Əsas Səhifə > Şəhidlər > 22 yaşı yenicə tamam olmuşdu...
22 yaşı yenicə tamam olmuşdu...15-01-2024, 11:15 |
Qazax rayonunda Vətən yolunda, torpaq uğrunda ölümü gözə alan, qanından, canından keçməyi həyat amalı bilən oğullarımızın adlarını, xatirələrini yaşatmaq üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş leytenant Bayramlı Elmar İsa oğlu haqqında yer almış “22 yaşı yenicə tamam olmuşdu...” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 22 yaşı yenicə tamam olmuşdu... Hələ nə yaşı var idi ki... Həyat bağçasında açılmaqda olan tumurcuq idi hələ. Nəhəng ağacın ömür adlı budağından pöhrə verib boy atacaqdı indən belə. Hələ nə yaşı var idi ki, Elmarın. 22 yaşı yenicə tamam olmuşdu. Sonuncu dəfə yaşını keçirməyə macal da tapmamışdı. "Allah qoysa, sonra qeyd edərəm" - demişdi. Yaşının az olmasına baxmayaraq arzuları böyük, istəkləri sonsuz idi Elmarın. Ömrünün bu çağında əldə etdiklərini də öz zəhməti, öz gücü ilə qazanmışdı. Hələ yaşamalı günləri, ömür sürməli illəri qabaqda idi. Hələ nə yaşı var idi ki... Bayramlı Elmar İsa oğlu 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya gəlmişdi. 1 sentyabr 2005-ci ildə isə Birinci Şıxlı kənd natamam orta məktəbin birinci sinifinə gedib oxumağa başlamışdı. Təhsil aldığı ilk gündən dərslərini əla oxuması, yüksək təlim-tərbiyəsi ilə müəllimlərin diqqətini özünə cəlb eləmişdi. Aradan neçə illər keçməsinə baxmayaraq müəllimləri yenə də onu xatırlayır, məmnunluq hissləri ilə anırlar. Elmarın müəllimi olmuş Elman Vəliyev deyir: - Məktəbdə Elmar bütün uşaqlardan fərqlənirdi. Fənlərin hamısından yüksək qiymətlər alırdı. "Bilmirəm" sözü ona yad idi. Tərbiyəsi də oxumağı kimi çox yüksək idi. Həmişə özünü çox nizam-intizamlı aparır, qayda-qanuna riayət edirdi. Elmar Bayramlı kənddə nənə-babasının himayəsində yaşayırdı. O, məktəbin doqquzuncu sinifini fərqlənmə ilə bitirdikdən sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçdü. Bununla da onun kəndlə bağlı uşaqlıq illəri başa çatdı. Təhsilini şəhərdəki 24 nömrəli məktəbdə davam etdirib onbirinci sinifi bitirdi. Qarşıda onu böyük uğurlar gözləyirdi. Amma o, başqa yolu seçdi. Bəlkə də Elmar gələcəkdə yüksək səviyyəli elm adamı, tanınmış mütəxəssis, böyük bir iş adamı olacaqdı. Bəlkə də... Buna potensialı da var idi. Amma "Arzun hara, mənzilin də ora" deyərək öz arzularının dalınca gedib hərbi sahəni seçdi. Ona görə də Elmar Bayramlı 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq təhsilini bu sahədə davam etdirdi. 2020-ci ilin iyun ayında həmin məktəbi bitirib leytenant rütbəsi aldı. Anası Amalya xanım deyir ki, Elmar danışmağı sevməzdi. Adəti üzrə adi qaydada zəng edir, hal-əhval tutduqdan sonra sağollaşırdı. Bir dəfə gördüm Elmar telefonla görüntülü zəng elədi. Təəccübləndim, heç belə zəng etməzdi. - “Ana, haqqını halal elə" - dedi mənə. Başa düşmədim ki, niyə belə deyir Elmar. Sən demə, müharibəyə gedirmiş, mən həyəcanlanaram deyə deməyib. Sonuncu dəfə onda, özü də telefonda gördüm oğlumu. Elmar Bayramlı Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində leytenant rütbəsində döyüş bölgəsində xidmətə başlamışdı öz xahişi ilə. Çünki torpaqlarımızın işğal altında olması fikri ona rahatlıq vermirdi. Düşməndən intiqam almaq, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayırdı Elmar Bayramlı. Bu arzunun reallaşması isə ancaq döyüşlərdən keçirdi. Döyüşmək və düşməndən intiqam almaq Elmar Bayramlının ən böyük amalı idi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində ermənilərin növbəti təxribatlarının qarşısını alan zaman Elmar Bayramlı da döyüşlərdə iştirak etmişdi. General-mayor Polad Həşimovun şəhid olması Elmarı düşmənə qarşı daha da hiddətləndirmişdi. Vətən müharibəsi başlayanda Elmar Bayramlı döyüşlərə böyük intiqam hissi ilə qatılmışdı. Ona görə də mərdliklə vuruşur, əsl qəhrəmanlıq göstərirdi. Sentyabrın 30-da Tərtər rayonunun Talış kəndi istiqamətində hücum əmri almışdılar. Səhər tezdən əməliyyat başlayanda Elmar Bayramlı sol ayağından yaralanmışdı. Tibbi yardım alan kimi qanı heç kəsilməmiş yenidən döyüş meydanına atıldı. Amma düşmən gülləsi axıra qədər döyüşməyə aman vermədi. Elmar Bayramlı bu dəfə minaatandan atılmış mərminin qəlpəsindən ağır yaralandı və döyüş meydanında qəhrəmancasına şəhid oldu. 22 yaşlı gənc leytenantın arzuları yarımçıq qaldı. Hələ nə yaşı var idi ki... Elmar Bayramlı Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Dövlətimiz tərəfindən şəhid leytenant Elmar Bayramlının xidmətləri yüksək qiymətləndirilmişdir. Gənc leytenant ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Onu da qeyd edim ki, şəhidimizin qardaşı Elmar Bayramlı da Vətən müharibəsində iştirak etmış, Füzuli istiqamətində döyüşmüşdür. O, hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində zabit kimi xidmət edir. Geri qayıt |