Əsas Səhifə > Şəhidlər > Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu

Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu


25-02-2024, 10:00


Vətəni canından əziz bilən oğullarımız elə bu yolda "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüş meydanına atıldılar. İgid qəhrəmanlarımız şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdılar. Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı zirvəyə ucaltdı. Xalqımıza şanlı zəfər yaşadan oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Birinci Şıxlı kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına təqdim ediblər.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Nəsibov Nicat Səməd oğlu haqqında yer almış "Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu


Ailənin son beşiyi idi Nicat. 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində, ziyalı ailəsində dünyaya gəlmişdi. Hələ dünya onun üçün nağıl idi. Amma bu nağıllı dünyada "müharibə", "Qarabağ" sözləri onun qəlbinə toxunur, uşaq dünyasına bir qəzəb toxumu səpirdi. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbinə gedəndə əzbərləyib söylədiyi ilk şeirlər Vətən, Torpaq, Ana haqqında idi. Bu da hələ uşaq olmasına baxmayaraq, körpə vətənpərvərliyindən, uşaq təəssüfkeşliyindən irəli gəlirdi. Bu qətiyyət, bu iradə və mətinlik sonradan Nəsibov Nicat Səməd oğlunun həyatında mühüm rol oynayacaq, adını əbədiləşdirəcəkdi. 

Orta məktəbdə Nicatın sinif müəllimi olmuş Rəna İbrahimovanın yazdığı sözlər sevimli şagirdinin xarakterini daha aydın şəkildə göstərir. "Şəhidlər bizim nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də vüqarımız, fəxrimiz, ölməzliyimiz, qürurumuz, örnəyimizdir. Bu gün mən şəhid Nəsibov Nicatdan danışacağam. O, lap uşaqlıqdan vətənpərvər böyüyürdü. Hələ altı yaşında Vətənə aid nə qədər şeirlər bilir, mahnılar oxuyurdu. Görünür, məktəbə ilk qədəmlərini basan uşaq müəllim, ana haqqında şeir söyləyər, amma Nicat Vətən haqqında saysız şeirlər bilirdi. Keçirilən tədbirlərin səpkisini dəyişib Vətən ruhlu tədbirin keçirilməsini xahiş edər, özü isə həmişə əsgər rolunda çıxış edərdi. Əlifba bayramı tədbirində müəllim ailəsində böyüdüyü üçün ondan müəllim haqqında şeir və ya məqalə söyləməsini istəmişdim. Razılaşdı, amma çıxışına Vətəni tərənnüm edən məqalə və şeirlə başladı, sonda isə müəllim şeiri ilə bitirdi. Hətta, tədbirdə əsgər paltarı geyinmişdi. Böyüdükcə Nicatın Vətəni nə qədər sevdiyini, Vətən ruhunda yetişdiyini görürdüm. Nicat çox sevirdi Vətənini, canını fəda edəcək qədər. Etdi də... Kiçik ürəyi ilə böyük bir tarix yazıb dillərə dastan oldu".

Nicat bəlkə də hərb sahəsini seçib tanınmış bir hərbçi olacaqdı. Çünki gənc qəlbindəki duyğular onun həyatını bu sahəyə istiqamətləndirirdi. Bəlkə də olacaqdı, əgər böyük qardaşı hərbçi olmasaydı. Onu da qeyd edim ki, gizir olan qardaşı Zabit Nəsibov da Vətən müharibəsində iştirak etmişdir.

Nicat Nəsibov 2014-cü ildə orta məktəbi bitirib Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2017-ci ilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra kollecdə təhsilini davam etdirmiş, 2019-cu ildə elektrik təchizatı ixtisası alaraq kolleci bitirmişdir. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən Nicat Nəsibov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.

Döyüşə girməmişdən əvvəl hərbi təlimlərdə iştirak etmiş, silah-sursatdan istifadə etmək qaydaları haqqında olan biliyini daha da zənginləşdirmiş, təcrübəsini artırmışdır. Sonra isə döyüşə yollanmış, düşmənə qarşı vuruşmağa başlamışdır. Nicat çox ürəklə, böyük cəsarətlə döyüşə atılmışdı. Uşaqlıqdan qəlbində yuva qurmuş Vətən eşqi, torpaq sevgisi ona böyük cəsarət verir, qəhrəmanlığa səsləyirdi. Ona görə də döyüş meydanında düşmənə aman vermir, qan uddururdu. Gənc vətənpərvər döyüşçünün necə mərdliklə vuruşmasını onun aldığı medallardan da aydın görmək olur.

Nicat Nəsibovun Lələtəpədən başlayan döyüş yolu qanlı vuruşmalardan keçmişdir. Füzuli, Zəngilan, Qubadlı və ən nəhayət, Laçın... Laçın onun döyüş salnaməsinin sonuncu ünvanı, həyat yolunun axırıncı dayanacağı oldu.

Atası Səməd müəllim deyir:

- Oktyabrın 27-də, şəhid olan günü, səhər tezdən Nicat zəng eləmişdi. Mənimlə, anası Həmidə ilə də danışdı. Səsi çox gur gəlirdi. Tezliklə düşmənin tamamilə məhv ediləcəyini, evə dönəcəyini deyirdi. Çox təəssüf ki, o günü görmək Nicata qismət olmadı. Telefon danışığından bir neçə saat sonra snayper gülləsinə tuş gəlib şəhid oldu...

Nicat Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir. 



Geri qayıt