Əsas Səhifə > Şəhidlər > Ölümündən sonra bir orden, yeddi medalla təltif olunan Vətən müharibəsi şəhidi Sakit Allahverdiyevin bu gün cənnətdəki növbəti doğum günüdür

Ölümündən sonra bir orden, yeddi medalla təltif olunan Vətən müharibəsi şəhidi Sakit Allahverdiyevin bu gün cənnətdəki növbəti doğum günüdür


24-12-2022, 17:10

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması ilə 2020-ci il Zəfər salnaməsinin yazıldığı il kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun sayəsində Zəfər sevincini yaşayan Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq 2020-ci ili Qələbə ili kimi başa vurdu. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.

Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına vuruşan və şəhid olan igid oğullardan biri də əsgər Allahverdiyev Sakit Şahin oğludur.


Qürurla deyə bilirik ki, Sakit kimi oğullarımızın sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Vətəni canı bahasına bütöv edən belə oğullarımızı yad etmək vətəndaş olaraq hər birimizin borcudur. 

Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən bir orden, yeddi medalla təltif olunmuş igid Vətən oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin bu gün 21 yaşı tamam olacaqdı.

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Sakit Allahverdiyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Sakit kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Sakit tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş “N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.


Geri qayıt