Əsas Səhifə > Şəhidlər > Şəhidlərimizin Vətən və bizlər üçün etdiklərini heç vaxt unutmamalıyıq

Şəhidlərimizin Vətən və bizlər üçün etdiklərini heç vaxt unutmamalıyıq


14-01-2024, 16:15

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda gənclərin milli-mənəvi dəyərlərinə sahib çıxması, qoruyub saxlaması üçün var qüvvəmizlə çalışmalıyıq. Gənclərin dövlətinin tərəqqisi üçün can yandırması, doğma xalqının tarixini, keçmişini, dünənini və bu gününü yaxından öyrənməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində hər birimiz məqsədəuyğun işlər görməliyik. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində başlıca amillərdən biri isə xalqımızın azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın keçdikləri döyüş yollarını nümunə göstərməkdir. Vətənin tam olması üçün öz canından, qanından keçərək bütün yüksəkliklərdən ucada dayanan Şəhidlik zirvəsinə yüksələnləri tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Rövşən Alıyevin, Baləgədə Hacıyevin, Elburus Məmmədovun, Ədilxan Bəşirovun, Qalib Əliyevin, Əhməd Əliyevin, Elman Əliyevin, Vüqar Süleymanovun, Ruhiyyə Bənnayevanın əziz xatirəsini ehtiramla yad edirik.

Alıyev Rövşən Cəbrayıl oğlu


Alıyev Rövşən Cəbrayıl oğlu 1 oktyabr 1977-ci ildə Qazax rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1984-cü ildə Qızıl Hacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1995-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına çağırılmışdır. 8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Subay idi.

Hacıyev Baləgədə Həsən oğlu


Hacıyev Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1958-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1959-62-ci illərdə Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü  ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində işləmişdir. 27 oktyabr 1991-ci ildə şəhid olmuşdur.

Məmmədov Elburus Veyis oğlu


Məmmədov Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində güllə yarasından şəhid olmuşdur.

Bəşirov Ədilxan Əmirxan oğlu


Bəşirov Ədilxan Əmirxan oğlu 10 yanvar 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olmuşdur. Həmin il Azərbaycan Milli Ordusuna çağırılmışdır. 9 mart 1993-cü ildə Qazax bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kəndində adına bulaq var. 

Əliyev Qalib Nazim oğlu


Əliyev Qalib Nazim oğlu 25 avqust 1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1981-ci ildə İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-ci ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Füzuli bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust 1997-ci il tarixli qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.

Əliyev Əhməd Mirzə oğlu


Əliyev Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Ordu sıralarına çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır. 

Əliyev Elman Əli oğlu


Əliyev Elman Əli oğlu 10 oktyabr 1959-cu ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1975-76-cı illərdə Kosalar kənd tam orta məktəbin 10-cu sinifini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir. İki övladı var.

Süleymanov Vüqar İdris oğlu


Süleymanov Vüqar İdris oğlu 30 aprel 1971-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasının ll kursunu yarımçıq qoyaraq Qarabağa döyüşə getmişdir. 13 yanvar 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 

Bənnayeva Ruhiyyə Mustafa qızı


Bənnayeva Ruhiyyə Mustafa qızı 14 yanvar 1977-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1984-cü ildə Kommuna (indiki Bala Çaylı) kənd 8 illik məktəbin 1-ci sinifinə daxil olmuşdur. 14 iyun 1992-ci ildə ermənilərin Kommuna kəndini atəşə tutması nəticəsində evlərinə düşən qrat mərmisindən şəhid olmuşdur.


Geri qayıt