Əsas Səhifə > Şəhidlər > Şair kimi doğuldu, qəhrəman tək şəhid oldu
Şair kimi doğuldu, qəhrəman tək şəhid oldu1-03-2024, 08:54 |
“Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüş meydanına atılan, bu yolda şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazan igid qəhrəmanlarımız minlərlədir. Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı zirvəyə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş leytenant Nağıyev Murad Mayıl oğlu haqqında yer almış "Şair kimi doğuldu, qəhrəman tək şəhid oldu" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Şair kimi doğuldu, qəhrəman tək şəhid oldu Şair, tank komandiri, şəhid. Bilmirəm necə təqdim edim səni oxucuya, ey xalqımın şair oğlu, qəhrəman balası! Şairliyin komandirliyindən, komandirliyin şairliyindən ucadı, böyükdür, alidir. Sonunda isə biri digərini tamamlayır, adını tarixin silinməz yaddaşına qızılı hərflərlə həkk edir. Amma sən şairliyindən, komandirliyindən, qəhrəmanlığından da daha uca olan bir zirvəyə ucalmısan - Şəhidlik zirvəsinə. Bu zirvədə bu gün məğrur baxışlarla sən dayanmısan və bu ucalıqda sənli xatirələr yaşayır, göstərdiyin qəhrəmanlıqlar, od-alov içində yazdığın şeirlər və ən sonda Murad Nağıyev adı durur. Keçdiyin cəmi 23 illik, qısa, lakin uzun bir ömrə bərabər nümunəvi və mənalı ömür yolun o qədər zəngin, o qədər şərəfli, o qədər qürurludur ki, söhbətə haradan körpü salacağımı belə bilmirəm. Amma bu yerdə anan Xavər Məhəmmədinin xatirələri "qolumdan tutur". Söhbətə 1997-ci ilin 9 fevralından başlayır. - Muradım dünyaya gələndə soyuq bir qış günü idi, - deyir övlad dərdi ürəyini köz kimi yandıran ana. Onun gəlişi evimizə istilik, sevinc gətirmişdi. O, mənim sonbeşiyim idi. Böyüyüb ailəmizin ən sevimlisi oldu Murad. O, şair kimi doğulmuşdu. Dünyaya göz açdığı Qazax torpağı Azərbaycana Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Fərrux ağa Qayıbov kimi misilsiz hərbçilər, həm də M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun kimi böyük söz ustadları bəxş etmişdi cahana. Murad Nağıyev də öz əcdadlarına çəkərək həm şair, həm də hərbçi kimi tarixin yaddaşında onlarla bir sırada cərgələndi. Murad hər şeydən əvvəl şair idi təpədən-dırnağa qədər, vəsf edən əli idi, dili idi bu vəfasız dünyanın. Elə ona görə də keçdiyi ömür yolunu qələmə almışdı şeirlərində. Qələmə almışdı ki, bu ürək çırpıntıları özündən sonra yaşayıb gərək olsun insanlara, onu xoş xatirələrlə yada salıb xatırlasınlar. Onun ciddi, nizam-intizamlı həyatından fərqli olaraq şeirləri Muradın köksündə kövrək, incə duyğulu, pünhan arzularla çırpınan bir şair ürəyinin döyünməsindən xəbər verir. O, bir əlində qılınc tutmuşdu, bir əlində isə qələm. Muradın nə üçün hərbçi sənətini seçməsi sualına anası Xavər xanım aydınlıq gətirdi. Dedi: - Bir gün balamla Qazaxdan gəlirdik. O vaxt Muradın 10 yaşı var idi. Avtovağzalda hərbi formada bir kursant gördük. Dedim ki, Murad, gör necə gözəl yaraşır. Baxıb dedi ki, istəyirsən mən də elə olum. Bununla da ana-bala arasında hərbçi barədə olan ötəri söhbət bitdi. "Amma təsadüfdən zərurət doğur" deyib aqillər. Bu barədə bir də Murad 14 yaşında olanda söz