Əsas Səhifə > Şəhidlər > Şəhidlərimiz bizim iftixar mənbəyimizdir

Şəhidlərimiz bizim iftixar mənbəyimizdir


7-01-2024, 08:20

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, cəsur, qəhrəman oğullarıdır. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını Şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını tarixin yaddaşına yazan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz, ən əsası da ən ümdə vəzifəmizdir. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən leytenant Nicat sibovun, (MAHHXHQ) əsgər Fərid Nəbiyevin, gizir Hafiz Abdullayevin, Bəxtiyar Əmrahovun, Kərim Əsgərovun, Kamran Kərimovun, çavuş Babək Rüstəmovun, Əmir Vəliyevin, Akif Budaqovun, Aliyə Əliyevanın, Elnarə Rəhimovanın, Rəşad Əliyevin, Şahməddin Murquzovun, Asif Rəhimovun, Elçin İsmayılovun, Fidat Məmmədovun, Şiddət Məmmədovun, Gündüz Sadıqovun, Məmməd Məmmədovun, Zülfüqar Mirzəliyevin, kiçik çavuş Elşad Yusifovun əziz xatirəsini ehtiramla yad edirik.

Leytenant Nəsibov Nicat Qəşəm oğlu


22 yaşında Şəhidlik zirvəsinə ucalan Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər “N” saylı hərbi hissəyə təyinat almışdır.

"N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu.

Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Nicat Nəsibov torpaqlarımızın azadlığını canından üstün tutmuşdur. “N” saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyü 1-ci tağımının komandiri leytenant Nicat Nəsibov 18.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid leytenantımız 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Doğulduğu kənddə vaxtilə təhsil aldığı məktəbin qarşısında adını əbədləşdirən bulaq inşa olunub.

(MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu


Nəbiyev Fərid Kamran oğlu 1 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2021-ci ildə hərbi xidməti başa vurmuşdur. 2021-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissəsində MAHHXHQ işləyirdi. Orta təhsilli idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz Fərid Nəbiyevin adı verilib. 

Gizir Abdullayev Hafiz Məhəd oğlu


Gizir Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O, Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəliydi. 1 qız və 2 oğul övladı yadigar qalıb. 

Əmrahov Bəxtiyar Əziz oğlu


Əmrahov Bəxtiyar Əziz oğlu 1 yanvar 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1967-ci ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli orta məktəbin 1-ci sinifinə daxil  olmuş, 1977-ci ildə həmin orta məktəbi bitirmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik Universitetinə daxil olmuş və orada təhsil almışdır. Bakı şəhərində mexanika sahəsi üzrə işləmişdir. Əmrahov Bəxtiyar Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır.

Əsgərov Kərim Qinyaz oğlu


Əsgərov Kərim Qinyaz oğlu 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə Kosalar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1988-90-cı illərdə sovet ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi. 

Kərimov Kamran Nüsrəddin oğlu


Kərimov Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1988-1990-cı illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə məktəbini bitirərək mexanizator ixtisasına yiyələnmişdir. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordu sıralarına yazılaraq tank taborunda xidmət etmişdir. 8 iyun 1992-ci il tarixdə Fərəhli kəndində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Qazax şəhərində Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi Kərimov Kamran Nüsrəddin oğlunun adını daşıyır. Evli idi. Bir qız övladı yadigar qalıb.

Çavuş Rüstəmov Babək Muraz oğlu


Rüstəmov Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. 

Vəliyev Əmir İsmayıl oğlu


Vəliyev Əmir İsmayıl oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə Abbasbəyli kənd ibtidai məktəbində 1-4-cü siniflərdə təhsil almışdır. 1983-1989-cu illərdə Alpout kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. 28 fevral 1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi.

Budaqov Akif Məmmədxan oğlu


Budaqov Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may 1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var.

Əliyeva Aliyə Fərhad qızı


Əliyeva Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1983-cü ildə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son qoydu.

Rəhimova Elnarə Faiq qızı


Rəhimova Elnarə Faiq qızı 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1989-cu ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1993-сü ildə Bala Cəfərli kənd ibtidai məktəbin 4-cü sinifini bitirmişdir. 1993-сü ildə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyə daxil olmuşdur. 2 yanvar 2000-ci ildə evlərində otaqda olarkən ermənilər tərəfindən snayper silahla vurulmuşdur. 

Əliyev Rəşad Vidadi oğlu


Əliyev Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-1983-cü ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Əliyev Rəşad Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Murquzov Şahməddin Sabir oğlu


Murquzov Şahməddin Sabir oğlu 7 yanvar 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Gəncə şəhərində inşaat sahəsi üzrə texnikomda təhsil almış və orada işləmişdir. Murquzov Şahməddin Sabir oğlu 4 yanvar 1994-cü ildə Murov dağı ətrafındakı ərazilərdə gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.

 

Rəhimov Asif Qəzənfər oğlu


Rəhimov Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş və 1991-ci ildə orta  məktəbi bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhədində Kəmərli döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

İsmayılov Elçin Murğuz oğlu


İsmayılov Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1987-ci ildə Kosalar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1998-ci il yanvar ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmşdır. 1999-cu il fervralın 16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur.

Məmmədov Fidat Əhməd oğlu


Məmmədov Fidat Əhməd oğlu 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin son aylarında Əfqanıstanda gedən döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidlik müvafiq medallarla qiymətləndirilmişdir.

1980-1981-ci illərdə Bakıda 6 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Daş Salahlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ailəliydi, 1 qız, 2 oğul övladı yadigar qalıb. 

Vətən uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.

Bu gün doğulduğu Daş Salahlı kəndində mərkəzi küçə şəhid Fidat Məmmədovun adını daşıyır və küçənin mərkəzində barelyefi vurulub.

Məmmədov Şiddət Məmməd oğlu


Məmmədov Şiddət Məmməd oğlu 5 yanvar 1972-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Məmmədov Şiddət Məmməd oğlu 30 iyun 2000-ci ildə Quşçu Ayrım kəndi ərazisində ot gətirən zaman düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi. 

Sadıqov Gündüz Əhəd oğlu


Sadıqov Gündüz Əhəd oğlu 29 iyun 1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1969-cu ildə Aşağı Əskipara kənd orta məktəbin 1-ci sinifinə getmişdir. 1979-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 yanvar 1994-cü ildə şəhid olmuşdur.

Məmmədov Məmməd Zahid oğlu


Məmmədov Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

Mirzəliyev Zülfüqar Bəkir oğlu


Mirzəliyev Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1976-cı ildə Kommuna kənd 8 illik orta məktəbin 1-ci sinifinə  daxil  olmuş, 1984-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1984-1986-cı illədə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Daha sonra SSRİ silahlı qüvvələrinə çağırılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduya getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev Zülfüqar Bəkir oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Zülfüqar Mirzəliyev Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək üçün Bala Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir. 

Kiçik çavuş Yusifov Elşad İbrahim oğlu


Yusifov Elşad İbrahim oğlu 7 yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni işğalçılarının tankı partlatması nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid statusu verilmişdir.


Geri qayıt