Əsas Səhifə > Şəhidlər > "Öldü var, döndü yoxdur"

"Öldü var, döndü yoxdur"


4-02-2024, 10:11


"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan oğullarımızı hər zaman Vətən sevdası, torpağı, yurdu uğrunda öləcək qədər sevmək amalı yumruq tək birləşdirdi. Canlarını bu amala çatmaq üçün qurban verib Şəhidlik zirvəsinə ucaldılar. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş çavuş İsgəndərov Pərvin Pərviz oğlu haqqında yer almış "Öldü var, döndü yoxdur" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Öldü var, döndü yoxdur"


Bu sözləri İsgəndərov Pərvin Pərviz oğlu Vətən müharibəsinə yollananda demişdi. Necə demişdisə, elə də elədi. Döyüş meydanında qəhrəmanlıqla şəhid oldu, amma geri dönmədi.

27 sentyabrdan başlayan və 10 noyabrda böyük qələbə ilə başa çatan hərb tariximizin Böyük Zəfər salnaməsində hər zabitin, hər əsgərin öz yeri, öz payı var. Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsində Azərbaycan öz qüdrətini bütün dünyaya göstərdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır!" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, dönməz şüarı oldu. İldırım sürəti ilə davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi Azərbaycanın qüdrətini bir daha bütün dünyaya sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevincləri ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. 

Qazanılan Şanlı Zəfərdə xidməti olanlardan biri də çavuş Pərvin İsgəndərovdur. O, 1995-ci ilin 25 iyununda Qazax rayonunun gözəl təbiəti olan Xanlıqlar kəndində dünyaya göz açmışdı. Elə doğulan gündən həyatı keşməkeşli olub Pərvinin. Dünyaya gəlməmişdən bir ay əvvəl atası Pərviz İsgəndərov Ağstafa rayonun ərazisindəki Ballı qaya adlanan ərazidə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşdə şəhid olmuşdu. Evin tək oğlu olan balasını anası Nəzakət xanım min bir əziyyətlə böyütmüşdü. Ona görə elə bu gün də ana dərddən alışıb-yanır.

- Müharibə gənc yaşlarımda həyat yoldaşımı əlimdən aldı, - deyir yaralı ana.  Oğlumla nəfəs alırdım, onu da müharibədə itirdim.

Pərvin İsgəndərov 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil aldığı gündən ta qurtarana - 2013-cü ilə kimi tədris müəssisəsində özünü bacarıqlı, çalışqan bir şagird kimi göstərmişdi. Ona vaxtilə dərs deyən müəllimlər Pərvindən bu gün də ağızdolusu danışır, razılıqlarını bildirirlər.

Məktəb illəri arxada qalmışdı artıq, "kişilik məktəbi" səsləyirdi onu. Pərvin 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ildə isə tərxis olunmuşdu. 

Hərbçi olmağa qərar verən Pərvin 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdı. O, xidməti dövründə həmişə fərqlənmiş, çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra hərbi hissələrdə xidmət etməyə başlamışdır.

Pərvin İsgəndərovun keçdiyi döyüş yolu qısa olsa da, çox mənalı və qürurvericidir. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutanda düşmənə layiqli cavab verənlərdən biri də Pərvin İsgəndərov olub. O, Tovuz döyüşlərində öz fədakarlığı ilə fərqlənib.

Həyat yoldaşı Fidan xanım danışır ki:

- Oktyabrın 10-da axşam Pərvin evə gəlmişdi. 2 saatdan sonra tələsik hərbi hissəyə qayıtdı. Bu onun son gedişi oldu. Bir daha Pərvini görə bilmədim.

Sonra Pərvin İsgəndərovun sədası Füzulidən gəldi. O, həmlə taborunun manqa komandiri idi. Çavuş rütbəsində xidmət göstərirdi. Döyüşlərdə əsl qəhrəmanlıqla vuruşur, necə deyərlər, düşmənə qan uddururdu. Hərbçi yoldaşları danışır ki, hər dəfə müharibədən söz düşəndə Pərvin:

- “Öldü var, döndü yoxdur, axıra qədər gedəcəyik", - deyirdi.  

İştirakçısı olduğu bütün döyüşdən qələbə ilə qayıdan Pərvin İsgəndərov sonuncu döyüşdən geri dönə bilməyib. O, 13 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxaran zaman minaatan silahdan atılan mərmi ilə vurulub və qəhrəmancasına şəhid olub. 

Pərvin İsgəndərov Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında şəhid atasının yanında dəfn edilmişdir. Pərviz adlı oğlu yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Pərvin İsgəndərovun adı verilmişdir.



Geri qayıt