Əsas Səhifə > Şəhidlər > 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan leytenant Məhəmməd Məmmədovun bu gün cənnətdəki növbəti doğum günüdür
44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan leytenant Məhəmməd Məmmədovun bu gün cənnətdəki növbəti doğum günüdür27-01-2023, 11:14 |
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu 2020-ci ilin 27 senytabrında haqq səsimizi bütün dünyaya çatdıracaq Vətən müharibəsinə başladı. Ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü, əzmi sayəsində Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Azərbaycan Ordusu 44 gündə hərb tariximizə bütün tarix boyu danışılacaq Zəfər səhifələrini yazdı. Tariximizin böyük rəhbəri, qüdrətli sərkərdəsi, mahir dövlət başçısı İlham Əliyev bu haqq savaşında xilaskarlıq missiyasını uğurla həyata keçirərək, ərazi bütövlüyümüzü düşməni əzə-əzə, qova-qova bərpa etdi. Xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdı. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur. Qürurla deyə bilirik ki, Məhəmməd kimi oğullarımızın sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Vətəni canı bahasına bütöv edən belə oğullarımızı yad etmək vətəndaş olaraq hər birimizin borcudur. Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin bu gün 29 yaşı tamam olacaqdı. GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Məhəmməd Məmmədov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Məhəmməd kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Məhəmməd tək oğullarımızdan qəhrəmanlığı örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidimizin doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə vaxtilə təhsil aldığı BDU-nun Qazax filialında xatirəsini əbədiləşdirən guşə yaradılıb. Filial rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın müəllifl olduğu şəhidin şeirlərinin toplandığı “Adını tarixə yazdı” adlı kitab yazılıb.
Geri qayıt |