Əsas Səhifə > Şəhidlər > Həmişə irəlidə gedirdi

Həmişə irəlidə gedirdi


12-02-2024, 09:07


Bütün zirvələrdən yüksəkdə dayanan bir zirvə var ki, bu, Şəhidlik zirvəsidir. Bu uca məqamı, ali zirvəni fəth edən qəhrəmanlarımız illər ötsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı uğrunda yumruq tək birləşərək, bu yolda canlarından keçən qəhrəmanlarımızın döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri gələcək nəsillərə nümunə olacaq. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Abdullayev Taleh Temraz oğlu haqqında yer almış “Həmişə irəlidə gedirdi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Həmişə irəlidə gedirdi


Ayağı yer tutandan həmişə irəlidə getmək, birinci olmaq istəyirdi. Həmyaşıdları ilə oynayanda, idman yarışlarında, məktəb tədbirlərində də qabaqda olmağa can atır, birinciliyi əldən vermək istəmirdi. Bu onun anadangəlmə xüsusiyyətindən, mübarizliyindən irəli gəlirdi. Allah onu birinci olmaq üçün yaratmışdı. 

Abdullayev Taleh Temraz oğlu 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya gəlmişdi. Qoçaq, mərd, çalışqan idi böyüməkdə olan bu gənc. Evin tək oğlu olduğu üçün ailədə valideynləri, bacısı Günay onu əzizləyirdi. Anası Şəymən xanım oğlunun boy-buxununa baxıb fəxr edir, "Boyuna qurban olum, ay oğul", - deyirdi. Könlündə iftixar hissləri keçirən ananın oğlu böyüdükcə arzuları da böyüyüb boy atırdı.

Atası Temraz kişi birinci Qarabağ savaşında müharibə görmüş, onun od-alovundan keçmiş, müqəddəs Azərbaycan torpaqlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdi. Amma o zaman Qarabağı ermənilərdən xilas edə bilməmişdilər. Müharibə veteranı olan Temraz kişi nə biləydi ki, onun vaxtilə düşməndən ala bilməyəcəyi qisası oğlu indi alacaqdır. Hardan biləydi ki...

Abdullayevlərin ailəsində igid bir oğul böyüyürdü - düşməndən qisas alası, bayrağı uca zirvələrə sanca biləsi bir oğul. Elə bir oğul böyüyürdü ki, inam, mərdlik, qələbə təcəssümü kimi. Elə bir oğul böyüyürdü ki, oğul deyirəm sənə.

1999-2010-cu illərdə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində oxuduğu illərdə Taleh Abdullayev özünü bilikli, intizamlı, qabaqcıl bir şagird kimi göstərmiş, müəllimlərin etimadını qazanmışdı. Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2012-ci ildə hərbi xidmətini başa vurmuşdu. 

Əsgərlikdə olan zaman Talehin hərb sahəsinə marağı yaranmış, gələcəyini bu sahə üzərində qurmağa qərar vermişdi. Mənzilini arzusu olan yoldan salmış, qarşısına çıxan çətinlikləri dəf etmişdi. Ümumiyyətlə, Taleh çox qorxmaz, qoçaq, mətin bir gənc idi. 

Taleh Abdullayevin qəlbində olan arzular onu hərb sahəsinə gətirmiş, 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) əsgər kimi xidmətə başlamışdır. Bu yolda çətinlikləri də olmuşdu, uğurları da. Amma nə olur-olsun belə, başladığı yoldan geri dönməmişdi. 

Vətən müharibəsi başlayanda Taleh Abdullayev Qarabağın azad edilməsinin onların qismətinə düşdüyünü sevinc hissi ilə qarşılamış, "Bu da Tanrının qisas almaq üçün bizə verdiyi bir fürsətdir" deyə ürəyində sevinmişdi.

Atası danışır ki, Taleh sonuncu dəfə evimizə oktyabr ayının 11-də gəldi. Axşamüstü bizimlə görüşdükdən sonra hərbi hissəyə getdi. Ertəsi günü zəng elədi ki, Füzulidəyəm. 

O gündən Taleh Abdullayev Vətən müharibəsinə qatılıb, silaha sarılaraq düşməndən qisas almağa başlayıb. Həmlə taborunun minaatan manqasında əsgər kimi əsl igidlik, vətənpərvərlik nümayiş etdirib. Ən başlıcası isə odur ki, heç vaxt geri çəkilməyib, döyüşə-döyüşə əsgər yoldaşları ilə birlikdə düşmən mövqelərini alıb. Döyüş yoldaşları danışır ki, Taleh arxada olmağı sevməzdi, həmişə irəlidə gedirdi. Bu da bizim hamımıza böyük ruh yüksəkliyi verirdi.

"N" saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Taleh Abdullayev 13 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Subay idi.  

Onun cəbhədə göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Taleh Abdullayev Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. 

Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimiz kimi, bu gün Taleh Abdullayevin də dəfn olunduğu kənd qəbiristanlığında  dalğalanır üçrəngli Azərbaycan Bayrağı - yolunda canlarını qurban verdikləri bayraq.



Geri qayıt