Əsas Səhifə > Şəhidlər > Vətən yolunda canlarından keçənlər heç vaxt unudulmur...

Vətən yolunda canlarından keçənlər heç vaxt unudulmur...


9-07-2023, 09:53

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Vətən uca Yaradanın bizlərə bəxş etdiyi elə bir nemətdir ki, onun bir qarış torpağı üçün yolunda candan, qandan keçməyə dəyər. Təsadüfi deyil ki, vətənpərvərlik dedikdə də ilk öncə Vətən üçün candan keçmək başa düşülür. Vətənə olan ülvi məhəbbət məhz özünü vətənpərvərlik hissində təzahür etdirir. Millətin vətənpərvərliyi Vətənin tamlığının, bütövlüyünün təməlidir desək lap yerinə düşər. Xalqını, millətini sevən, dövlətinin bütövlüyü, varlığı, suverenliyi naminə canından keçməyi hər şeydən üstün tutan Azərbaycanın igid, cəsur oğulları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparıblar. Vətənini düşmən ayağına verməkdənsə, ölümün gözünə dik baxaraq canları, qanları bahasına hər zaman müdafiə ediblər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərib, şərəfli bir iz qoyub gediblər. Odur ki, hər birimiz şəhidlərimizin canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına onların əmanəti kimi sahib çıxmalı, göz bəbəyi kimi qorumalıyıq. Şəhidlərimizi də daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Elşad Sanıyevin, İslam Xəlilovun, baş çavuş İsmayıl Qəsəbovun, kapitan Rəsul Veyisovun, İslam Əsgərovun, baş leytenant Nəbi Hüseynovun əziz xatirəsini ehtiramla yad edirik.

Sanıyev Elşad Şərif oğlu


Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1990-cı ildə orta məktəbi bitirmişdir. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Sanıyev Elşad Şərif oğlu 17 mart 1993-cü ildə Naxçıvan şəhərində Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur.

Xəlilov İslam Mahmud oğlu


Xəlilov İslam Mahmud oğlu 5 iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbin 1-ci sinifinə getmiş, 1957-ci ildə məktəbin 8-ci sinifini bitirmişdir. Sovet ordusu sıralarında xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu


Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini “N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın “N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. 

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 

Kapitan Veyisov Rəsul Əkbər oğlu


Veyisov Rəsul Əkbər oğlu 4 aprel 1951-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Ata və anası Qazax rayonundan olsa da Rəsul dünyaya gələndə hər iki valideyni Gədəbəydə müəllim işləyiblər. Rəsul Veyisov 1958-1968-ci illərdə Gədəbəy rayonunun Nərimankənd kənd tam orta məktəbində təhsil almışdır. Ukraynanın Çop şəhərində hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsində təhsil almışdır. 1992-ci il iyul ayının 7-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci ildə iyul ayının 8-də Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Əsgərov İslam Kamal oğlu


Əsgərov İslam Kamal oğlu 30 sentyabr 1972-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə hərbi çağırışla Vətən torpaqlarını erməni quldurlarından qorumağa getmişdir. 1993-cü il iyul ayının 8-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu


Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır. 

Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra beş medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Qarabağ” ordenli şəhidimizin adı verilib.


Geri qayıt