Əsas Səhifə > Şəhidlər > Bu gün "Azərbaycan Bayrağı" ordenli şəhid Qaratel Hacımahmudovanın cənnətdəki doğum günüdür

Bu gün "Azərbaycan Bayrağı" ordenli şəhid Qaratel Hacımahmudovanın cənnətdəki doğum günüdür


16-08-2023, 10:16


Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər birimiz üçün doğma və əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq oğul və qızlarımızın ən böyük amalıdır. Torpaqlarımızın bütöv və tam olması üçün düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir. Çünki vətənpərvərlik təkcə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, mənsub olduğun xalqın dininə, dilinə, tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə sahib çıxmaq, hörmət etmək, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Valideynlərimizə borclu olduğumuz kimi, Vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu Vətəndə yaşayırıq. Minlərlə oğul və qızlarımız da məhz bu amal uğrunda Vətən naminə canlarından keçiblər. Şəhidliyin uca zirvə olduğunu bizlərə, gələcək nəsillərə miras qoyan, torpaq uğrunda canından keçmiş şəhidlərimizi, Milli Qəhrəmanlarımızı unutmamaq, onların əziz xatirəsini daim yad etmək hər bir vətəndaşın ən ümdə işi olmalıdır. 

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız olmasın, şəhid məzarlarına rast gəlinməsin. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. İstər Birinci Qarabağ, istərsə də İkinci Vətən müharibəsində Qazaxın igid, mərd övladları döyüş meydanında əsl qəhrəmanlıq göstərərək Vətəni göz bəbəyi kimi qorumağın ən ali vəzifə, ən müqəddəs amal olduğunu sübut ediblər. Bu amal uğrunda Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü naminə 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan qəhrəman qızlarımızdan biri də "Azərbaycan Bayrağı" ordenli Hacımahmudova Qaratel Şəmi qızıdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan şəhid Qaratel Hacımahmudovanın əziz xatirəsini ehtiramla yad edirik. Vətəni canı bahasına qoruyan Qaratel kimi qızlarımız bizim qəlbimizdə əbədi yaşayacaq, əziz xatirəsi illər ötsə belə daim ehtiramla anılacaq.

Hacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı  Əskipara kəndində dünyaya göz açmışdı. 1955-ci ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Elə həmin ildə Bakı şəhərində Ticarət Texnikumuna daxil olaraq orada təhsil almışdır. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1976-1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləmişdir. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olmuşdur.

1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar. Qaratel Hacımahmudova ondan fikrini soruşur. Hümbət Qarabağa gedəcəyini deyir. Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağ döyüşlərinə yollanır. O, isə öz kəndlərinə gəlir və kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirərdi ki, döyüşçülər ac qalmasın. Qaratel Hacımahmudova həm də Azərbaycan döyüşçüləri ilə birgə səngərdə bərabər döyüşürdü. 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər. O, hərəyə bir avtomat və 2 ədəd qumbaraatan verilən, 28 nəfərlik dəstədə idi. Bütün çətinlikliyə baxmayaraq, dəstə ermənilərin hücumu dəf edə bilmişdi. 

1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti güclü hücuma keçdilər. O, komandir Yaşar Qasımovun tağımında döyüşürdü. Fələməz deyilən mövqedə hər tərəfdən top və tank atəşinə tutulmuşdu. Qaratel Hacımahmudova komandirin çətin tapşırığını yerinə yetirmişdi. O, başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi. Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta, kənddən çıxmasını əmr etmişdi. Lakin o, geri çəkilmir, arabir mövqeyini dəyişirdi. O, döyüşçü Mərdan Əsgərovla döyüşürdü. Bu son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də onların yanında olur. Ermənilər onu əsir götürürlər.

Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu. O, həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurmuşdu. Komandir Yaşar Qasımovun sözlərinə görə, o, uzaqdan Hacımahmudovanın bərkdən qışqırtısını eşitmişdi. Onu sonra saçından tutub sürüyə-sürüyə komandirin yanına gətirdilər. Cəsədi qan içindəydi. Ermənilər onunla bərabər həlak olmuş Alı Alıyev, Mərdan Əsgərov, Şəmistan Əmiraslanovun meyitlərini də götürüb aparırlar. Həmin ilin iyunun 26-da, onun cəsədi, Mərdan ƏsgərovunŞəmistan ƏmiraslanovunSurxay Məmmədovun və Alı Alıyevin cəsədləri ilə birgə və əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilmişdir. 

Qaratel Hacımahmudova subay idi. O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüşdü. 

Şair Məmməd İlqar Qaratel Hacımahmudovaya poema həsr etmişdir:

Haqqında “Dağların telli havası” (film, 2003), “Qaratel” (film, 2009) - (tammetrajlı sənədli televiziya filmi) çəkilmişdir. 

O, 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Qazax şəhərində ümumi orta məktəb qəhrəman şəhidin adını daşıyır. Rayon rəhbərliyi tərəfindən şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.



Geri qayıt