Əsas Səhifə > Şəhidlər > Şəhidlərimiz hər an bizim qəlbimizdədir

Şəhidlərimiz hər an bizim qəlbimizdədir


9-04-2023, 11:03

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən Şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz, eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Bu gün hər bir vətəndaş “Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidirlər. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Unutmayaq ki, şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir!

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, İlqar Həsənqarayevin, kapitan Rəsul Veyisovun, İlqar Əliyevin, Vüqar Həsənovun, Aydın Məmmədovun, İsmandiyar Mürsəlovun əziz xatirəsini ehtiramla yad edirik.

Kapitan Orucov Mühüd Qurban oğlu


Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir. 

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla - "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur.

2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə  ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.

Baş leytenant Namazov Elvin Məmməd oğlu


Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. 2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Donmuş təbəssüm” adlı kitab yazılmışdır. 

Həsənqarayev İlqar Həmid oğlu


Həsənqarayev İlqar Həmid oğlu 3 aprel 1972-ci ildə Kürdəmir rayonunun Xınışlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı  Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 18 iyun 1994-cü ildə Biləcəri yolunda hərbi texnikanın qəzası nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.  

Kapitan Veyisov Rəsul Əkbər oğlu


Veyisov Rəsul Əkbər oğlu 4 aprel 1951-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Ata və anası Qazax rayonundan olsa da Rəsul dünyaya gələndə hər iki valideyni Gədəbəydə müəllim işləyiblər. Rəsul Veyisov 1958-1968-ci illərdə Gədəbəy rayonunun Nərimankənd kənd tam orta məktəbində təhsil almışdır. Ukraynanın Çop şəhərində hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsində təhsil almışdır. 1992-ci il iyul ayının 7-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci il iyul ayının 8-də Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Əliyev İlqar Nəbi oğlu


Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. 

Həsənov Vüqar Eldar oğlu 


Həsənov Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbə daxil olmuş, 9-cu sinifi bitirdikdən sonra Xanlıqlar kəndində 10-11 sinifi oxumuşdur. Eyni zamanda Qazax şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.

Məmmədov Aydın Musa oğlu


Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olunmuşdur. Elə həmin ildə Azərbaycan Milli Ordusuna çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun adını daşıyır. 

Mürsəlov İsmandiyar Musa oğlu


Mürsəlov İsmandiyar Musa oğlu 18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1940-cı ildə Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1948-ci ildə həmin məktəbin 7-ci sinifini bitirmişdir. 1952-1955-ci illərdə SSRİ silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət etmişdir. Qazax rayon yol-istismar idarəsində fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli kəndində evindən çıxıb öz mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə vurulmuşdur.


Geri qayıt