Əsas Səhifə > Şəhidlər > Tibb xidməti leytenantı
Tibb xidməti leytenantı16-01-2024, 08:45 |
Qazax rayonunda "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımızın adlarını, xatirələrini yaşatmaq üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu haqqında yer almış “Tibb xidməti leytenantı” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Tibb xidməti leytenantı İnsana bəxş olunmuş ömrün qısa və ya uzun olması əsas şərt deyil. Elə uzun ömürlər var ki, heç zaman yada düşmür, xatırlanmır. Elə ömürlər də var ki, qısa olmasına baxmayaraq daim söz açılır, anılır. Ömrün qiymətli, yaddaqalan olmasında əsas şərt onun örnək olması, gələcək nəsillərə nümunə göstərilməsidir. Belə ömür yaşamış insanlar zaman-zaman xatırlanır, illər keçdikcə anılaraq yüksək qiymət alırlar. Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu belə bir ömür yaşamış, gələcək nəsillərə nümunə olacaq bir həyat sürmüşdür. Onun belə bir ömür sürməyinin ən bariz nümunəsi müəllimlərin, alimlərin, tələbə yoldaşlarının, ətrafında olmuş insanların, münasibət saxlamış adamların onun haqqında yüksək fikir söyləməsi, bu münasibətlərə müsbət dəyər verməsidir. Kimliyindən, hansı vəzifədə olmasından, statusundan asılı olmayaraq hamı Adil Əfəndiyevi xoşrəftar, mehriban, gülərüz, çalışqan, bilikli, gələcəyi işıqlı və ən nəhayət, Vətənini, xalqını sevən bir gənc, bir hərbi həkim, dost, yoldaş kimi xatırlayır. Ona görə xatırlayırlar ki, Adil Əfəndiyev cəmi 25 yaşı olmasına baxmayaraq dost, yoldaş, həmkar kimi böyük hörmət qazanmış, bir hərbçi kimi isə döyüş meydanında qəhrəmanlıq göstərmiş, canını bütün varlığı ilə sevdiyi Vətən yolunda fəda edərək əbədiyyətə qovuşmuşdur. Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə oxumuşdur. 2012-ci ildə həmin təhsil müəssisəsini bitirənə qədər bilikli olması ilə diqqəti özünə cəlb eləmiş, gələcəyinə böyük ümidlər bəslənilmişdi. Müəllimləri onun tanınmış mütəxəssis, böyük elm adamı olacağına inanırdılar. Çünki Adil Əfəndiyevi işıqlı sabah, nurlu gələcək gözləyirdi. Anası Afət xanım danışır: - Tarix müəllimi işləyən babası Fərid müəllim deyirdi ki, balam gələcəkdə general olacaq. Nənəsi isə nəvəsinin həkim olmasını arzu edirdi. Adil Əfəndiyev 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 2018-ci ildə həmin institutun "Hərbi həkim işi" ixtisasını bitirərək həm babasının, həm də nənəsinin istəklərini həyata keçirmiş, hərbi həkim olmuşdu. Tibb Universitetini qurtarmaq onun üçün hələ son hədd deyildi. Bacısı Nərmin deyir ki, Adil həyatını planlar üzərində qurmuşdu. O, bir müddət işlədikdən sonra təhsilini davam etdirmək, rezidenturaya qəbul olmaq arzusunda idi. Türkiyədə oxuyub ali dərəcə almaq da onun gələcək planlarına daxil idi. Ona görə də Naxçıvana gedəndə özü ilə birlikdə xeyli sayda elmi kitablar aparmışdı. O, öz gələcəyini elm sahəsində, həm də yüksək ixtisaslı həkim kimi görürdü. Adil Əfəndiyev ali təhsilini başa vurduqdan sonra təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda "N" saylı hərbi hissədə tibb xidməti leytenantı kimi hərbi xidmətə başlamışdı. Bədii kitabları çox sevirdi, dünya ədəbiyyatına marağı böyük idi Adilin. Bu məqsədlə boş vaxtı olan kimi kitab oxuyur, xoşuna gələn hikmətli sözləri ayırdığı xüsusi kitabçaya yazırdı. Həmin kitabçanı vərəqləyib oxuyuram: "Mən xoşbəxt bir kəpənəyəm… yaşasam da, ölsəm də" (Ovod), yaxud, "Dünyanın harasında olursan ol, olduğun yerdə deyil, düşündüyün yerdəsən"… və sair. Adil anasına çox bağlı idi. Yoldaşları danışır ki, "Qurban olum, anama dəymə, ilahi, Qəddini əyib, belini bükmə, ilahi" sözləri olan mahnını həmişə dodaqaltı zümzümə edirdi Adil. Anasına o qədər çox bağlı idi ki, düşünməsin, narahat olmasın deyə, hətta müharibəyə getdiyini belə ondan gizlətmişdi. …Dərddən saçları ağarmış ana özünü heç nə ilə ovundura bilmir. - Mən onu istədiyim kimi heç kimi istəmirdim, - deyir Afət xanım. - İndi onsuz necə yaşayıram bilmirəm. Adillə bərabər mən də yoxam. Oğlumun