Əsas Səhifə > Şəhidlər > Atasının yolu ilə

Atasının yolu ilə


24-01-2024, 10:17


"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!”. Bu deyimləri əldə rəhbər tutan neçə-neçə igid oğullarımız Vətən yolunda Şəhidlik zirvəsinə ucaldılar. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Məmmədov Amid Müqabil oğlu haqqında yer almış Atasının yolu ilə” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Atasının yolu ilə


Hər bir insanın həyatda öz ömür yolu, öz arzu-istəyi olur. Gənc yaşlarından başlayaraq müstəqil həyata qədəm qoyan gündən bu arzuların həyata keçməsi uğrunda çalışıb vuruşur. Bəzən isə insan öz atasının keçdiyi həyatı özünə ömür yolu seçir, atasına oxşamağa çalışır, öz fəaliyyətini bu amal üzərində qurur.

Haqqında söhbət açdığım Məmmədov Amid Müqabil oğlu da atasının yolu ilə getməyi özünə həyat amalı bilmiş, onun kimi hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Evin tək oğlu olduğu üçün həyatda müstəqil böyüyür, həyatı ilə bağlı qərarları özü verirdi. Böyüdükcə qədim bir el məsəlində deyildiyi kimi "Oğul atanın köşənini əkər" məsəlinə uyğun olaraq gələcək ömür yolunu bu istiqamətdə qurmağa başlayırdı.

Yeri gəlmişkən, vaxtilə Gürcüstanda gizir olan atası erməni quldurlarının torpaqlarımıza basqını dövründə işini ataraq 1991-ci ildə Azərbaycana gəlmiş, könüllü dəstələrin tərkibində Qazaxın kəndlərinin erməni işğalçılarından müdafiə olunmasında fəal iştirak etmişdir. Bütün varlığı ilə Vətənə bağlı olan Müqabil Məmmədov 10 il torpaqlarımızın keşiyində dayanaraq kapitan rütbəsinə qədər yüksəlmişdir.

2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya gələn Amid Məmmədov uşaqlıqdan idmanı çox sevir, sağlam ruhda böyüyürdü. O, 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinifinə getmiş, 2004-cü ildə həmin məktəbin onbirinci sinifini bitirmişdir. Amid Məmmədov 1 il sonra isə həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci ildə xidməti borcunu yerinə yetirərək Xanlıqlar kəndinə dönmüşdür.

Amid artıq 25 yaşına çatmışdı. Ürəyində uşaqlıqdan boy atmış arzusunun dalınca gedərək atası kimi hərbçi olmağa qərar vermişdi. Bu arzu, bu istəklə də 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etməyə başlamışdır. Sonra "N" saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri - döyüş maşınları heyətinin rəisi olmuşdur.

Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. 

Amid Məmmədov Vətən müharibəsindən öncə görmüşdü müharibəni, onun od-alovunun içərisindən keçmişdi düz 4 il bundan əvvəl. O, 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda gedən vuruşmada fəal iştirak etmiş, igidlik göstərmişdi. Döyüş zamanı sol qolundan yaralanmışdı Amid. Ancaq cəsur döyüşçü yaralanmasını ailəsinə bildirməmişdi. Ailə üzvləri sonradan öyrənmişdilər Amidin döyüşdə yaralanmasını. O, sağalandan sonra dərhal hərbi xidmətini davam etdirmişdir.  

Aprel döyüşlərində olduğu kimi Vətən müharibəsində də Amid Məmmədov əsl igidlik göstərmiş, qəhrəmanlıqla dolu bir döyüş yolu keçmişdir. Vətən müharibəsi başlayan ilk gündən döyüşə atılmış, bu zaman idarə etdiyi Piyadaların Döyüş Maşını (PDM) ilə necə deyərlər, düşmənin başına od yağdırmışdı. 

Atası Müqabil kişi danışır ki:

- Amid şəhid olmamışdan 20-25 gün əvvəl PDM-lə minaya düşmüşdü. O, ayağından və baş nahiyəsindən yaralanmasına baxmayaraq ilk yardım alaraq yenidən döyüşə atılmışdı. Bunu da biz, sonradan bildik.

Amid Məmmədovun bir özəlliyi də ondadır ki, Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı dediyi "Erməniləri iti qovan kimi qovacağıq" ifadəsinə uyğun olaraq idarə etdiyi PDM-ə "İti qovan kimi" sözlərini yazaraq döyüşə girmişdir. 

Atası Müqabil Məmmədov danışır ki, Amid Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının, Horadizin və Şuşanın kəndlərinin azad olunmasında igidlik göstərmiş, qəhrəmanlıqla döyüşmüşdür.

İgid hərbçinin son döyüşü Xocavənd istiqamətində olub. Noyabrın 2-də Xocavənddəki ən böyük yüksəkliyi ələ keçirərək ora bayraq sancıblar. Ertəsi günü isə onlara daha çətin və daha məsuliyyətli bir tapşırıq verilib. İgid döyüşçülər səhər tezdən Qırmızı Bazar istiqamətində hücuma keçib düşməni geri oturtmalı idilər. Lakin hücum zamanı pusquya düşərək geri çəkilmək məcburiyyətində qalıblar. PDM-i vurulduğu üçün Amid tankların birinin üstündə mühasirədən çıxıb geri qayıdırdı. Birdən düşmən snayperi qəfil atəş açdı. Güllə Amidin düz başından dəydi. Qəhrəman Vətən oğlu döyüş meydanında şəhid oldu. 

Amidin anası Esmira xanım, həyat yoldaşı Abuhəyat xanım neçə ildir ki, ondan bu dünyada yadigar qalan 2 körpə qız balasının - Nisə ilə Esmiranın başına sığal çəkib "Atanız qayıdacaq" - deyə körpələri ovudurlar.

Şəhid Amid Məmmədovun igidliyi Prezident Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş. O, Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Amid Məmmədovun adı verilmişdir.



Geri qayıt