Əsas Səhifə > Şəhidlər > Kəşfiyyatın “Mixaylosu”
Kəşfiyyatın “Mixaylosu”7-01-2024, 20:48 |
Qazax rayonunda Vətən uğrunda canlarından keçən, qanları ilə dastan yazan oğullarımızın adlarını əbədiləşdirmək, xatirələrini yaşatmaq üçün hər zaman təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq. 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Fərəhli kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər. Kitabda 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu haqqında yer almış Kəşfiyyatın “Mixaylosu” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Kəşfiyyatın "Mixaylosu" Bu adı ona döyüş yoldaşları vermişdi, özü də bilmədən. Uzun müddət kəşfiyyat sahəsində çalışdığına, verilən əmrləri vaxtlı-vaxtında və qüsursuz yerinə yetirdiyinə, böyük risk tələb edən ən təhlükəli tapşırıqları yüksək səviyyədə icra etdiyinə görə qazanmışdı bu fəxri adı Mühüd Orucov. Həm də qeyri-rəsmi, əmrsiz, filansız verilmişdi bu ad ona. Bu, hərbçilərin, əlində silah dayanıb torpaqlarımızı yağı düşmənlərdən qoruyan Vətən oğullarının ona olan sevgisinin, ehtiramının, etibar və inamının təcəssümü idi. Bu ad ana südü kimi halal idi Mühüd Orucova. Mühüd 13 iyul 1984-cü ildə dünyaya gələndən düşmənə nifrət hissi ilə böyümüşdü. Ermənilərlə qonşuluqda yerləşən yaşadığı Qazax rayonunun Fərəhli kəndi dəfələrlə düşmən hücumuna məruz qalmış, kənd sakinləri, necə deyərlər, güllə yağışının altında yaşamışdılar. O zamanlar 5-6 yaşında olan Mühüd bütün bu olanları görür, körpə ürəyində düşmənə qarşı nifrət hisləri oyanırdı. Ağlına da gəlməzdi ki, vaxt gələcək o, böyüyüb hərbçi olacaq və düşmənlərdən uşaqlıqdan qəlbində olan intiqamı alacaqdı. Kimin ağlına gələrdi ki, Vətənə olan sevgisi illər sonra onu qəhrəmana çevirəcəkdi və haqqında dastanlar yazılacaqdı bu qəhrəmanın. Vaxt gələcəkdi... Mühüd Orucov bəlkə də yeganə qəhrəmanlardandır ki, haqqında saysız-hesabsız kitablar yazılıb, göstərdiyi şücaət və mərdlik barədə bədii ədəbiyyat nümunələri qələmə alınıb. Onları oxuduqca Mühüd Orucov bir daha gözlərimiz önündə canlanır, bəzən isə bir insanın bu qədər çətin və bir o qədər də təhlükəli olan əməliyyatları həyata keçirdiyinə inana bilmirsən. Amma bu, həqiqətdir - Azərbaycanlı hərbçinin qəhrəmanlığının həqiqəti, Vətənə sevginin, düşmənə nifrətinin həqiqəti, peşəkarlığın, mətinliyin, qorxmazlığın, igidliyin həqiqətidir. Özü də çox uzaq deyil, yaxın keçmişimizin həqiqəti. Mühüd Orucovun həyatı bir qəhrəmanlıq dastanına bənzəyir. Bu dastanı Mühüdün atası Qurban kişi vərəqləyir: - Mühüd anadan olanda ona atamın adını qoydum. Uşaqların ortancılı idi. Körpəliyindən əsgərlərə, əsgər paltarına çox böyük marağı var idi. Əsgər görəndə deyirdi ki, mən hərbçi olacağam. Həm də o zaman, 1990-cı ilin əvvəllərində sərhəddəki münaqişə ilə əlaqədar kəndimizin məktəbinə rus əsgərləri yerləşdirilmişdi. Uşaq olmasına baxmayaraq, Mühüd də tez-tez onların yanına gedir, maraqlanırdı. Bu sadaladıqlarım Mühüdü hərbi sahəyə gətirdi və bir də gördük ki, o, artıq hərbçi olub. Baxmayaraq ki, məktəbdə əlaçı idi, bütün fənlərdən yüksək qiymətlər alırdı. Mühüd məktəbi bitirəndən (məktəb doqquzillik idi) sonra ürəyindəki istəyi həyata keçirmək üçün 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Üç il burada oxuduqdan sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2006-cı ildə oranı bitirir. Hələ bu da son deyildi. O, daha sonra isə - 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunu bitirərək Müdafiə Nazirliyinin qərarı ilə kəşfiyyat tağım komandiri təyin olunur. Xidmətdəki uğurlarına görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tağım komandiri vəzifəsinə yüksəlir. Mühüd Orucov hərbi təhsil almaqla yanaşı, təlimlərdə də fəal iştirak edir, öz bilik və bacarığını ildən-ilə artırır. Öz xahişi ilə Türkiyədəki Komandos hərbi təlim məktəbinə gedir və həmin məktəbi də yüksək səviyyədə bitirir. Komandos məktəbində təhsil alan ilk qazaxlı kimi Mühüd Orucov orada keçirilən çətin təlimlərdə yüksək fəallıq göstərmişdi. 2008, 2014, 2015-ci illərdə Türkiyədə müxtəlif kursları müvəffəqiyyətlə bitirərək sertifikatlar almışdı. Həmin təlimlərin birində Türkiyənin Prezidenti cənab R.T.