Əsas Səhifə > Şəhidlər > "Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik"

"Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik"


31-01-2024, 10:23


Vətəni, torpağı canından əziz tutan, bu yolda Şəhidlik zirvəsinə yüksələn oğullarımız minlərlədir. O oğullar ki, onları hər zaman bir amal birləşdirdi. O amal ki, qəhrəman oğullarımız hər an "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atıldılar və qanları ilə tarix yazdılar. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Dəmirçilər kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kiçik gizir Namazov Elcan Hidayət oğlu haqqında yer almış "Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik"


Evin tək oğlu idi Elcan. Üç bacının bir qardaşı idi. Ona görə də üzərində çox göz var idi. Atası Hidayət kişi ona fərəhlə baxır, anası Nailə xanım "Boyuna qurban olum", - deyərək fəxr edirdi. Bacıları Tərgül, Aytən, Gülhəyat sanki onunla nəfəs alırdılar. Bu səbəbdən də həmişə ona göz-qulaq olur, hər an maraqlanır, bircə saat görməyəndə narahat olurdular. Ailə üzvləri arasında məhəbbət qarşılıqlı idi. Elcan Namazov da daim valideynlərinin hörmətini saxlayır, bacılarını görəndə "Ölöm, ay bajı" deyərək sanki uçurdu. Qazax rayonunun Dəmirçilər kəndində yaşayan Namazovlar ailəsindən Tanrı öz səxavətini, mehribanlığını və səmimiyyətini əsirgəməmişdi.

Namazov Elcan Hidayət oğlu 1 iyun 1997-ci ildə belə bir ailədə dünyaya gəlmişdi. Xoşbəxt uşaqlıq illərini yaşayırdı. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinə gedəndə, elə təhsil illərində də müəllimlər ona diqqət və qayğı göstərirdilər. 2014-cü ildə həmin məktəbi bitirəndə gələcəkdə hansı arzunun dalınca gedəcəyi barədə qərar verməmişdi. Baxmayaraq ki, seçimində sərbəst idi, hansı qərarı versəydi, ailə də onunla razılaşacaqdı. 

2016-cı ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılanda və sərhəd qoşunlarında hərbi xidmət borcunu yerinə yetirəndə yavaş-yavaş ürəyində yeni arzular baş qaldırmağa başladı. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurub evlərinə qayıdandan sonra çox götür-qoy elədi. Və sonunda hərbçi olmaq yolunu seçdi, ömrünü hərbiyə bağlamağı qarşısına məqsəd qoydu.

Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Arzusuna çatdığı üçün çox xoşbəxt idi, atasının yolu ilə gedərək hərbçi olmuşdu. Qarabağ müharibəsi veteranı olan Hidayət kişi 1993-1995-ci illərdə Qazaxda, Ballı qayada, Murov dağı yüksəkliyində ermənilərə qarşı döyüşmüş, əlindən gələni əsirgəməmişdi. İndi növbə oğlunun idi.

Elcan Namazov həyatda dostcanlı, qohumcanlı olduğu kimi hərbi xidmətdə də nizam-intizamlı, yoldaşlarının qayğısına qalan, onlarla səmimi və mehriban davranan bir gənc, tələbkar hərbçi idi. Bütün bu xüsusiyyətlərinə görə də xidmət etdiyi hərbi hissədə özünə böyük hörmət qazanmışdı.

Elcan Namazov "N" saylı hərbi hissənin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3-cü kəşfiyyat manqasının kəşfiyyatçısı idi. O, elə bil anadan kəşfiyyatçı doğulmuşdu. Ondan nə isə bir söz almaq mümkün deyildi. Bu isə kəşfiyyatçıya xas olan ən gözəl xüsusiyyət idi. Atası deyir:

- Elcan nə mənə, nə də anasına bir söz demirdi. İşi ilə əlaqədar nə isə soruşanda təbəssümlə sualdan yan keçirdi. Bilirdik ki, hərbidə işləyir. Nə qədər qəribə görünsə də, onun hansı bölükdə xidmət etməsindən, nə iş görməsindən, vəzifəsinin nədən ibarət olmasından tam məlumatsız idik. Bəlkə də, inandırıcı gəlməyəcək, biz onun kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik.

Döyüş yoldaşları danışır ki, Vətən müharibəsinin ilk günlərində Murovdağ yüksəkliyini azad etdik. Sonra Kəlbəcər, Ağdərə istiqamətində, oktyabrın 8-də isə Füzuli uğrunda gedən döyüşlərə qatıldıq. Müharibə meydanında Elcan çox mərdliklə döyüşür, igidlik və şücaət nümayiş etdirirdi. Lakin qəfil düşmən gülləsi onun həyatını yarıda qoydu. Elcan Namazov oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.



Geri qayıt