Əsas Səhifə > Şəhidlər > "Yaralandığımı anama bildirməyin"

"Yaralandığımı anama bildirməyin"


29-01-2024, 10:12


Vətən, torpaq uğrunda Şəhidlik zirvəsinə yüksələn oğullarımızı hər zaman bir amal birləşdirdi. O amal ki, qəhrəman oğullarımız hər zaman "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” dedilər və döyüşə atıldılar. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Ürkməzli kəndində olub, kitabı qəhrəman şəhidimizin ata və anasına təqdim ediblər.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Şükürov İlkin Aslan oğlu haqqında yer almış "Yaralandığımı anama bildirməyin" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Yaralandığımı anama bildirməyin"


Şükürov İlkin Aslan oğlu özünü həmişə məğrur aparırdı, şəstlə yeridiyi üçün vüqarlı görünürdü daima. Sözündən dönməz, heç vaxt əyilməz, verdiyi vədə əməl edər, böyüyə-kiçiyə hörmətlə yanaşardı. Bu yüksək insani keyfiyyətlərə, camaatla doğma münasibətlərinə görə kənddə böyük hörmət qazanmış, insanların sevimlisinə çevrilmişdi, İlkin.

...1995-ci ilin 27 avqustunda Qazax rayonunun Ürkməzli kəndində Şükürovlar ailəsində toy-bayram idi. Aslan kişinin 2 qızdan sonra oğlu anadan olmuşdu. Qonum-qonşu, dost-tanış, qohum-əqraba onlara gözaydınlığı verir, ən gözəl arzularını bildirirdilər. Atasının sevinci isə yerə-göyə sığmırdı. Bacıları Nigarla Gülnar uşaq olsalar da, sevinir, fərəhlənirdilər. 

Firuzə xanım sonsuz qayğı, tükənməz sevgi ilə böyüdürdü oğlunu. Övladı boy atıb böyüdükcə fərəhlənir, hər kəlməbaşı "Anan sənə qurban olsun", - deyirdi. 

2001-ci ilin sentyabrında İlkin Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin birinci sinifinə gedəndə ailə bir daha sevinmiş, Allaha şükür eləmişdi. İlkin Şükürov 2010-cu ildə həmin məktəbin doqquzuncu sinifini bitirəndən sonra oxumağı dayandırsa da, sonradan eksternant qaydada imtahan verərək həmin məktəbin onbirinci sinifini bitirdi. Həmyaşıdları təki sağlam, boy-buxunlu bir gənc kimi böyüyürdü, İlkin. Qarşıda onu saysız-hesabsız arzular, işıqlı bir ömür yolu gözləyirdi. Gələcəkdə hansı peşəni seçmək, hansı sənətin dalınca getmək barədə götür-qoy eləmək vaxtı gəlib çatmışdı. 

2013-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldı. 2015-ci ilin aprel ayında əsgəri xidmətini başa vurandan sonra hərbi sahənin onu özünə cəlb etdiyini anladı. Ona görə də hərbçi olub Vətənə xidmət etməyi qarşısına məqsəd qoydu. Elə bu arzu, bu istəklə də 2017-ci ilin aprel ayında gizirlik kursunda oxuyaraq gizir rütbəsi aldı. 

İşlərini yoluna qoyduqdan sonra ailə qurmaq fikrinə düşdü. Ata-anası, elə bacıları da bu arzuda - İlkinin toyunu görmək arzusunda idilər. İstək istəyə tuş gəlmişdi. Ona görə də 23 aprel 2020-ci ildə nişanlandı, İlkin. Yazda nişanlanmasına baxmayaraq toyu payıza saxlamışdılar. Noyabr ayında olacaq toy gününü gözləyirdi nişanlı oğlanla qız. Tezliklə toy olacaqdı ailələrində. Amma... Deyir, sən saydığını say, gör bir fələk nə sayır.

...İlkin Şükürov Beyləqanda "N" saylı hərbi hissədə xidmət edirdi. Sentyabrın 26-da atasının ona hədiyyə aldığı avtomaşınla evlərinə gəlib. Ailə üzvləri ilə görüşüb və gətirdiyi maşını da evlərinə qoyub. Elə həmin gün də hərbi hissəyə qayıdıb. Bu, onun ailəsi ilə sonuncu görüşü olub.

Ertəsi günü - 27 senytabr 2020-ci ildə artıq Vətən müharibəsi başlamışdı. Gizir İlkin Şükürov Füzulidə düşmənə qarşı döyüşməyə başlayıb. Cəbhədə gedən qanlı vuruşmalarda bir neçə dəfə yaralanıb. Amma döyüş meydanını tərk etməyib. Bir dəfə isə yaxınlığına düşən mərminin zərbəsindən dalğaya düşüb. Bunu görən komandir təcili hospitala aparılıb müalicə olunması barədə tapşırıq versə də, İlkin razılaşmayıb, yarası sarıdıldıqdan sonra yenidən döyüşə girib. Bu, onun mərdliyindən, vətənpərvərliyindən irəli gəlirdi.

Yoldaşları danışır ki, oktyabrın 9-da döyüşən zaman yaxınlığına düşən minamyot mərmisinin qəlpələrindən İlkin Şükürov ağır yaralanmışdı. Əsgərlərdən Malik Əsgərovla Çingiz Nəsibov ona kömək göstərib döyüş meydanından çıxartdılar. 

İlkin onun həyatını qurtaran əsgərlərə minnətdarlıq edəndən sonra xahiş edib ki:

- Uşaqlar, sən Allah, yaralandığımı anama bildirməyin, - deyib. 

Bu, İlkinin son sözləri, həm də son xahişi olub. Bu xahiş onun anasına olan böyük sevgisindən irəli gəlirdi. 

İlkin, döyüş zamanı şəhid olan yoldaşları haqqında deyirmiş ki, görəsən, Şəhidlik mənə də qismət olacaqmı? Sözündən göründüyü kimi, İlkin hələ sağ ikən, bu yüksək zirvəyə qalxmağa mənən hazır imiş və bu ali zirvəyə yüksəlib də. 

11 oktyabrda döyüş zamanı başından ağır yaralanıb, İlkin Şükürov. Helikopterlə təcili olaraq Bakıya, hərbi hospitala aparıblar. Lakin cərrahiyə əməliyyatı olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Gənc ömrünü canı qədər sevdiyi Vətənə bağışlayıb, Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşub. İlkin Şükürovun qəhrəmanlıqla dolu döyüş yolu Füzulidə başa çatıb.

Azərbaycan xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşduran, işğaldan azad edilən şəhərlərə, qəsəbələrə, kəndlərə üçrəngli bayrağımızı sancan igid Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Gizir Şükürov İlkin Aslan oğlu ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə İlkin Şükürovun adı verilmişdir. 



Geri qayıt