Əsas Səhifə > Şəhidlər > Bir oğul tanıyıram...

Bir oğul tanıyıram...


13-01-2024, 09:05


Qazax rayonunda Vətəni canlarından əziz bilərək bu yolda Şəhidlik zirvəsinə ucalan oğullarımızın adlarını, xatirələrini yaşatmaq üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Birinci Şıxlı kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına təqdim ediblər.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu haqqında yer almış Bir oğul tanıyıram...” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Bir oğul tanıyıram...


Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında igidlik və şücaət göstərmiş baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu haqqında yazıya onun layiq olduğu misralarla başlamaq istəyirəm:

Bir oğul tanıyıram - mərd,

ucaboy, gen sinə,

Bir oğul tanıyıram -

oğul deyirəm sənə.

Bəli, mən bir oğul tanıyıram, elə bir oğul ki, ömrünün ilk bahar çağında Şəhidlik zirvəsinə ucalaraq öz adını təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycan xalqının əbədi olaraq yaddaşına həkk edə bildi. Bir oğul tanıyıram, elə bir oğul ki, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin başladığı ilk gündən savaşa atılaraq Murovdağın, Cəbrayılın, Füzulinin müxtəlif kəndləri və şəhər istiqamətində gedən döyüşlərdə əsl igidlik nümayiş etdirdi, torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərdi.

Əzizim sözə qaldı,

Bir şirin sözə qaldı.

       Yad qovuldu dağlardan,

El-oba bizə qaldı.

Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açmışdır. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində oxumuş, 2006-cı ildə həmin məktəbin səkkizinci sinifini bitirmişdir. 2007-ci ildən ona ana qədər doğma olan kənddən yol alaraq arzularının arxasınca getmişdir. Gəmi qayasını qucaqlayıb axan Kür çayı sanki bir bayatı söyləmiş:

Burda yolum oldu tən,

Varmı bu yoldan ötən.

Bu dünyada şirin şey, 

Bir anadır, bir Vətən.

Bəli, Nəbi anası qədər sevdiyi Vətəni qorumaq, onun düşmən tapdağı altında haray çəkən torpaqlarını azad etmək üçün hərbi yolu seçmişdi. Ürəyində kök atmış arzulara qovuşduran bu yol onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirmiş, 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. Nəbi Hüseynov başladığı yolu davam etdirərək hərbi təhsilini daha da artırmaq üçün 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır. Təhsilini başa vurduqdan sonra 2020-ci ildə Vətən müharibəsi başlayana qədər müxtəlif hərbi hissələrdə nümunəvi xidmət etmiş, zabit kimi öhdəsinə düşən tapşırığı vaxtlı-vaxtında yerinə yetirmişdir. 

Atası Hacıbala kişi övladı barədə danışarkən xüsusi olaraq vurğuladı ki, Nəbidən söz almaq mümkün deyildi. Anası Gülarə xanım ağlaya-ağlaya deyir ki;

- Mənə - doğma anasına da bir söz demir, hara getdiyi, nə iş gördüyü, nə baş verdiyi barədə bir kəlmə də olsun belə danışmırdı. 

Bu da Nəbi Hüseynovun əsl peşəkar hərbçi olmasından irəli gəlirdi. Bibisi Bəsti xanım danışır ki;

- Sentyabrın 20-də axırıncı dəfə evə gəlib paltarlarını yığışdırmağa başladı. Hara getdiyini soruşanda: "5-6 günə gələcəyəm", - deyərək getdi. Bir daha onu görmədim. 

Belə qapalı olmasının nəticəsidir ki, ailə üzvlərinin Nəbi Hüseynovun keçdiyi döyüş yolu barədə çox az məlumatları var. Bildiklərini isə Nəbinin dəfnində iştirak edən, onun yas mərasiminə gələn hərbçi yoldaşları danışıblar.    

Müharibə. Bu qan-qada ilə Nəbi hələ 2016-cı ilin aprelində qarşılaşmışdı. Onun necə amansız olduğunu yaxşı bilirdi, ağrı-acılarına bələd idi. O, Aprel döyüşlərində mərdliklə vuruşmuş, dəfələrlə ölümlə üz-üzə gəlmiş, öz bacarığı, təcrübəsi, ən başlıcası isə mərdliyi sayəsində düşməni məhv edərək döyüşlərdən qalib çıxmışdı. 

Bu tarixi döyüşdən sonra Nəbi Hüseynov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ-də) baş kəşfiyyatçı kimi xidmət etməyə başlamış, qrup komandiri olmuşdur. Nəbi XTQ-də xidmət etməsindən qürur duyurdu.

Yoldaşları danışır ki;

- Murovdağ yüksəkliyinin alınması uğrunda başlanan hərbi əməliyyatda ilk atəş açan məhz Nəbi Hüseynov olmuşdur. 

Hücumu davam etdirərək oradan Kəlbəcərə doğru 15 km irəliləyiblər. Nəbi Hüseynov sonra Füzulinin, Cəbrayılın azad olunması uğrunda gedən hərbi əməliyyatlarda fəal iştirak edib. Döyüş yoldaşlarının dediyinə görə, həmişə öndə olur, döyüşə tək girirdi. Ona görə ki, çox qorxmaz, mərd və mübariz idi.

Oktyabrın 8-dən 9-na keçən gecə Füzulidən Hadrut istiqamətinə doğru irəliləyirdilər. Nəbi Hüseynov yenə də qanlı döyüşə girmişdi. Vuruşmanın ən qızğın çağında qəfil düşmən gülləsi onu yaralayıb. Lakin Nəbi yaralı olmasına baxmayaraq, döyüş meydanından çıxmayıb, 4-5 saat vuruşub. Hətta yaralı-yaralı əmr də verirmiş, baş leytenant Nəbi Hüseynov. Axıra qədər düşmənə qarşı mərdliklə mübarizə aparan igid zabit elə səngərdəcə 9 oktyabr 2020-ci il tarixində şəhid olub. Döyüş yoldaşları igid zabitin qanını yerdə qoymayıb, düşməni darmadağın edərək qisasını alıb, əmri yerinə yetiriblər.

Baş leytenant Nəbi Hüseynov ölümündən sonra Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilmişdir. O, ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə Nəbi Hüseynovun adı verilmişdir.



Geri qayıt