Əsas Səhifə > Şəhidlər > Nəsillərə örnək oldu

Nəsillərə örnək oldu


10-01-2024, 10:30


Qazax rayonunda Vətən uğrunda canlarından keçərək öz qanları ilə tarix yazan və ürəklərdə yaşayan qəhrəmanlarımızın adlarını, xatirələrini əbədiləşdirmək üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Yuxarı Salahlı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.


Kitabda 2020-ci ilin 12-17 iyul hadisələrində qəhrəmancasına şəhid olmuş mayor Əhmədov Namiq Hajan oğlu haqqında yer almış "Nəsillərə örnək oldu" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Nəsillərə örnək oldu


Bəşər tarixində hər bir dövlət, hər bir millət öz igidləri, şəxsiyyətləri ilə tarixin səhifələrində özünəməxsus iz buraxmışdır. Tarixin hər hansı bir zaman kəsiyində millətin başını göylərə ucaldan, onun şərəfini qoruyan insanlar - həmin millətin tarixini yaradanlardır. İnsan Tanrının ən böyük yaranmışıdır. İnsan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan gedər. Amma elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşurlar. Özündən sonrakı nəsillərə örnək olur, Vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Bir anın içərisində ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olur belə seçilmiş adamlar. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir. 

Şəhid Namiq Hajan oğlu Əhmədov kimi. O, Vətənin azadlığı uğrunda mübarizədə xalqın dilinin əzbəri oldu, qəhrəmana çevrilib adını tarixə yazdı. Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdi. Vətən uğrunda mübarizə aparmış Namiq Əhmədovun döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdi... O, qısa bir ömür yaşadı, amma əsl Vətən oğlu kimi çətin məqamlarda özünün son borcunu - vətəndaşlıq borcunu, zabit borcunu şərəflə yerinə yetirdi.

Onun ömür yolu, döyüş yolu geniş və əhatəli, nəsillərə örnək olası bir dastandır. Bu qəhrəmanlıq dastanının ilk səhifəsi Namiq Əhmədovun doğulduğu gündən - 8 noyabr 1984-cü ildən başlayır. Bu başlanğıc Qazax rayonunun Yuxarı Salahlı kəndindən - şairlər, mütəfəkkirlər, igidlər beşiyindən, tarixin minilliklərindən boy göstərən bir ocaqdan yol alıb gəlir.  

Orta məktəb illəri (1991-2002-ci illər) valideynlərinin, onu tanıyanların yaddaşında silinməz izlər buraxıb. Müəllimlər Namiqin biliyinə, savadına və hazırcavablılığına heyran qalmışdılar. Anası Firəngiz xanım danışır ki:

- Çox zehinli, oxuduğunu tez qavrayan, bilikli uşaq idi Namiq. Kitabı açıb bir dəfə oxumaqla dərslərini hazırlayırdı. Onun hər hansı bir fənni təkrar-təkrar oxumasına ehtiyac yox idi, dərs kitablarını bircə dəfə açıb baxardı. Belə oxuyan və zehinli uşaq olduğuna görə də dərslərindən həmişə yüksək qiymətlər alırdı. Amma nədənsə bu yolu davam etdirib ali təhsil almaq istəmədi. Bir də öyrəndik ki...

Sən demə, Namiqin hərbi sahəni seçməsindən valideynlərinin xəbəri olmayıb. Bir də valideynləri öyrənirlər ki, Namiq hərbi təhsil almağa gedir, özü də heç kimə, heç nə demədən. Evdən heç kim onun bu qərarına qarşı çıxmır. 

- 2002-ci il idi. Bir də öyrəndik ki, Namiq sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. Özü də çox tələsik halda hazırladı sənədlərini. Çünki qəbulun qurtarması vaxtına cəmi 3 gün qalmışdı. Bakıya sənədlərini verməyə də özü tək getdi. Namiqin onda cəmi 18 yaşı var idi. O, ilk istəyinə çatdı. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 4 il burada oxudu.

Bunu atası Hajan kişi söylədi.

