Əsas Səhifə > Şəhidlər > Güllə onu tutmurdu

Güllə onu tutmurdu


6-02-2024, 09:03


"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan, döyüş meydanında qəhrəmancasına vuruşan və torpaq yolunda Şəhidlik zirvəsinə ucalan oğullarımız heç zaman unudulmayacaq. Onların döyüş meydanındakı qəhrəmanlığı, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri gələcək nəsillərə örnək olacaq. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.

 

Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Fərəhli kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.


Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu haqqında yer almış "Güllə onu tutmurdu" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Güllə onu tutmurdu


Çox cəld, mərd və mübariz idi Əhməd. O qədər çevik idi ki, bir anda irəli gedir və qarşıdakı maneəni məhv edirdi. Bir göz qırpımında gözə görünmür, bir göz qırpımında qarşından çıxa bilirdi. Döyüşdə isə od parçasına dönürdü. Belə cəld və çevik olmasına görə döyüş yoldaşları deyirdilər ki, Əhmədi güllə tutmaz. 

Məmmədov Əhməd Nazim oğlu 25 avqust 1994-cü ildə Qazax rayonunun dağlar qoynunda yerləşən Fərəhli kəndində dünyaya gəlmişdi. Ondakı bu cəldlik və çeviklik doğulduğu torpağın havasından, suyundan və gözəl təbiətindən irəli gəlirdi. 2000-ci ildə Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin birinci sinifinə gedəndə öz bacarığı, nizam-intizamı, qoçaqlığı ilə həmyaşıdlarından fərqlənirdi. Əhməd 2009-cu ildə həmin məktəbin doqquzuncu sinifini bitirəndən sonra təhsilini Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbində davam etdirdi və 2011-ci ildə kamal attestatı aldı. 

Həyatının ən qaynar çağı, ən mühüm hissəsi ondan sonra başlayırdı. Gələcəkdə hansı yolu seçməli, hansı arzunun dalınca getməli? Əhməd bu suallara hərbi xidmətdə olan zaman - 2012-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılandan sonra cavab tapdı. Əsgərlik dövründə qəti olaraq qərara aldı ki, hərb sahəsində xidmət etsin. 2014-cü ilin aprelində hərbi xidmətdən tərxis olunduqdan sonra bu arzusunu həyata keçirdi. 

Atası Nazim kişi deyir ki: 

- Əhməd əsgərlikdən gələndən sonra hərbçi olacağını dedi. Fikrində qəti idi. Ona görə də evdə heç dayanmadı, sənədlərini götürüb Bakıya getdi. Mayın 17-dən hərbi sahədə xidmət etməyə başladı. 

Əhməd Məmmədovun hərbçi peşəsinə, sonradan isə Şəhidlik zirvəsinə ucalan yolu belə başladı. Atası bir də onu dedi ki:

- General Polad Həşimov şəhid olandan sonra Əhmədin üzü gülmürdü. O, hər zaman şəhid generalın intiqamını alacağı günü gözləyirdi. 

İşğal altında olan torpaqlarımızı azad etmək ən böyük arzusu idi Əhmədin. Həmin gün isə getdikcə yaxınlaşırdı. 

...Əhməd Məmmədov Qazaxda "N" saylı hərbi hissədə xidmət edirdi. Lakin bu onu qane etmirdi. Ona görə də Əhməd komandanlığa müraciət edərək öz xahişi ilə döyüş bölgəsinə getmək istədiyini bildirib. Bu arzusuna çatmaq üçün kəşfiyyat qrupundan xüsusi dözümlülük və qətiyyət tələb edən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarına keçib. Könüllü olaraq Vətən müharibəsinə yollanıb Əhməd. Hərbçi yoldaşlarına deyib ki, müharibəyə getdiyimi evimizə bildirməyin. Ona görə də atasının, qardaşının, həyat yoldaşı Türkanənin də onun cəbhəyə getməsindən xəbərləri olmayıb.

Nazim kişi danışır ki:

- Əhməd hərdənbir telefonla zəng edib Qazaxda olduğunu desə də, evə gəlmirdi. Şübhələnmişdim. Həmkəndlim, qohumumuz Elfak Daşdəmirov Vətən müharibəsində şəhid olmuşdu. Onun dəfnində Əhmədin iştirak etmədiyini görəndə başa düşdüm ki, mənə deməməsinə baxmayaraq oğlum artıq müharibədədir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), kəşfiyyatçı, kiçik çavuş Əhməd Məmmədovun döyüş yolu Cəbrayıldan başlayıb. Cəsurluğu, mübarizliyi ilə fərqlənərək həmişə öndə olub, Şuşanın azad olunmasına qədər gedən qanlı savaşda şərəfli bir döyüş yolu keçib. 

Əhməd Məmmədovun döyüş yoldaşı Eyyub Eyyubov deyir:

- Noyabrın 8-də Şuşa qalasının girişindəki Qala qapısının yanında qəfildən ermənilərlə üz-üzə gəldik. Əhməd cəld hərəkət edib avtomat silahdan atəş açdı, 5 ermənini yerindəcə məhv elədi. 

Əhməd Məmmədov Şuşanın azad olunması uğrunda gedən qanlı döyüşlərdə şəhid olan və yaralanmış yoldaşlarına kömək etməklə yanaşı, onları döyüş meydanından çıxarıb. Şuşanı düşməndən tam təmizləməyə çox az qalmışdı. Bu zaman şəhərin içində düz üstünə gələn erməni tankı ona tərəf atəş açıb. Bu dəfə düşmən mərmisi Əhmədin gənc ömrünə son qoyub, həmişə ondan yan keçən güllə bu dəfə... 

26 yaşı yenicə tamam olmuş Əhməd Məmmədov qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşları Əhmədin qanını yerdə qoymayıb, həmin tankı yerlə-yeksan edərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv ediblər.   

Əhməd Məmmədovun gənc yaşında dünyadan köçməsi ailə üzvlərini çox sarsıtmışdı. Ailənin böyük oğlu olan Məhəmməd isə qardaşının itkisinə heç dözə bilmirdi. O, Əhməd şəhid olan gündən tez-tez qəbiristanlığa gedir, qardaşının qəbrini ziyarət edir, bununla təskinlik tapırdı. Bir gün isə qəlbi bu dərdə dözmədi. Əhməd şəhid olandan 2 il sonra ürəyi dayandı. Əhməddən sonra Məhəmmədi itirmək valideynlərinə daha bir dərd oldu. Şəhid kiçik çavuş Əhməd Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Əhməd Məmmədovun adı verilmişdir.



Geri qayıt