düşdü. Amma bu dəfə ötəri deyil, söhbət ciddi oldu, özü də çox ciddi. Anasının dediyi kimi, kursant forması geyindi əyninə. Bu bərədə Murad özü şeirlərinin birində yazır: 14 yaşında geyindik uniformanı cılız bədənimizə, gəncliyimizi sərf etdik Vətən uğrunda. Murad evdən çıxanda hələ uşaq idi, bığ yeri təzəcə tərləməyə başlamışdı. Onun yaşıdları o yaşda məktəbə valideynləri ilə gedib-gəlirdilər. O, isə qayğısız ata evini, isti ana qucağını Bakıda qoyub Türkiyəyə oxumağa yollanmışdı. Xavər xanım Muraddan çox erkən ayrıldığından, ana kimi oğlunun qulluğunda ürəyi istədiyi kimi dura bilməməsindən çox heyifsilənir və elə heyifsiləndiyi üçün yana-yana söz açır. Muradı həsrətlə gözləməsindən, tətilə gələndə oğluna necə qulluq etməsindən danışır. - Mənə hədsiz dərəcədə bağlı idi. Evdə olanda Murad mənə deyirdi ki, "Ana, 10 dəqiqə də olsa, qoy bir az səninlə yatım". Məncə, o vaxtlar hiss edirmiş ki, bir gün onsuz qalacağam. Muradın xarakteri lap uşaq yaşlarından formalaşmışdı. Heç zaman sıradan birisi olmaq istəmirdi. Bu, onun böyük potensiala malik olmasından, mübarizə əzmindən və əyilməz xarakterindən irəli gəlirdi. Xavər xanım da onun belə bir yüksək xarakterə malik olduğunu dedi: - Murad uşaqlığından həmişə birinciliyə can atırdı. Həmişə istəyirdi ki, ən öndə gedənlərdən olsun. Harada olursa-olsun, adı siyahının ən yuxarısında olmalı idi. Elə müharibədə də ən irəlidə getdi. Anası ilə söhbətlərində deyərmiş ki, "mən şəhid olacağam". Cavabında Xavər xanım söyləyərmiş ki, "general olacaqsan". Murad isə "yox, ana, generaldan üstün Şəhidlikdir" deyərmiş. Sonunda dediyi kimi də oldu. Öyrənirəm ki, Xavər xanım səsini eşidən kimi ağladığı üçün Muradla telefonla danışa bilmirmiş. Bu səbəbdən də Murad deyəcəyi ürək sözlərini mesajla yazırmış başının tacına. O, ön cəbhədə olduğunu da anasından gizlədirmiş, narahat olmasın, göz yaşı axıtmasın deyə. Şəhid olmamışdan 3 gün əvvəl bilib anası balasının ön cəbhədə döyüşdüyünü. - Mən elə bilirdim ki, Murad hələ də 8-ci sinifdə oxuyur. O, mənim yaddaşımda evdən çıxdığı kimi qalmışdı. Sən demə, oğlum cəbhədə olduğu 15 gündə daha da böyüyübmüş, mən bilməmişəm. Sən demə, oğlum böyük, qəhrəman bir övlad imiş. Xavər xanımın söylədiyi son sözlər isə övlad, ana, Vətən sevgisinə ən gözəl nümunədir. - Murad Vətəninə, anasına çox bağlı idi. Amma yox. Deməli, Murad ən çox Vətəni sevirmiş, ona daha çox bağlı imiş ki, sonda anasını deyil, Vətəni seçdi. Murad Mayıl oğlu Nağıyevin keçdiyi ömür yolu gənclərə ən ibrətamiz, ən nümunəvi bir həyat yoludur. Cəmi 23 il ömür sürmüş bu gəncin tərcümeyi-halı olduqca zəngin, uzun bir ömrə sığmayacaq qədər geniş və əhatəlidir. Murad anadan olandan bir neçə ay sonra ailə Qazaxdan Bakıya köçür və bu səbəbdən də o, Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 271 nömrəli məktəbdə oxuyur. 