Əsas Səhifə > Şəhidlər > "Rəşadət" ordenli kapitan

"Rəşadət" ordenli kapitan


11-01-2024, 09:05


Qazax rayonunda Vətən uğrunda canlarından keçərək öz qanları ilə adlarını hərb tariximizə və xalqımızın qəlbinə əbədi həkk edən qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu haqqında yer almış "Rəşadət" ordenli kapitan sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Rəşadət" ordenli kapitan


Bu ali mükafata Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə təltif olunmuşdu kapitan İmamverdi İsmayılov. Ölkə başçısı tərəfindən verilən bu orden onun şücaətinin, peşəkarlığının, qorxmazlığının, ən nəhayət, qəlbində olan Vətən sevgisinin ən böyük mükafatı idi. Bu ali mükafat od-alovun içindən düşən dümağ şəfəq, səngərdə keçən gecələrin üzünə doğan al günəşdir. "Rəşadət" ordeni ata haqqı, ana südü qədər halaldır yenilməz kapitana.

İsmayılov İmamverdi Yoloğlu oğlu 1 may 1989-cu ildə dünyaya gələn gündən güllə səsləri eşitmiş, müharibə ab-havasında böyümüşdü. Doğulduğu Qazax rayonunun Aşağı Əskipara kəndi düşmən istilasının qurbanı olmuş, yaşadıqları evə ermənilər tərəfindən atılmış top mərmisi düşmüşdü. Ona görə də İmamverdi uşaqlıqdan düşmənə nifrət hissləri ilə böyüyürdü. 

Kəndləri işğal olunduğu üçün 1992-ci ildə Qazax şəhərinə köçmüş, köçkünlük həyatı yaşamağa başlamışdır. Atası Yoloğlu kişi danışır:

- Qazaxda hərbi şəhərcikdə məskunlaşdığımız üçün İmamverdi hər gün hərbçiləri görür, onlarla təmasda olur, bu da onun gələcək arzularının formalaşmasına öz təsirini göstərirdi. Ona görə də uşaq yaşlarından hərbçi olmağı, düşmənlərdən qisas almağı qarşısına məqsəd qoymuşdu. Onun bu arzuya düşməsində əmisi polkovnik-leytenant Kamal İsmayılovun da az təsiri olmadı. 

1995-ci ildə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinifinə daxil olan ilk gündən İmamverdi İsmayılov dərslərini yaxşı oxuyur, biliyi və nizam-intizamı ilə fərqlənirdi. Dərslərindən yüksək qiymətlər almasına baxmayaraq 2003-cü ildə həmin məktəbin səkkizinci sinifini bitirdikdən sonra təhsilini dayandırıb arzularının dalınca getdi. Həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olaraq düz 3 il oxudu. 2006-cı ildə həmin liseyi bitirdikdən sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2010-cu ildə isə Ali Hərbi Məktəbi qurtarıb, 1 il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil aldı. 

2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, eləcə də Sumqayıt, Bakı və Mingəçevirdəki "N" saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu. 

Həyat yoldaşı Vəsilə xanım deyir: 

- İmamverdi torpaqlarımızın işğal altında olmasına dözə bilmirdi. Həmişə intiqam almaq hissi ilə yaşayırdı. Hərbi əməliyyatların başlamasını səbirsizliklə gözləyirdi.

2020-ci ilin iyulunda Tovuz istiqamətində ermənilərin növbəti təxribatları nəticəsində general-mayor Polad Həşimov və bir neçə zabitimizin şəhid olması xəbəri İmamverdini düşmənə qarşı daha da hiddətləndirmişdi. İmamverdi İsmayılov aldığı əmrə əsasən Murovdağ silsiləsi ətəklərində 4 ay xidmət keçərək gələcək döyüşlər üçün planlar hazırlayırdı. Bu müddət ərzində zabitlərdən "Döyüş əməliyyatları nə zaman başlayır?" sualına qısaca olaraq "Vaxtı gələndə biləcəksiniz" deyirdi.

Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi  İsmayılov Ağcakənd istiqamətindən qalxaraq Murovdağ yüksəkliyini fəth etmişdi. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov. 

Baş leytenant Bəxtiyar Xəlilov danışır ki, Suqovuşanın azad olunması əməliyyatında biz dedik ki, "Komandir siz irəlidə getməyin". Bu vaxt İmamverdi İsmayılov bizim fikrimizə etiraz edərək paqonlarını söküb, "Mən də sizin kimi bir əsgərəm" - dedi və döyüşə girdi. Bu   onun vətənpərvərliyindən, torpağı canı qədər sevməsindən, şücaətindən irəli gəlirdi.

2020-ci il sentyabrın 29-u idi. Talışkəndin və orada olan yüksəkliyin alınması əmri verilmişdi. Bütün heyəti maşınlara yerləşdirən kapitan ona yer olmadığını görüb A.Elvin adlı heyət üzvünü maşından düşürür, özü maşına oturur. Sanki kapitan cənnətə tələsirdi. 

Tapşırıq nəyin bahasına olursa-olsun yerinə yetirilməli idi. Ona görə də səhər tezdən iki yan istiqamətdə irəliləyərək düşmənin arxasına keçmişdilər. Taborun piyada döyüş maşınlarından (PDM) biri vurulmuşdu. İmamverdi İsmayılov ratsiya ilə əlaqə saxlayıb onlara texnika göndərilməsini istədi. Bir az keçmiş PDM-in səsi gəldi. Onlara kömək gəldiyini düşündükləri zaman düşmənlə qarşılaşdılar. Güclü atışma başladı. Bu zaman döyüşçülərdən biri "Komandiri vurdular" - deyə qışqırdı. "Komandirə heç nə olmasın" - deyən əsgərlər bu dəfə onu qoruya bilmədilər. Həmin gün 31 yaşlı gənc kapitan İmamverdi İsmayılov döyüş meydanında şəhid oldu. Canını bütün varlığı ilə sevdiyi Vətənə qurban verdi. Komandiri olduğu şəxsi heyət həmin döyüşdə düşmənin texnikasını və canlı qüvvəsini məhv edərək komandirlərinin və döyüş yoldaşlarının elə yerindəcə qisasını aldılar.

Şəhid kapitan İmamverdi İsmayılov 29 sentyabr 2020-ci il tarixində Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında böyük izdihamla dəfn edilmişdir.

Şəhid kapitanın göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Kapitan İmamverdi İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunmuşdur. O, ölkə başçısının eyni tarixli digər Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə də təltif edilmişdir. 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən isə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə kapitan İmamverdi İsmayılovun adı verilmişdir.



Geri qayıt