Əsas Səhifə > Şəhidlər > Qardaşına oxşamaq istəyirdi

Qardaşına oxşamaq istəyirdi


9-02-2024, 11:45


Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımız qədirbilən xalqımızın qəlbində hər zaman əbədi yaşayacaqdır. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı uğrunda yumruq tək birləşib, bu yolda canlarından keçən qəhrəmanlarımızın döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri gələcək nəsillərə nümunə olacaq. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş çavuş Pənahov Elməddin Məqsəd oğlu haqqında yer almış Qardaşına oxşamaq istəyirdi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Qardaşına oxşamaq istəyirdi


Sentyabrın 27-dən başlayıb 10 noyabrda böyük tarixi qələbə ilə başa çatan Vətən müharibəsi tarixin silinməz səhifələrinə yazılmışdır. Bu qələbəni bizlərə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bəxş etmişdir. Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı neçə-neçə igid Vətən oğlu doğma torpaq, yurd uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə yüksəlmişdir. 

Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də çavuş Pənahov Elməddin Məqsəd oğludur. Onun keçdiyi şərəfli ömür yolunu vərəqləyirəm. 

...İnsan bütün ömrü boyu nümunələrlə yaşayır, sevdiyi, hörmət bəslədiyi adamların şəxsi nümunəsi ilə tərbiyələnir. Həyatda gördüyümüz hər hansı adi şəxs, bədii əsərdə rast gəldiyimiz gözəl insan, kinofilmdə baxdığımız müsbət qəhrəmanlar bizim üçün şəxsi nümunə olurlar. Biz çox vaxt belə insanlara yüksək duyğu ilə yanaşır, onlara oxşamağa çalışırıq. Özümüzə nümunə bildiyimiz insana bənzəməyə səy göstərir, onun kimi olmağa can atırıq. 

7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olan Elməddin Pənahov evin sonbeşiyi, qardaşların yaşca ən kiçiyi idi. 1991-ci ilin sentyabrında kənd tam orta məktəbində ilk təhsil almağa gedib, həmin məktəbin səkkizinci sinifini bitirəndən sonra hansı yolu seçəcəyinə, hansı arzunun dalınca gedəcəyinə hələ qərar verməmişdi. Bu o zaman idi ki, Elməddin yaşında olan gənclər özlərini kimə isə oxşatmaq istəyir, kimi isə özlərinə nümunə götürüb onun yolu ilə getməyə can atırdılar. Hər kəsin öz nümunə yeri, hər kəsin öz idealı var idi. 

Elməddinin oxşamaq istədiyi insan isə öz doğma qardaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edən polkovnik-leytenant Pənah Pənahov idi. O, qardaşının keçdiyi ömür yolunu özünə nümunə bildiyi üçün ona oxşamaq istəyirdi. 

Elə qardaşına oxşamaq istəyindən Elməddin də hərbi sahəni seçdi, həyatını ömürlük bu peşəyə bağladı. 2001-ci ilin oktyabrında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2003-cü ilin aprel ayına qədər hərbi xidmət keçəndən sonra öz fikrini bir daha qətiləşdirdi və bu yolla gedəcəyinə qərar verdi.

Elməddin Pənahov 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. O, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır. Çox vətənpərvər insan, igid bir döyüşçü olan Elməddin Pənahov torpaqlarımızın azad olunması arzusu ilə yaşayır, bu istəyini döyüş meydanında həyata keçirməyə can atırdı. 

Həyat yoldaşı Gülnar xanım danışır ki:

- Elməddin Vətən müharibəsi başlayan gündən özündə rahatlıq tapa bilmir, tez-tez "Əmr vermirlər ki, döyüşə girək", - deyirdi. 

Çox keçmədi ki, o, bu arzusuna da çatdı...  

"N" saylı hərbi hissənin tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) çavuş Elməddin Pənahov 13 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə igidlik göstərmişdir. Döyüş yoldaşları danışır ki, Elməddin irəlidə gedir, mərdliklə vuruşurdu. O, düşmənin növbəti hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 

Elməddin Pənahov Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Ailəli idi. İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb.

Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalla ilə təltif olunmuşdur.



Geri qayıt