Həyatda heç nə öz-özünə, elə-belə yaranmır, hər şeyin bir səbəbi olur. Namiq Əhmədovun hərbi sahəni seçməsini valideynləri Məhəmməd babası ilə əlaqələndirdilər. Dedilər ki, Namiq həmişə babasının yanında olur, onun Böyük Vətən Müharibəsi haqqında söylədiyi xatirələrə qulaq asırdı. Bu da onun uşaq yaddaşına hopur, ürəyindəki Vətənə məhəbbət hisslərini daha da artırırdı. 

Söhbətimizin bu yerində Firəngiz xanım maraqlı bir məqama toxundu. 

- Namiqin hərbçi olmasının səbəbini orda-burda axtarmayın. O, elə uşaq vaxtından özünü hərbçi kimi aparırdı. Elə bil hərbçi olmaq üçün gəlmişdi dünyaya. Yuxudan duran kimi çarpayısını özü yığar, səliqəyə salardı. Yorğan-döşəyini əsgərlikdə olduğu kimi yığardı. Ümumiyyətlə, gördüyü işlərin hamısını hərbçi kimi yerinə yetirərdi. Elə ona görə də bu sahəyə getdi.

Namiq Əhmədov 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib artilleriya ixtisasına yiyələndi. Bir il sonra isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindəki zabit kursunda oxuyaraq Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində zabit kimi xidmətə başladı. Tağım komandiri oldu. Hərb sahəsində yüksəksəviyyəli xidmətlərinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları, 2-ci dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif olundu.

2016-cı ilin Aprel döyüşləri. Bu döyüşlər onun həyat yolunun əsas hissəsini təşkil edir. Çünki həmin döyüşlərdə Namiq həm öyrəndiyi bilik və bacarıqları döyüşdə tətbiq edə bildi, həm də düşməndən yetərincə qisas aldı. Həmin dövrdə Namiq Əhmədov Artilleriya Divizionunun qərargah rəisi vəzifəsində çalışırdı. Onun təcrübəsi və öz peşəsini dərindən bilməsi sayəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Bu, Namiqin döyüş meydanında göstərdiyi qəhrəmanlıq idi.

Komandanlıq Namiq Əhmədovun bu igidliyini və döyüşdə göstərdiyi şücaəti yüksək qiymətləndirdi. O, vaxtından əvvəl mayor rütbəsi aldı. Eyni zamanda, fəxri fərmanla təltif edildi və "N" saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkildi. Gələcəkdə hələ onu neçə-neçə təltiflər, mükafatlar, rütbələr gözləyirdi. Çünki o, vətənpərvərliyinə, təcrübəsinə, bilik və bacarığına görə buna tam layiq idi. 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər onun gənc həyatını yarıda qoydu, arzularını paramparça elədi. Ömrünün çiçəkləndiyi bir zamanında, adı dillər əzbəri olan bir vaxtda hər şey alt-üst oldu. Qarşıda onu xoş bir gələcək gözləyirdi. Deyir, sən saydığını say, gör bir fələk nə sayır. Fələk isə hər şeyi tərsinə saydı.

2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Tovuz rayonunda başlanan ağır döyüşlərdə Namiq Əhmədov da iştirak edirdi. O, "N" saylı hərbi hissənin artilleriya rəisi idi.

...Sanki yerlə göy birləşmişdi, güllələr yağış kimi yağır, mərmilər bir-birinin ardınca partlayırdı. Hərbçilərimiz düşmən hücumunun qarşısını alan zaman mayor Namiq Əhmədov qəhrəmancasına şəhid oldu. 

Namiq Əhmədov şərəfli ömür yaşadı, Vətən müharibəsində qəhrəmanlıqla döyüşdü, Şəhidlik zirvəsinə yüksəldi. Ömrü nəsillərə ən gözəl nümunə, örnək oldu. Ona görə də bu gün onun adı xüsusi qürur və iftixar hissi ilə çəkilir. Namiq hər zaman xalqın qəlbindədir. 

Namiqdən bu dünyada göstərdiyi şücaət və igidliklər, bir-birindən xoş xatirələri və bir də iki ciyərparası - Məhəmmədlə Nigar yadigar qaldı. 

Mayor Əhmədov Namiq Hajan oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən Qazax şəhəri Səməd Vurğun küçəsindən başlayaraq Qazax rayonu Ağköynək kəndinin Sayad Zeynalov küçəsinədək adsız olan küçəyə mayor Namiq Əhmədovun adı verilmişdir.



Geri qayıt