Əsas Səhifə > Şəhidlər > “Aldığımız torpaqlara sizi özüm aparacağam"
“Aldığımız torpaqlara sizi özüm aparacağam"7-02-2024, 08:52 |
Şəhidlik zirvəsinə ucalan igid oğullarımızı hər zaman "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı bir yumruq tək birləşdirdi. Bu amal uğrunda canlarından keçən qəhrəmanlarımızın döyüş meydanındakı qəhrəmanlığı, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri gələcək nəsillərə örnək olacaq. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş çavuş Nəsibov Elməddin Yusif oğlu haqqında yer almış “Aldığımız torpaqlara sizi özüm aparacağam" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... “Aldığımız torpaqlara sizi özüm aparacağam" Elməddinin lap uşaqlıqdan hərbçi formasına böyük marağı var idi. Ona görə də hərbçilərin şəkillərinə diqqətlə baxar, ürəyində onlara qibtə edərdi. Onun zabit mundirinə olan sevgisi isə lap tükənməz idi. Elməddinin hərbçi olmasının səbəbini soruşanda qardaşı Niyaməddin dedi: - Anam da istəyirdi ki, Elməddin hərbi forma geyinsin. Bu, onun da arzusu idi. Çünki hərbi forma qardaşıma çox yaraşırdı. Uşaqlıqdan ürəyində kök atan bu istək, böyüdükcə dəyişməz sevgisinə çevrilən bu amal onu hərb sahəsinə gətirdi. Elməddin Nəsibov hərbçi formasını əyninə geyinib Vətənə ləyaqətlə xidmət etməyə başladı. Zabit olana qədər Elməddin Nəsibovun keçdiyi ömür yolu da diqqətəlayiqdir. Nəsibov Elməddin Yusif oğlu 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin birinci sinifinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin onbirinci sinifini bitirmişdir. Orta təhsilini başa vurduqdan sonra 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmət sahəsi onun arzularının məkanı idi. Ona görə də çox böyük həvəslə xidmət edir, üzərinə düşən vəzifəni canla-başla yerinə yetirirdi. 2003-cü ilin aprel ayında hərbi xidmətdən tərxis olunub evə qayıtdıqdan sonra Elməddin bir yerdə qərar tuta bilmir. Hərbçi olmaq istəyi onu rahat buraxmırdı. Ona görə də arzularının dalınca gedib ömrünü bu peşəyə bağladı. Bunun üçün ilk növbədə hərbi sahədə təhsil almağa başladı. Elməddin Nəsibov 12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixinədək "N" saylı hərbi hissədə "Pulemyot manqa komandiri" ixtisası üzrə tam kurs keçdikdən sonra uşaqlıqdan qəlbində pərvaz edən arzusu həyata keçdi. Elə o vaxtdan da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Məqsədinə çatdığı üçün Elməddinin sevincinin həddi-hüdudu yox idi. Onun hərbi formada çəkdirdiyi şəkillərə baxanda bunun bir daha əyani şahidi olursan. Şəkildə Elməddin çox şəstlə dayanıb, adama vüqarla baxır. Elməddin Nəsibov öz peşəsini ürəkdən sevdiyi üçün nümunəvi xidmət edir, hərbçi adını öz əməli işi ilə doğrultmağa çalışırdı. Aldığı fəxri fərmanlar onun nümunəvi xidmət göstərməsinin əyani göstəricisi, xidmətinə verilən qiymətlər idi. 2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarına qarşı Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları zamanı bütün əsgər və zabitlərimiz kimi, Elməddin Nəsibov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. Həmlə taborunun pulemyot manqa komandiri Elməddin Nəsibov elə ilk döyüşdən mərdlik göstərib düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdi. Həyat yoldaşı Aksana xanım danışır ki: - Elməddin hərdənbir zəng edib bizimlə əlaqə saxlayırdı. Bir dəfə yenə zəng eləmişdi. Nigarla danışanda dedi ki, qızım, qoy müharibə qurtarsın, inşallah, aldığımız torpaqlara sizi özüm aparacağam. Harda döyüşdüyümü sizə göstərəcəyəm. Bu, Elməddinin qızına söylədiyi ən gözəl arzular, ürəyində yaşatdığı ən ülvi duyğular idi. Düzdür, 30 il işğal altında olan torpaqlar şanlı Azərbaycan Ordusu tərəfindən alındı. Amma həmin torpaqları qızına göstərmək Elməddinə nəsib olmadı. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq əbədiyyətə qovuşdu Elməddin. Füzulinin Alxanlı kəndində snayperin açdığı atəşlə sinəsindən vuruldu. İgid Vətən oğlu Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəli idi. Nəzrin və Nigar adlı 2 qız övladı yadigar qalmışdır. Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Elməddin Yusif oğlu Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Elməddin Nəsibovun adı verilmişdir. Geri qayıt |