Əsas Səhifə > Şəhidlər > Vətən sevgisi
Vətən sevgisi10-02-2024, 11:52 |
Şəhidlik adlı uca zirvəni fəth edən igid oğullarımız qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı uğrunda yumruq tək birləşərək, bu yolda canlarından keçən qəhrəmanlarımızın döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri gələcək nəsillərə nümunə olacaq. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş çavuş Veyisli Xaliddin Zərgər oğlu haqqında yer almış “Vətən sevgisi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Vətən sevgisi Vətən sevgisi onun ürəyində uşaq yaşlarından yaranmağa başlamışdı. Bu da düşmənlə sərhəd bölgəsində doğulmağından, körpəliyindən güllə səsləri eşitməyindən irəli gəlirdi. 1991-1994-cü illərdə Birinci Qarabağ savaşında Qazax şəhəri və kəndləri mənfur erməni quldur dəstələri tərəfindən fasiləsiz atəşə tutulurdu. Qazaxın bir neçə kəndində dinc sakinlərə qarşı edilən erməni vəhşiliklərinin canlı şahidi olmuş balaca Xaliddin elə həmin vaxtlardan vətənpərvər bir Azərbaycan gənci kimi düşmənə qarşı qisas almaq arzusu ilə yaşayırdı. Veyisli Xaliddin Zərgər oğlu 14 sentyabr 1981-ci ildə Qazax şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. O, 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil almağa başlamış, 1998-ci ildə bu məktəbdən məzun olmuşdur. Məktəb illərində idmanla məşğul olmuş, karate idman növü üzrə yüksək nəticələr əldə etmişdir. Zəhmət adamı olan Zərgər kişi oğlu haqqında dedi: - Xaliddin çox təmiz ürəkli, böyük-kiçik yeri bilən, xeyirxah, ən başlıcası isə vətənpərvər idi. Bacarıqlı və işgüzar olduğu üçün əlindən hər iş gəlirdi. Xaliddin Veyisli 2009-cu ildə hərbi məktəbdə təhsil alaraq həmin ildən hərbçi kimi "N" saylı hərbi hissədə fəaliyyətə başlamış, qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013-cü il tarixli əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26 iyun 2018-ci il tarixli əmri əsasında "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli əmri əsasında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır. Xaliddin Veyisli uzun müddət hərbi həkim - feldşer kimi fəaliyyət göstərmiş, qızğın döyüşlərdə bir neçə yaralı hərbçimizi öz canı bahasına döyüş meydanından çıxararaq həyata qaytarmışdır. Vətən, millət və bayraq sevgisi onun üçün hər şeydən öncə gəlmiş, tapdaq altında olan torpaqlarımızı düşməndən azad etmək həmişə onun ən böyük arzusu olmuşdur. Vətən müharibəsinin başlanması Xaliddin Veyislinin ürəyində illərdən bəri kök atmış düşmənə qarşı olan intiqam hissini daha da alovlandırdı. Artıq bu arzusunu gerçəkləşdirmək üçün fürsət yaranmışdı. Xaliddin Veyisli 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayan zaman döyüşlərə Daşkəsən-Kəlbəcər istiqamətində qatılmışdır. 10 gün həmlə taborunun manqa komandiri olan Xaliddin düşmənlərin arasında kəşfiyyat aparmış, verilən tapşırığı layiqincə yerinə yetirmişdir. Daha sonra cənub istiqamətində döyüşlərdə iştirak etmiş, Cəbrayıl, Füzuli rayonlarının bir sıra kənd və yüksəkliklərinin alınmasında qəhrəmancasına döyüşərək iştirak etmişdir. Anası Natella xanım danışır ki: - Xaliddin arabir evə zəng edib bizimlə əlaqə saxlayırdı. Bir-iki kəlmə hal-əhval tutandan sonra ən çox şəhər və kəndlərimizin azad edilməsindən, Azərbaycan xalqının qisasının alınmasından fəxrlə danışırdı. Fikri təkcə torpaqlarımızın alınmasında idi. Onunla bağlı kövrək məqamlardan birini də şəhidin qardaşı Xəqani danışır: - Xaliddin oxuduğu Qazax şəhər 1 nömrəli orta məktəbin həyətində sinif yoldaşları ilə birlikdə xatirə bulağı tikdirmişdilər. Bulağın açılışında Xaliddin sinif yoldaşlarına müraciətdə "Əgər mən şəhid olsam, bulağa mənim adımı yazarsınız", - deyib. Bacısı Xəyalə xanım Xaliddinin ailələrinə, eləcə də xalqımıza qürur hissi yaşatdığını bildirir: - Hər yerdə məni qoruyan, arxamda dağ kimi dayanan qardaşım Vətən yolunda öz canından keçib Şəhidlik məqamına yüksəldiyi üçün Azərbaycan xalqının qürur mənbəyinə çevrilmişdir. İlahə xanım həyat yoldaşı ilə fəxr etdiyini deyir: - Mən Xaliddinlə fəxr edirəm, - deyir. - Övladlarımızı - Jalə ilə Fəqanı atalarının adına layiq böyüdürəm. Həmlə taborunda manqa komandiri olan çavuş Xaliddin Veyisli Qubadlının alınması uğrunda 26 oktyabr 2020-ci il tarixdə gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik şəhadətinə yüksəlmişdir. Şəhid Xaliddin Veyisli Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında dəfn edilmişidir. O, ölümündən sonra Azərbaycan Respublikasının ərazi bötüvlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə ölkə başçısının 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Geri qayıt |