç bildikmi ki, necə oldu? - deyir. - Ağlımıza da gəlməzdi ki, Azər hərbçi olacaq. Amma görünür Vətən amallı insanlar anadan belə doğulurlar, Azər kimi. Sən demə, bizdən xəbərsiz sənədlərini düzəldib hərbiyə veribmiş. İmtahanlardan keçib qəbul olandan sonra bizə dedi. Artıq gec idi. Seçimi özü eləmişdi. Razılaşdıq.

...Azər 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olarkən hərbçi olmaq qərarına gəlmişdi. Çox düşünüb-daşınandan sonra fikrini qətiləşdirdi. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başladı. 4 ay kursda oxuyub imtahan verib yoxlamalardan müvəffəqiyyətlə keçdiyi üçün ona "gizir" rütbəsi verildi. Əvvəlcə kiçik gizir, sonra gizir və ən sonda isə baş gizir rütbələrini alaraq orduda şərəflə xidmət etdi. 

Bunlar Azər Məmmədovun keçdiyi şərəfli ömür yolunun yalnız bir hissəsi, görünən tərəfləridir. Onun əsl xidmət yolu isə 44 günlük Vətən müharibəsindən başlayır, qanlı-qadalı döyüşlərdən. Bu savaşda öz adına, el-obasına, xalqına qürur dolu anlar yaşadır. Zəngilanda gedən qanlı döyüşlərdə əsl igidlik göstərib düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgəri kimi odun-alovun içindən keçərək qələbənin əldə olunmasına öz töhfəsini verir. İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunur. Sonra xidmətini Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində baş gizir kimi davam etdirir.

Vətən müharibəsindən sonra bir qədər sakit həyat başladı. 

...Artıq ailə qurmaq zamanı gəlib çatmışdı. 2022-ci il iyulun 30-da Azərin kənddə toyu oldu, Aytən xanımla ailə həyatı qurdu. Ona uzun ömür, səadət dolu günlər arzuladılar toyda iştirak edib ürək sözlərini bildirənlər. Sən demə... Sən demə, onun ailə səadəti çox qısa çəkəcəkmiş. 

Azər Bakıda yaşayırdı. Tez-tez Qarabağa gedir, rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirirdi. 5 gün idi ki, Qarabağdan şəhərə qayıtmışdı. Qəfil əmr gəldi ki, yenidən təcili olaraq Qarabağa getməlisən. Həmin vaxt atası ilə danışıb. Deyib ki, "o tərəfə gedirəm". Azər həmişə Qarabağa üstüörtülü olsun deyə "o tərəf" deyirdi. Evdən biliblər ki, Azər Qarabağa gedir. 

2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə. Azər Məmmədovun ömrünün son akkordu həmin günü vuruldu. Məhz həmin gün Ermənistan silahlı qüvvələri sərhəddə yenidən genişmiqyaslı təxribatlar törətməyə başlamışdı. Düşmən öz məkrli niyyətlərindən əl çəkmir, atıcı silahlardan torpaqlarımızı atəşə tuturdu. 

Azər Məmmədov yenə də ön cəbhədə dayanmışdı. Qisas atəşi ilə alışıb-yanır, silahı ilə düşmənə qan uddururdu. Zəngilandakı "Bartaz" yüksəkliyini almaq uğrunda qanlı döyüş gedirdi. Qoşunlarımız düşmən səngərinə doğru irəliləyirdilər. Qələbə anına az qalmışdı, lap az. Elə bu an Azər ürəyindən güllə ilə vurulur, Vətən uğrunda canından keçərək şəhid olur. Döyüş yoldaşları onun qisasını alıb səngərdəki düşmənlərin hamısını məhv edir, yüksəkliyi ələ keçirirlər. 

Göy ağladı, yer ağladı, ah-nalə göyün yeddi qatına ucaldı. Gedərkən üzündə bir dünya sevinclə getdin, qayıdanda Vətən bayrağına bələndin gəldin, Azər. Gedərkən "gözünüz yolda qalmasın" dedin, gələrkən o gözlərə dərd kimi qayıtdın. Yollardan yığılmayan gözlərə əbədi həsrət qismət oldu. Bir ananın gözlərində həyat dondu, bir atanın dizlərindən taqət itdi, bir gəlinin dilində ağıya çevrildin, Azər. 

İgid kimi gəlmişdi bu dünyaya

Belə oğul çətin bir də doğular.

Eli üçün yaranmışdı həyatda,

Eldən getdi Azər kimi oğullar...

İndi Azəri bu dünyada yaşadan bir can parçası da var. 2023-cü ilin 23 mayında oğlu dünyaya gəlib qəhrəman şəhidimizin. Adını Azərlə Aytənin adlarına uyğun olaraq Azay qoyub anası. Adı ilə yaşasın...

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Prezident İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamına əsasən Məmmədov Azər  Mustafa oğlu "Zəngilanın azad olunmasına görə", habelə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Ölümündən sonra isə dövlət başçısının 5.11.2022-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Azər Məmmədovun adı verilmişdir.



Geri qayıt