8-ci sinifi bitirdikdən sonra 2011-ci ildə C.Naxçıvanski adına Hərbi Liseydə oxumaq istəyir. Lakin Murad qəbul imtahanlarında yüksək nəticə göstərdiyinə görə İstanbulda yerləşən nüfuzlu Kuleli Askeri Lisesinə (Kuleli Hərbi Liseyinə) seçilir. O, burada müxtəlif silahlarla tanış olur, NATO-nun ən böyük ikinci ordusunda nümunəvi zabit kimi formalaşır. Murad hərbi təhsilini artırmaq üçün 2015-ci ildə Ankarada yerləşən digər bir nüfuzlu ali hərbi təhsil müəssisəsi olan Kara Harp Okuluna (Quru Qoşunları Məktəbi) daxil olur. O, 2016-cı ildə azərbaycanlı kursant yoldaşları ilə birlikdə Vətənə geri qayıdır və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirir. Onun arzuları bununla bitmir. Murad Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisası kursunu bitirir. Təhsilini başa vurub leytenant hərbi rütbəsini alan günü Muradın sevincinin hədd-hüdudu yox idi. Çiyinlərindəki paqonların hər birində iki ulduz parlayırdı. Murad 9 illik təhsil yolundan keçib gəlmişdi bu dayanacağa. Buradan isə hərbi xidmət adlı qatara minib daha uzaq səfərə çıxacaqdı. Qarşıda onu uzun bir ömür yolu gözləyirdi. ...Xidmətə başladığı hərbi hissə Bakıda yerləşdiyi üçün ailəsi ilə sıx əlaqə saxlaya bilirdi. Yenicə bir qədər rahatlanmış, həyat öz axarına düşmüşdü. Anası, qardaşları Orxan və Sərxanla şad-xürrəm yaşayırdılar. Murad hətta, könül də vermişdi Banu adlı gözəl bir qıza. Əhd-peyman bağlamışdılar, ürəklərində bir-birindən gözəl arzular tutmuşdular. Amma çox keçmədi ki, yaşadıqları sakit həyat birdən-birə kökündən dəyişdi, gülüş göz yaşlarına, yollar gedər-gəlməzə döndü. Murad xidmətə başladığı gündən 3 aydan bir qədər çox vaxt keçəndən sonra Qarabağa, cəbhəyə yola düşdü. Arxasınca neçə ümidli göz, neçə nigaran ürək qoyub getdi. Getdi... Böyük qardaşı Orxan Nağıyevin ürəyi dolu olduğu üçün bilmirdi ki, söhbətə haradan başlasın. - Murad ailə üzvlərindən heç kimin narahat olmasını istəmirdi, - deyə danışır. - Anam kimi mənə də həqiqəti demir, biz narahat olmayaq deyə ön cəbhədə olduğunu belə bizdən gizlədirdi. Orxan danışır ki, müharibə başlayandan bir neçə gün sonra yoldaşları ilə birgə cəbhəyə yardım etmək üçün vəsait toplayırlar. Məqsədim yardımı ön cəbhədə olan hərbçilərimizə çatdırmaq, həm də bu yolla Muradla görüşmək idi. Orxan bu arzu ilə yola çıxır. Hətta, qardaşının yerini öyrənir də. - Muradın yanına çatmağıma təxminən 15 dəqiqəlik bir yol qalmışdı, - deyə Orxan danışır. - Birdən Muraddan zəng gəldi. Dedi ki: "Qardaşım, biz qabağa gedirik, gəlmə, görüşə bilməyəcəyik". Elə bil həmin an qol-qanadım sındı. Orxan danışan zaman bir də onu dedi ki: - Murad çalışırdı ki, hər gününü sanki son günüymüş kimi yaşasın. Həyəcanlı, səbirsiz idi. Elə bil harasa tələsirdi. Sən demə, tələsirmiş, biz bilməmişik... Bir də hər dəfə telefonla danışanda "sağ-salamat qayıtsam" deyirdi və bu sözü tez-tez işlədirdi. Onun cəbhədən qayıtmayacağına bu da işartı idi. Ortancıl qardaşı Sərxan isə sözləri ilə sanki rəssam kimi Muradın portretini çəkir. - Muradın hündür boyu, geniş çiyinləri, qüvvətli qolları var idi, - deyir. - Əllərinin codluğu keçdiyi təlimlərin izlərini daşıyırdı, barmaqlarının incəliyi, yanağının qırmızılığı, üzünün bəyazlığı və alnının açıqlığı isə heç vaxt itirmədiyi uşaq saflığından xəbər verirdi. Orxan qardaşını bir gənc kimi belə xarakterizə edir: - O, həyata fərqli pəncərədən baxardı. Həyatın hər anını dolu-dolu yaşayardı. Bir gününü boş keçirməz, həmişə nə iləsə məşğul