Ərdoğan hərbçilərlə görüşən zaman Mühüdü qucaqlayaraq bağrına basmış və ona "Aslan gibisin" demişdi. Mühüd Orucov təhsil aldığı, iştirakçısı olduğu kurslarda bir qayda olaraq mükafatlar, fəxri fərmanlar, diplomlar almış, həmin kursları birincilər sırasında başa vurmuşdu. Bu da onun bacarıqlı, təcrübəli, bilikli bir hərbçi olmasından irəli gəlirdi. Ən böyük mükafatı isə Ağdamda gedən əməliyyatlar zamanı göstərdiyi şücaətə görə aldığı xatirə qol saatı idi. Həmin mükafatı ona şəxsən Prezident İlham Əliyev təqdim etmişdi. Söhbət zamanı əmisi Elşad Orucov deyir: - Mühüd ailəsi ilə birlikdə Sumqayıtda yaşayırdı. Mənim də orda yaşamağıma, əmisi olmağıma baxmayaraq, onun üzünü demək olar ki, görmürdük. Gah təlimlərdə olur, gah kurs keçir, gah da xüsusi tapşırıqları yerinə yetirirdi. Ona görə də evdə, ailəsinin içində, demək olar ki, çox az olurdu. Mühüdün bir arzusu da var idi - Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qulluq etmək. O, tezliklə bu istəyini də reallaşdırdı, xüsusi kursdan keçərək Xüsusi Təyinatlı Qüvvələrin sıralarında dayandı. Atası Qurban kişi deyir ki, Mühüd həmin günü elə sevinirdi ki, mən o vaxta qədər onu heç belə sevinən görməmişdim. Mühüd Orucovdan söz düşəndə hərbçilərin gözləri önünə kəşfiyyatçı obrazı gəlir. O, necə deyərlər, təpədən-dırnağa qədər kəşfiyyatçı idi. Ona görə də ona "Kəşfiyyatın Mixaylosu" adını vermişdilər. Elə təhlükəli əməliyyatlar həyata keçirir, elə çətin tapşırıqları yerinə yetirirdi ki, eşitdikdə məəttəl qalmaya bilmirdin. Ona görə də kəşfiyyatçıların arasında onu barmaqla göstərir, bu sahədəki qəhrəmanlıqlarından danışırdılar. Bu gün də Mühüdin apardığı kəşfiyyat əməliyyatları bu sahədə çalışanlara ən bariz nümunədir. Qurban kişi deyir ki, Mühüd dəfələrlə bizim qərb zonasına kəşfiyyata gəlib, öz doğma kəndlərindən keçib, hətta, evimizə də baş çəkib. Amma bunu nə ailə üzvlərinə, nə də yaxınlarına bildirməyib. Evimizin pəncərəsindən baxıb, ata-anasını görüb, gedib. Ümumiyyətlə, Mühüd işi barədə heç nə danışmırdı. Hara getməsi, nə etməsi barədə bir kəlmə də olsun belə söz demirdi. Ailə üzvləri onun nə iş görməsindən tam xəbərsiz idilər. Onun kəşfiyyatçı kimi ən böyük xüsusiyyətlərindən biri də bu idi. Mühüd Orucov hərbi xidmətə Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsindən başlayıb. Bacarıq, təcrübə və yüksək xidmət burada da öz sözünü deyib. O, xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə irəli çəkilib. Mühüd Orucov Vətənə şərəflə, ləyaqətlə xidmət edirdi. Ona görə də fəxri fərmanlarla təltif olunur, medallarla mükafatlandırılırdı. Qısa müddətdə onun sinəsini 5 medal "bəzəyirdi". "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları, habelə 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", 2-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif olunmuşdu. 2010-cu ilin payızı idi. Oktyabrın ortalarında Fərəhlidə böyük bir toy məclisi qurulmuşdu, Mühüdin toyu idi. Qazaxdan sevdiyi bir xanımla - Qumru xanımla ailə həyatı qururdu. Həmin gün uzun illərin xidmətindən sonra hərbçi həyatından bir azca da olsa ayrılıb xoş saatlar yaşayırdı Mühüd. O, çox qorxmaz və cəsur insan idi. Döyüşlərdə həmişə öndə gedib, hamıdan axırda gəlirmiş. Ağdamda olan əməliyyat zamanı Mühüdün sağ qalmağına hamı təəccüb edirdi. Təəccüblə deyirdilər ki, sən o odun-alovun içindən necə sağ çıxmısan? Mühüd döyüş yoldaşlarına həmişə kömək edir, yaralıları, həlak olanları canı bahasına, qanı bahasına xilas edib, döyüş gedən ərazidən çıxartmışdı. Xidməti ilə əlaqədar evlərində az olurdu. Axırıncı dəfə evdən çıxanda səhər saat beş imiş. Adətən, həmin vaxtlar əkiz oğulları yatmış olurdu. Amma həmin gün oyaq imişlər. Vüqarla Anar atalarının boynuna sarılıb onunla görüşüb ayrılıblar. Mühüd övladlarını bərk-bərk qucaqlayıb, öpüb, gedib. Özü də bilməyib ki, bu, onun övladları ilə son görüşüdür. Axı haradan biləydi?.. Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin imzaladığı 19 aprel 2016-cı il tarixli Sərəncama əsasən Orucov Mühüd Qurban oğlu göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Geri qayıt |