Əsas Səhifə > Şəhidlər > "Qapımızdan bayraq asın, tezliklə qayıdacağam"

"Qapımızdan bayraq asın, tezliklə qayıdacağam"


27-01-2024, 09:17


"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan qəhrəman oğullarımız Azərbaycanın ərazi bütövlüyünün tam olması, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda Şəhidlik adlı uca zirvəyə yüksəldilər. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Ürkməzli kəndində olub, kitabı qəhrəman şəhidimizin ata və anasına təqdim ediblər.


Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Nağıyev Anar Sahib oğlu haqqında yer almış "Qapımızdan bayraq asın, tezliklə qayıdacağam" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Qapımızdan bayraq asın, tezliklə qayıdacağam"


Vətəninə, doğulduğu torpağa çox bağlı olan, ona sevdiyi qədər də inanan gənc idi Anar. El-obasına bağlılıq, inam və ehtiram onun torpağa olan sevgisindən irəli gəlirdi. Qəlbən, bütün varlığı ilə bağlı idi qoynunda boy atdığı Azərbaycan torpağına. 

Nağıyev Anar Sahib oğlunun keçdiyi ömür yolunu vərəqləyərkən bu yüksək duyğular gəlib keçdi ürəyimdən. O, 31 il deyil, kitablara sığmayan şərəfli, mənalı, igidliklə dolu olan bir ömür yaşayıb. Əbədiyyətə qovuşan bu ömür yolu Şəhidlik zirvəsinə yüksələrək tarixin şanlı səhifəsinə yazılıb. Yazılıb ki, bu gün, elə sonradan gələn nəsillər də oxuyub Anarın həyatından ibrət götürsünlər.

1989-cu ilin 30 oktyabrında Nağıyevlər ailəsində oğlan uşağı dünyaya gəlmişdi. Gəncə şəhərində eşidən-bilən, qohum - qonşular Sahibə gözaydınlığı verir, "Doğulan körpə Vətəninə, ailəsinə xeyirli bir övlad olsun" - deyirdilər. 

...Anar Nağıyev qayğısız uşaqlıq illərini yaşayır, ürəyindəki Vətəninə olan sevgisi ilə birgə böyüyürdü. 1996-cı ildə Samux rayonunun Alıuşağı kənd tam orta məktəbinin birinci sinifinə gedən gündən Vətənə, anaya aid çoxlu şeirlər söyləməklə müəllimlərin diqqətini özünə cəlb eləmişdi. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçüb burada yaşayanda vətənpərvərlik duyğuları daha da artdı. Çünki elə yaşadıqları kənd də mənfur düşmənlə sərhəddə yerləşirdi.  

Orta təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində davam etdirən Anar həmin məktəbin onbirinci sinifini bitirdi. 2008-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılandan sonra Anarın arzu və istəkləri dəyişməyə başladı. Hərbidə olan nizam-intizam, qayda-qanun onun ürəyində olan vətənpərvərlik duyğularını daha da artırdı. Anar həyatını bu sahəyə bağlamağa qərar verdi.

2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunandan sonra evlərinə gəldi. Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa getdi. 21 yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi aldı, "N" saylı hərbi hissədə xidmət etməyə başladı. 2012-ci ilin yanvarında isə TTM-də 6 aylıq gizirlik kursunu keçdi, gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirdi. 

Atası Sahib kişi danışır ki, Anar Türkiyədə xüsusi kurslarda hərbi təhsilini artırdıqdan sonra mükəmməl hərbçi kimi böyük həvəslə xidmət edirdi.

Anar Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli (26.06.2017) və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medallarla təltif olunmuşdur.

Anar xidməti dövründə döyüşlərdə də olmuş, hətta, 2014-cü ildə Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən yaralanmışdı. Anar Nağıyev 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmiş, vuruşmalarda igidlik göstərmişdi. Artıq onun döyüş təcrübəsi var idi. Ona görə də Vətən müharibəsində iştirak etdiyi döyüşlər ona heç də çətin gəlmədi. Murov dağında ilk vuruşmaya girən Anarın döyüş yolu Kəlbəcərdə, Füzulidə davam edib. Hadrutda ayağından yaralanmasına baxmayaraq müalicə olunmağa getməyib, döyüşüb. 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına şəhid olub.

Anası Məlahət xanım deyir ki, axırıncı dəfə yaralananda hospitala yanına getmişdik. Müharibədən danışan Anar:

- Az qalıb, qapımızdan bayraq asın, tezliklə qayıdacağam" - dedi bizə. - Özü də ürəklə, böyük həvəslə, sevinc hissləri ilə dedi, bu sözləri.

Bəli, onun dediyi kimi də oldu. Müharibədə qələbə çaldıq, Anar Nağıyevin yaşadığı evin qapısından bayraq da asıldı. Amma...

Gizir Anar Nağıyevin göstərdiyi qəhrəmanlıq ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilən Anar daha sonra 5 medala da layiq görülmüşdür. O, ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsaəsn "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 noyabr 2020-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikasının "Şücaətə görə" medalına layiq görülmüşdür.

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə Anar Nağıyevin adı verilmişdir.



Geri qayıt