Əsas Səhifə > Şəhidlər > Bu gün yaşasaydı igid Vətən oğlunun 34 yaşı tamam olacaqdı...

Bu gün yaşasaydı igid Vətən oğlunun 34 yaşı tamam olacaqdı...


25-02-2023, 13:07

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Bu gün Kəlbəcər rayonunda xidməti vəzifəsini icra edərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmiş "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 34 yaşı tamam olacaqdı...

GOYEZEN.AZ saytı olaraq biz də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Alıxan Qaragözov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Alıxan kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 

Şəhid kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 25 fevral 1989-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1996-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta  məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub medallar da almışdı. Məktəbi bitirdikdən sonra 03.07.2007-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini “212” saylı hərbi hissədə davam etdirmişdir. 01.01.2009-cu ildə ordudan tərxis olunmuşdur. Həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başlamışdır. Hərbi sahəni özü seçdiyi üçün Alıxan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur.

Yanvarın 21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmişdir. 29.01.2021-ci il tarixdə doğulduğu Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Bir qız övladı yadigar qalıb. 

Şəhidin doğulub boya-başa çatdığı kənddə yaşadığı küçənin girişində adını əbədiləşdirən bulaq inşa olunmuşdur.  

 


Geri qayıt