olardı. Arzularını, planlarını yerinə yetirənə qədər dincəlməzdi. Cəbhədə də bu xüsusiyyətindən əl çəkmədi. Qarabağı azad etmək üçün çıxdığı yoldan Qarabağı azad etməmiş geri dönmədi. Murad bir sevgi hekayəsi yaşamışdı. Gərgin döyüşlər keçirməsinə, dəfələrlə ölümlə üz-üzə gəlməsinə baxmayaraq, yaşadığı sevgidən ruhlanaraq sevgilisinə bir-birindən gözəl, mənalı şeirlər yazıb göndərmiş cəbhədən, barıt qoxulu bir sevgi yaşamışdı bu qısa ömründə. Bu sevgi Murada daha da qol-qanad vermiş, mübarizə əzmini artırmış, sarsıdıcı zərbələr endirmişdi düşmənə. Məhəbbətlə nifrət duyğularını yaşatmışdı gənc ürəyində. Sonu ayrılıq oldu. ...Hərbçi yoldaşlarının, komandirlərin Muradla bağlı xatirələrini oxuyanda onu daha da dərindən tanıyır, fəxr etməməyə bilmirsən. Tabor komandiri polkovnik-leytenant Ramin Kərimovun sözləri adamı qürurlandırır: - Muradın bizim tabora gəldiyi 3 ay deyildi. Amma biz elə bilirdik ki, Murad 3 ildir bizimlə bərabər xidmət edir. Öz qanacağı, qabiliyyəti və mehribançılığı ilə hamının hörmətini qazanmışdı. Verilən tapşırıqları uğurla yerinə yetirir, bilik və bacarıqlarına görə başqalarından geri qalmırdı. Bir dəfə isə Murad komandirinin əmrinə tabe olmayıb, hətta, onun üstünə qışqırıb da. Buna səbəb isə Muradın ehtiyatda qalmaq istəməməsi, döyüşdə iştirak etmək arzusunda olması olub. Deyib ki: - Ay komandir, mən ehtiyatda qalmayım, mən döyüşə getmək istəyirəm. Sən mənə imkan verəcəksən mən döyüşə gedim?! Mən döyüşüb qardaşlarımın qisasını alacağam. Döyüş yoldaşlarından baş leytenant Namiq Səfərov, gizir Elsevər Hümmətli, əsgər Azər Abdullazadə Muradın göstərdiyi qəhrəmanlıqlardan, hərbi əməliyyatlar zamanı etdiyi igidliklərdən danışdıqca danışır, onunla bağlı xatirələr bitib-tükənmir. Onları dinlədikcə bütün bu qəhrəmanlıqları Muradın döyüşdə olduğu cəmi 15 gündə etdiyinə inana bilmirsən. İnana bilmirsən ki. 23 yaşlı gənc zabit bu qədər qısa zaman kəsiyində belə igidliklər göstərə, zabit və əsgərlərin dillərinin əzbərinə çevrilə bilər. İnana bilmirsən... Amma bu, bir həqiqətdir. Murad döyüşlərə gedən zaman komandirlərinin əmrlərinə və rütbəcə yüksək yoldaşlarının israrlarına baxmayaraq: "Mən zabitəm, öz tankımda özüm gedəcəyəm. Həm də siz ailəlisiniz, uşaqlarınız var, mən isə subayam" deyərək ön sıralarda döyüşə atılırdı. Sonuncu döyüş. 2020-ci ilin 11 oktyabr günü. Cəbrayıl istiqamətində gedən döyüşlər ağır idi. Həmin gün də Murad israr etdi ki, "bizim tank kolonda birinci gedəcək". O, yenə də inadkarlıq edərək birinci sırada gedirdi. Bu zaman düşmənin atdığı uzaqdan idarə olunan raket Muradın tankına dəydi və son... Şair kimi doğulan Murad Nağıyev qəhrəman zabit kimi döyüş meydanında şəhid oldu. Murad Nağıyev Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Eyni zamanda, Murad Nağıyev ölkə başçısının 5 noyabr 2022-ci il tarixli sərəncamına əsasən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Murad Nağıyevin adı doğulduğu Qazax rayonunda, həmçinin, böyüyüb boya-başa çatdığı Bakıxanov qəsəbəsindəki mərkəzi küçələrə verilmişdir. Onun həyat və fəaliyyətindən bəhs edən "Murad" kitabı işıq üzü görmüş, "Qayıtsaydım" filmi çəkilmişdir. Geri qayıt |