Əsas Səhifə > Şəhidlər > "Qıymazdı ki, mən ağlayım"
"Qıymazdı ki, mən ağlayım"18-02-2024, 10:20 |
"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan igid oğullarımız torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün tam olması üçün şirin canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Qanları ilə şanlı tarix yazan oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Hüseynov İlqar Yaşar oğlu haqqında yer almış "Qıymazdı ki, mən ağlayım" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... "Qıymazdı ki, mən ağlayım" Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz böyük qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərən bir qələbə oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixində şanlı zəfərə imza atdılar, yeni bir salnamə yazdılar. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovmağa müvəffəq oldular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımızın erməni işğalı altında olan torpaqları azad edildi. Həmin müqəddəs torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də əsgər Hüseynov İlqar Yaşar oğludur. ...Anasına çox bağlı idi İlqar. Fikrindən keçənləri ona danışar, ürəyindəki arzular haqqında yorulmadan anası ilə söhbət edərdi. Heç nəyi ondan gizlətməzdi, hətta, hansı qızı sevdiyini belə. İlqarın anası Nurcahan Ağasultanova oğlu haqqında danışaraq kövrəlir: - İlqar evimizin dirəyi idi. Bütün işləri o, görürdü. Çalışmaqdan yorulmazdı", - deyir. Bir qədər söhbət etdikdən sonra onunla İlqarın ömür dəftərini vərəqləyirik. İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birinci sinifinə getmiş, 2016-cı ildə həmin məktəbin doqquzuncu sinifini bitirmişdir. İlqar Hüseynov təhsilini artırmaq üçün test imtahanlarında iştirak etmiş və Qazax Dövlət Sosial-İqtisadi Kollecin "Elektrik təchizatı" fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə öz nizam-intizamı, qabaqcıl olması ilə yoldaşlarından fərqlənən İlqar Hüseynov 2020-ci ildə kollecdə təhsilini başa vurmuşdur. Təhsil aldığı Qazax Dövlət Sosial-İqtisadi Kollecində İlqar Hüseynova dərs demiş müəllimi Nurlanə Abbasovanın qələmə aldığı xatirəsi İlqarın necə bir xarakterə malik olduğunu aydın şəkildə göstərir: "Mən İlqarı kollecdə dərs deyən zaman tanıdım. Onda olan Vətən sevgisi, bayrağımıza olan hörmət mənim ona olan rəğbətimi daha da artırdı". İlqar əsgərliyə getməmişdən üç gün əvvəl mənimlə söhbət edəndə dedi: "Müəllimə, inşallah, mən hərbi xidmətdə elə bir zirvəyə yüksələcəyəm ki, siz tələbənizlə hər zaman fəxr edəcəksiniz. Doğrudan da, İlqar Şəhidlik zirvəsinə ucalaraq adını tarixin silinməz səhifəsinə yazdı. Bəli, biz bu gün onunla fəxr edirik". Nurcahan xanım danışır ki, İlqarın şəhid olacağı elə bil ürəyinə dammışdı. Hələ kollecdə oxuyanda deyirdi: "Görərsiniz, mən əsgərliyə gedəndə müharibə olacaq. Mən də döyüşə gedib şəhid olacağam". Bununla bağlı bir də onu danışdı ki, İlqar şəkil çəkdirməyi sevməzdi. Amma hərbi xidmətə getməmişdən 3 gün əvvəl çoxlu şəkil çəkdirib, "Dünyanın işini bilmək olmaz" - deyib. Hərbi xidmət dövrü İlqar Hüseynovun həyatında mühüm yer tutur. İlqar kolleci bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarının qarşısını alarkən Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları zamanı bütün əsgər və zabitlərimiz kimi İlqar Hüseynov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılmışdır. "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri kimi mərdlik, mübarizlik nümayiş etdirmişdir. 28 oktyabrda Ağdam istiqamətində düşmənin hücumunu dəf edib hücuma keçiblər. Bu zaman İlqar Hüseynov minaatan silahdan atılan mərminin qəlpəsindən ağır yaralanıb və döyüş meydanında şəhid olub. Şəhid əsgərimiz Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Nurcahan xanım İlqarın şəklini göstərərək kədərli-kədərli: "İlqar qıymazdı ki, mən ağlayım" deyir və göz yaşlarına hakim kəsilə bilmir. Şəhid İlqar Hüseynovun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Geri qayıt |