Əsas Səhifə > Şəhidlər > Əbədi ömrün başlanğıcı
Əbədi ömrün başlanğıcı1-02-2024, 08:59 |
Vətən, torpaq, yurd sevgisi igid oğullarımızı hər zaman bir amal uğrunda birləşdirdi. O amal ki, qəhrəman oğullarımız hər an "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atıldılar, bu yolda Şəhidlik zirvəsinə yüksəldilər. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş çavuş Əliyev Timur Nurəddin oğlu haqqında yer almış "Əbədi ömrün başlanğıcı" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Əbədi ömrün başlanğıcı İnsan ömrünün başlanğıcı məlum olduğu kimi, sonu da məlumdur. Dünyaya gələn insan bir vaxtdan sonra dünyadan köçür, dünyaya gəldiyi kimi dünyadan köçdüyü tarix də qeyd olunur. Amma elə insanlar var ki, onlar ölmür, qəhrəmanlıq göstərərək ürəklərə köçür, Şəhidlik zirvəsinə qalxıb əbədilik qazanırlar. Şəhidlik zirvəsi dünyada bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilirlər bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Ona görə də Şəhidlik ölüm deyil, əbədi ömrün başlanğıcıdır. Şəhid Əliyev Timur Nurəddin oğlu (Nurəddinoviç) da öz ölümü ilə ölümsüzlüyə qovuşan qəhrəmanlardan biridir. Ona görə də bu gün Timurun adı dillər əzbəridir. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, onun şəhid adı daim anılacaqdır. Atası Nurəddin kişi deyir ki: - Biz Özbəkistan Respublikasının Çirçik şəhərində yaşayırdıq. Timur da 29 may 1984-cü ildə orada anadan olub. Evin tək oğlu olduğu üçün onu böyük bir məhəbbət, istəklə böyütmüşdük. Onunla bağlı o qədər çox arzularımız var idi ki... Özünün arzu, istəkləri isə bitib-tükənməz idi. 2000-ci ildə onların ailəsi Azərbaycana qayıdaraq Bakıya köçüb burada yaşamağa başlayır. Ona görə də Timur orta təhsilini Bakı şəhərində davam etdirərək 2003-cü ildə onbirinci sinifi bitirmişdir. Orta məktəbi qurtardıqdan sonra onun əsgərlik dövrü başlayır. Timur Əliyev 2004-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2006-cı ildə isə əsgəri borcunu yerinə yetirib tərxis olunmuşdur. Evə qayıtmasına baxmayaraq hərbi sahə onu özünə cəlb eləmişdi. Ona görə də Timur hərb yolunu seçmiş, öz həyatını bu peşəyə bağlamışdır. Ona "Hərb sahəsi çətindir" deyənlərə birmənalı şəkildə: "Əvvəla, çətin deyil. Sonrası da nə qədər çətin olsa da, kişilik məktəbidir, şərəflidir", - deyə cavab verirdi. Odur ki, hərbçi paltarını çox böyük şəstlə geyinir, əynində həvəslə daşıyırdı. Timur Əliyev 2013-cü ildə öz istəyinin dalınca gedərək Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başladı. Nümunəvi xidmət edərək qısa müddətdə çavuş rütbəsi aldı. Söhbət zamanı atası Nurəddin kişi dedi ki: - Timur sentyabrın 26-da axşam evə gəlmişdi. Tələsirdi. Bir az oturandan sonra mənə: - Mənim şəklimi uşaqlarımla çək, - dedi. Mən təəccüblə onun üzünə baxdım. Ona görə baxdım ki, Timur şəkil çəkdirməyi sevməzdi. O, mənim duruxduğumu görüb: "Dünyanın işini bilmək olmaz", - dedi. Sonra qızları Alsu, Leyla ilə çoxlu şəkil çəkdirdi. Sonrakı hadisələr başıma gələndən sonra başa düşdüm ki, müharibədə öləcəyi Timurun ürəyinə damıbmış, ona əyan olubmuş. Timurun döyüş yolu Füzulidən başlayıb. Oktyabrın 8-də rayonun düşməndən azad olunması uğrunda gedən qanlı döyüşlərə girib, elə ilk gündən qəhrəmanlıq göstərib. Həmlə taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olan çavuş Timur Əliyev igidliyi, qorxmazlığı ilə döyüş yoldaşları arasında fərqlənib. ...Oktyabrın 12-dən 13-nə keçən gecə yenə də döyüşə girmişdi. Mərmi göydən yağış kimi yağırdı. 13 oktyabr 2020-ci il tarixində Timur ön sırada döyüşürdü. Birdən lap yaxınlığına minaatan silahından atılan mərmi düşdü. Timur Əliyev mərminin partlaması nəticəsində döyüş meydanında şəhid oldu. Şəhid, çavuş Timur Əliyevin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Azərbaycan üçün canını fəda edən Timur Əliyev kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. Timur keçdiyi şərəfli ömür yolu ilə həmişə bizim qəlbimizdə yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun, şəhidim! Geri qayıt |