Vətən sevgisi mənə olan sevgisindən böyük imiş. Ona görə də məni deyil, Vətəni seçdi, torpaq uğrunda canını qurban verdi. Sən demə, şəhid olmaq Adilin ürəyinə damıbmış. Bu səbəbdən də hərbçi yoldaşlarına deyirmiş ki, "Mən bu dəfə Qazaxa fərqli gedəcəyəm, bayrağa bükülmüş". Naxçıvandan gələn günü hamı ilə şəkil çəkdirib, deyib ki, "Gəlin, mənimlə şəkil çəkdirin, xatırlayanda deyərsiniz ki, mən bu şəhidlə şəkil çəkdirmişəm". …Naxçıvandan Qazaxa məsafə uzaq olduğundan və vaxtın azlığından istədiyi vaxt evlərinə gedib-gələ bilmirdi Adil. Atası Qədir kişi deyir ki: - Adil 2019-cu ilin dekabr ayında 20 günlük məzuniyyətə gəlmişdi. Bacısının ad gününü keçirdik. Dekabrın 31-də Adili Qazaxdakı avtovağzaldan Bakıya yola salırdım. Gecə saat 11 idi. Avtobusun içində Adillə görüşüb yerə düşdüm. Sonra gəlib onun pəncərəsinin önündə dayanıb yola düşməsini gözləməyə başladım. Birdən ürəyim elə sıxıldı, elə sıxıldı ki, təzədən avtobusa minib onu bərk-bərk qucaqladım. Sən demə, bu bizim sonuncu görüşümüz imiş. Vətən müharibəsi başlayanda Adil Əfəndiyev də cəbhəyə yola düşür. "N" saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı kimi müharibəyə qatılır. Bacısı Nərmin xanım danışır ki: - Adil Xüsusi Təyinatlı Qüvvələrdə hərbi həkim olması ilə fəxr edirdi. Müharibənin başlaması və qoşunlarımızın torpaqlarımızı azad etməsi lap ürəyindən idi. Elə sevinirdi ki... Ona görə də yazmışdı ki, "O gün gəldi. Ya indi, ya da heç vaxt". Adilə məxsus olan xüsusiyyətlərdən biri də onun harasa tələsməsi idi. Deyirdi: "Qrup yoldaşlarımın hamısı döyüşdədir. Birinin ayağı, birinin qolu amputasiya olub". Bu fikirlər onu çox narahat edir, özünə yer tapa bilmirdi. Həmişə döyüşə can atırdı. Ən təhlükəli yerlərə özü gedirdi. Ağır vəziyyətlər olanda sanitara deyirdi ki, "Sən evlisən, ailən var. Mən isə subayam, yaralıya özüm kömək edəcəyəm". Oktyabrın 22-də Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində qanlı döyüşlər gedirdi. Xocavəndin Tuğ kəndində düşmən itirdiyi mövqeyini geri almaq istəyirdi. Bu zaman "N" saylı hərbi hissənin komandiri polkovnik-leytenant Anar Əliyev səngərdə ağır yaralanır. Əsasnaməyə əsasən yaralını döyüş meydanından sanitar, feldşer çıxartmalıdır. Amma bu qaydalara və edilən xəbərdarlıqlara baxmayaraq Adil Əfəndiyev döyüş meydanına özü girərək komandirə ilk tibbi yardım göstərir. Həmin an Adil sinəsindən güllə ilə vurulur və düşmənə yaxın olduqları üçün səngərin onun olduğu hissəsinə əl qumbarası (F-1) atılır. Komandirlə birlikdə hərbi həkim də səngərdə qəhrəmancasına şəhid olur. 25 yaşlı gənc həkim, tibb xidməti leytenantı Adil Əfəndiyev döyüş meydanında əbədiyyətə qovuşur. Adil Əfəndiyev Qazax şəhər qəbiristanlığında böyük izdihamla dəfn edilmişdir. Bu müqəddəs məkana, Adili ziyarət etməyə gələn insanlar onun mərmər daşdan boylanan şəklinə, üzündəki təbəssümə baxıb heyfslənir, ruhuna dualar oxuyur, Tanrıdan ona rəhmət diləyirlər. Adilin təbəssümlü baxışları onun insanlara son vidasıdır. Baş daşının yanına qoyulmuş dəftərə yazılmış ürək sözləri isə insanların Adilə olan son sözləri, sevgisi, nidalarıdır. Dəftəri açıb oxuyuram: "Sənin ölümün məni çox sarsıtdı. Həyatda elə bir möcüzə olsaydı, canımı canına dəyişərdim. Sənin yerinə mən canımı verməyə hazıram. Gözəl balam, yerin cənnət olsun. Sən həmişə ürəklərdə yaşayacaqsan. Bayramın mübarək. Ruhun şad olsun. Hüseynova Əsmər İntiqam qızı". Başqa bir yazıda isə bu sözlər yazılıb: "Çox çətindi səni daşdan görmək. Körpə şəhidimiz, fəxr etdiyimiz həkim balamız. Müəllimənin gözü yaşlı səni ziyarət etməyi nə qədər ağırdır. Allah Afət müəlliməyə, Qədir qardaşımıza səbr versin. Hörmətlə səni yad edən müəllimən". "Zirvələrin ən ucasına ucalan, şəhidim. Həkimlər günün mübarək olsun. Sən həmişə bizim qəlbimizdə yaşayacaqsan. Məkanın cənnət olsun, şəhidim. STARMED Tibb Mərkəzi". Şəhidlik zirvəsinə yüksəlmiş tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Adil Əfəndiyevin adı verilmişdir. Geri qayıt |