Əsas Səhifə > Şəhidlər > Müqəddəs amallar uğrunda
Müqəddəs amallar uğrunda5-02-2024, 09:13 |
"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan oğullarımız Şəhidlik zirvəsinə ucalsalar da nə onların döyüş meydanındakı qəhrəmanlığı, nə də Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri heç zaman unudulmayacaq. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Qurbanov Davud Tariyel oğlu haqqında yer almış "Müqəddəs amallar uğrunda" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Müqəddəs amallar uğrunda Amal insanın yaşamaq qayəsi, ömrünün məqsəd və məramıdır. Amal sadə bir arzu, sıradan gələn bir istək deyil, böyük məqsədlərə tuşlanmış məramdır. O insandan böyük sevgi, əyilməz iradə, yenilməz şücaət, bu yolda yanmaq və həyatını qurban vermək tələb edir. Bu amalın adı Şəhidlikdir. Ancaq müqəddəs amallar uğrunda vuruşan, Vətən və xalq yolunda, torpaqlarımızın qorunması uğrunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilərlər Şəhidlik zirvəsinə. Müqəddəs amallar insanı da müqəddəsləşdirir, onu əlçatmaz zirvələrə qaldıraraq əbədiləşdirir. Qəlbində Vətən sevgisi, xalq yanğısı olan, torpaq uğrunda çarpışıb bu yolda canından keçən insanlar müqəddəs amal sahibi ola bilir, həyatını qurban verərək Şəhidlik zirvəsinə ucalırlar. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə daim dərin ehtiram bəslənilir. Şəhidlər bizim həm niskilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın şərəf və ləyaqəti uğrunda əbədiyyətə qovuşan şəhidlərimizdən biri də Qurbanov Davud Tariyel oğludur. O, müqəddəs amallar yolunda vuruşaraq gənc həyatını qurban vermiş, adı tarixin silinməz səhifələrinə yazılmışdır. Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin birinci sinifinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Məktəbdə oxuduğu müddətdə dərslərini yaxşı oxuması, fənlərdən yüksək qiymət alması, nizam-intizamlı olması ilə diqqəti cəlb etmişdir. Müəllimləri Davudun işıqlı gələcəyinə inanır, sabahına böyük ümid bəsləyirdilər. Davud Qurbanov ona bəslənilən ümidləri doğrultdu və test imtahanlarında yüksək bal toplayaraq 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat proseslərinin avtomatlaşdırılması" fakültəsinə daxil oldu. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirdi. Amma bu, son deyildi. Davud Qurbanov həmin il universitetin magistratura pilləsinə qəbul oldu və 2019-cu ildə magistraturanı da bitirərək yüksək ixtisaslı mütəxəssis kimi yetişdi. Arzularına öz biliyi və bacarığı ilə işıq salan Davud Qurbanov ilk illər başqa bir sahədə çalışmağa başladı. 2019-cu ilin fevral ayında "Space" televiziya və yayım şirkətində montajçı vəzifəsində işlədi və sonradan əmək fəaliyyətini "Azad Azərbaycan" (ATV) teleradio və yayım şirkətində montajçı kimi davam etdirdi. Qarşıda onu hərbi xidmət gözləyirdi. Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldığı üçün iş fəaliyyətini dayandırıb həqiqi hərbi xidmətə yollandı. Vətən müharibəsi başlayanda Davud Qurbanov hərbi xidmətdə idi. O, 2 oktyabr 2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Böyük amallarla yaşayan və ona çatmağa bütün varlığı ilə çalışan Davud Qurbanov Suqovuşanın azad olunması uğrunda gedən qanlı döyüşlərdə canından keçərək Şəhidlik zirvəsinə yüksəldi, adı tarixin silinməz səhifələrinə yazıldı. Şəhid Davud Qurbanov Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimiz kimi, Davud Qurbanovun da qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Davud Qurbanov kimi igid oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaqdır! Geri qayıt |