Əsas Səhifə > Şəhidlər > Şəhidlərimiz bizim qürur mənbəyimizdir
Şəhidlərimiz bizim qürur mənbəyimizdir29-01-2023, 12:21 |
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------- Şəhidlik uca bir zirvə olmaqla bərabər, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən Şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtliyin də elə Vətən yolunda şəhid olmaq olduğunu anlayırıq. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz, eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Bu gün hər bir vətəndaş “Bu Vətən bizimdir!”, - deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidir. Çünki Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Mərfət Nəsibovun, Rəsul Mirzəliyevin, Elman Musayevin, Ayaz Mehtiyevin, Rövşən Pənahovun, Vasif Haqverdiyevin, leytenant Məhəmməd Məmmədovun, Əmrah Vəliyevin, Nizami Yusifovun, baş gizir Teymur Hacıyevin əziz xatirəsini ehtiramla yad edirik. Milli Qəhrəman Nəsibov Mərfət Əhməd oğlu Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur. Qazax rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Milli Qəhrəmanımızın adını əbədiləşdirən həmin bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri Mərfət Nəsibovun adını daşıyır. 2013-cü ildə Mərfət Nəsibovla yanaşı digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Həmçinin 2015-ci ildə üç igidin - Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "Ölümə qənşər” adlı sənədli-bədii film çəkilmişdir. Mirzəliyev Rəsul Məmmədyar oğlu Mirzəliyev Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır. Musayev Elman İmran oğlu Musayev Elman İmran oğlu 24 yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-сi ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində Almaniya Federatif Respublikasında hərbi xidmətdə olmuşdur. “Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur. Mehtiyev Ayaz Oruc oğlu Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir. Pənahov Rövşən Fərman oğlu Pənahov Rövşən Fərman oğlu 3 fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Haqverdiyev Vasif Mirzə oğlu Haqverdiyev Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü il mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür. Leytenant Məmmədov Məhəmməd Zakir oğlu Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidimizin doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə vaxtilə təhsil aldığı BDU-nun Qazax filialında xatirəsini əbədiləşdirən guşə yaradılıb. Filial rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın müəllifl olduğu şəhidin şeirlərinin toplandığı “Adını tarixə yazdı” adlı kitab yazılıb. Vəliyev Əmrah İsgəndər oğlu Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. Yusifov Nizami Göyüş oğlu Yusifov Nizami Göyüş oğlu 28 yanvar 1967–ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1974-cü ildə Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Baş gizir Hacıyev Teymur Zaur oğlu Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir. Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir Teymur Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır". Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalı almışdır. “N” saylı hərbi hissənin baş giziri Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğlu yadigar qalıb. Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Geri qayıt |