Əsas Səhifə > Şəhidlər > Atasız böyümüşdü...
Atasız böyümüşdü...8-02-2024, 09:32 |
Şəhidlik zirvəsinə ucalan igid oğullarımız xalqımızın qəlbində hər zaman əbədi yaşayacaqdır. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı uğrunda yumruq tək birləşib, bu yolda canlarından keçən qəhrəmanlarımızın döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri gələcək nəsillərə örnək olacaq. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Xanlıqlar kəndində olub, kitabı qəhrəman şəhidimizin ailəsinə təqdim ediblər. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Orucov Elşən Ehtiram oğlu haqqında yer almış “Atasız böyümüşdü..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Atasız böyümüşdü... İnsan dünyaya gələndə bəzən həyat ona qarşı amansız olur, yenicə boy atan fidanın qol-budaqlarını qırır, ömür yolunun ilk başlanğıcında onu tək qoyur. Orucov Elşən Ehtiram oğluna da belə bir ömür qismət olmuş, lap körpə çağlarından həyat ona sərt üzünü göstərmişdi. 1991-ci il 6 avqust tarixində Qazax rayonunun Xanlıqlar kəndində dünyaya gələndən sonra atası erkən həyatdan köçmüş, Elşən 3 yaşından yetim qalmışdı. Atasının yerini də anası Dürdanə xanım əvəz eləmiş, ona həm ata, həm də ana olmuşdu. Bacıları Bənövşə, Hamayıl Elşənə mənəvi cəhətdən arxa-dayaq idilər. Elşən Orucov 1997-ci ildən oxuduğu Xanlıqlar kənd tam orta məktəbində müəllimlərinin sevimlisi olmuş, tərbiyə və təhsili ilə yaşıdlarından fərqlənmişdir. 2008-ci ildə Elşən orta məktəbdə təhsilini başa vurduqdan sonra hələ özünə bir yol seçməmiş, hansı yol ilə gedəcəyinə bir qərar verməmişdi. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmət Elşənin həyatını kökündən dəyişdirdi. Əsgərlikdə hərbi sahə onu özünə cəlb elədi, həyatını bu istiqamətə yönəltdi. Ona görə də əsgərlik xidmətini başa vurduqdan bir neçə ay sonra Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmiş, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmişdir. Ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci ildə isə sinəsinə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması sayəsində layiq görülmüşdür. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayandan bir il sonra Tülzala Yusubova ilə ailə həyatı qurmuş, bu nikahdan oğlu Ehtiram və qızı Ayla dünyaya gəlmişdir. Elşən Orucov hər zaman övladlarının yanında ola bilmədiyi üçün hər dəfə evə gələndə balalarını bağrına basır, sanki onlarla nəfəs alırdı. Həyat yoldaşı deyir ki, atasız böyüdüyü üçün özü görmədiklərini övladları üçün etməyə çalışırdı. Amma atalar doğru deyib: "Sən saydığını say, gör fələk nə sayır". Elşən Orucov Bakıda hərbi hissələrin birində xidmət edirdi. Sentyabrın 27-də evə gəldi. Ailəsi ilə görüşüb müharibəyə yola düşdü. İnsan bilmir ki, kiminlə nə vaxt və harada sonuncu dəfə görüşəcək. Bu görüş də onların axırıncı görüşü olur. Bir neçə gündən sonra Elşən Orucovun sədası Füzulidən gəldi. Tankda mexanik sürücü idi. Döyüş meydanında idarə etdiyi hərbi texnikanı düz düşmən səngərinin üstünə sürür, lazım gələndə sərrast atəş açır, düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək sıradan çıxarırdı. Əsl igidlik göstərir, əsgərlərimiz bayraqları yeni-yeni yüksəkliklərə, rayon və şəhərlərə sancdıqca əhval-ruhiyyəsi daha da artırdı Elşənin. Hər dəfə evlərinə zəng edib danışanda ailə üzvlərinin "Özünü qoru" sözünə cavab olaraq: - “Narahat olmayın, mən yetiməm, ona görə də Allah məni qoruyur", - deyirdi. Amma çox təəssüf ki, Tanrı onu müharibənin sonuna qədər qoruya bilmədi. Elşən Orucov 4 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Şəhid Elşən Orucov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Bu gün Elşən Orucov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, bu torpağın hər bir vətəndaşı onunla qürur duyur. Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu! Geri qayıt |