Əsas Səhifə > Şəhidlər > Bu gün Milli Qəhrəman Firuddin Şamoyevin doğum günüdür
Bu gün Milli Qəhrəman Firuddin Şamoyevin doğum günüdür7-02-2024, 08:30 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------- Şəhidlər – həmişə vətənpərvər olan, torpağın hər bir qarışı üçün yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, mərd, cəsur oğullarıdır! Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda Şəhidlik adlı uca bir zirvəyə yüksələrək öz qanları ilə adlarını tarixə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Qazax övladları da çoxdur. Döyüş meydanında göstərdiyi igidliyə görə bugünkü, eləcə də gələcək nəsillərə örnək olan oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Şamoyev Firuddin İsa oğludur. Bu gün yaşasaydı igid Vətən oğlunun 62 yaşı tamam olacaqdı. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb doğum günündə Milli Qəhrəmanın əziz xatirəsini dərin ehtiramla yad edir, igid Vətən oğlunun ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik. Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır. Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Qazax şəhər 4 nömrəli tam orta məktəb və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Bundan əlavə, şəhərin girişində Milli Qəhrəmanın adını əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunmuşdur. Geri qayıt |