Əsas Səhifə > Şəhidlər > Bu gün Vətən müharibəsi şəhidi leytenant Murad Nağıyevin cənnətdəki doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidi leytenant Murad Nağıyevin cənnətdəki doğum günüdür


9-02-2024, 14:33

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbədən illər ötsə də hər zaman qürurla danışılacaq. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli Ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. 

Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. 

Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də leytenant Nağıyev Murad Mayıl oğludur.


Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin bu gün 27 yaşı tamam olacaqdı.

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Murad Nağıyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Murad kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Murad tək oğullarımızdan qəhrəmanlığı örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Məzarında rahat uyu, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır.


Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gəlmişdir. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, burada Bakıxanov qəsəbəsində yaşamağa başlamışdır. Təhsilə 2003-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə başlayan Murad Nağıyev tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin sevimlisinə çevrilmişdir. O, burada 8 il təhsil aldıqdan sonra 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda yerləşən nüfuzlu Kuleli Askeri Lisesinə (Kuleli Hərbi Liseyi) seçilmişdir.

Murad Nağıyev Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona "matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O, həm də erkən yaşlarından müxtəlif silahlarla tanış olmuş, yay toplanışlarında və təlimlərdə iştirak etmiş və NATO-nun ən böyük ikinci ordusunda nümunəvi zabit kimi formalaşmağa başlamışdır. Daha sonra Murad Nağıyev liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Ankarada yerləşən digər bir nüfuzlu ali hərbi təhsil müəssisəsi olan Kara Harp Okuluna (Quru Qoşunları Məktəbi) daxil olmuşdur. Murad Nağıyev 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu”nu bitirmiş və "Tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” ixtisası üzrə məzun olmuşdur. Bununla da o, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.

Murad Nağıyev Azərbaycan Respublikası müdafiə nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə "leytenant” hərbi rütbəsi almışdır. O, Bakı yaxınlığında yerləşən "N” saylı hərbi hissədə tank taborunun tank bölüyünün tank tağımının komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmışdır. Qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirlərinin əmrlərinə və rütbəcə yüksək yoldaşlarının israrlarına baxmayaraq O, "Mən zabitəm, öz tankımda özüm gedəcəyəm! Həm də siz ailəlisiniz, uşaqlarınız var, mən isə subayam”, ‒ deyərək ən ön sıralarda döyüşə atılmışdır. Komandiri təbəssümlə: "İndiyə qədər əmrimə tabe olmayan bir Murad oldu”, ‒ deyərək xatırlayır o anları.

Murad Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, atəş nöqtələrini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.

O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində Şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə Murad həmin gün də israr etmişdi ki: "Bu gün kolonda bizim tank birinci gedəcək”.

Onun şəhid olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülə bilmiş və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Murad Nağıyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Leytenant Murad Nağıyev həm də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 5 noyabr 2022-ci il tarixli Sərəncama əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.

Murad Nağıyev uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin həm türkcə, həm də ana dilində şeirlər yazmışdır. Onun şeirləri müəllimləri tərəfindən yüksək qiymətləndirilmiş və hələ Kulelidə təhsil alarkən 2015-ci ildə "Mürekkebimdir Kuleli” kitabında çap edilmişdir. Şəhadətindən sonra isə Murad Nağıyevin şeirləri müxtəlif ədəbiyyat çevrələrində tanınıb bəyənilmiş, "Kardeş Kalemler” jurnalında və "Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur.

2022-ci ilin 26 martında qəhrəman tank komandiri Murad Nağıyevin adını, xatirəsini əbədiləşdirən "Murad” adlı kitabın doğulduğu Qazax rayonunda təqdimat mərasimi olub.



Geri qayıt