Əsas Səhifə > Şəhidlər > Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə əziz xatirəsini ehtiramla anırıq
Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə əziz xatirəsini ehtiramla anırıq25-10-2023, 08:36 |
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------------------- 2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq. 44 gün davam edən savaşda Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında tarixi Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr yaddaşlara tarixi Zəfər Günü kimi yazıldı. Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində qanı ilə tarix yazaraq 25 yaşında Şəhidlik zirvəsinə ucalan oğullardan biri də tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur. Oktyabrın 25-i 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dillərə dastan olan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 3 il ötür. Bu gün Adil Əfəndiyev kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Adil Əfəndiyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Adil kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər Adil tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. 25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib. Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə barelyefi vurularaq abidə ucaldılıb.
Geri qayıt |