Əsas Səhifə > Şəhidlər > Vətəni bütöv edənlər heç zaman unudulmur

Vətəni bütöv edənlər heç zaman unudulmur


27-02-2022, 11:24

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətəni bütöv edənlər isə heç zaman unudulmur. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Bu, hər bir vətəndaşın ən ümdə borcu olmalıdır.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – çavuş Çərkəz   Həsənovun, Emin Qurbanovun, baş leytenant Sərdar İsmayılovun, kiçik çavuş Alıxan Qaragözovun, əsgər Asəf Nəsibovun, Azər Hüseynovun, gizir İsrayıl Əfəndiyevin, əsgər İlkin Əliyevin, Niyazi Quliyevin, İlqar Cəfərovun, Əmir Vəliyevin əziz xatirəsini ehtiramla yad edirik.

Çavuş Həsənov Çərkəz Muxtar oğlu


Həsənov Çərkəz Muxtar oğlu 21 fevral 1966–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1973-cü ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayon Polis şöbəsində polis nəfəri kimi iş fəaliyyətinə başlamışdır. 18 iyul 1992-ci ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə ölmüş hesab edilmişdir. Evlidir. 2 övladı var. Ailəsi Gəncə şəhərində qeydiyyatdadır. Dövlət tərəfindən ailəsi evlə təmin olunmuşdur.

Qurbanov Emin Murad oğlu


Qurbanov Emin Murad oğlu 23 fevral 1969-cu ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 177 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-89-cu illərdə keçmiş sovetlər birliyində hərbi xidmət keçmişdir. Hərbidən qayıtdıqdan sonra sovxozda fəhlə işləmişdir. 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Vətənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 aprel 1993-cü ildə Ağdərənin "Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd tam orta məktəbi şəhid Emin Qurbanovun adını daşıyır.

Baş leytenant İsmayılov Sərdar İsgəndər oğlu

İsmayılov Sərdar İsgəndər oğlu 15 mart 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Ç.İldırım adına Politexnik İnstitutuna daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirərək Kemerovo vilayətinə göndərilmiş, orada zavodlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayan zaman Sərdar İsmayılov Vətənə dönmüş, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İsmayılov Sərdar İsgəndər oğlu 23 fevral 1997-ci ildə şəhid olmuşdur. Baş leytenant rütbəsində idi. Subay idi.

Kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu


Şəhid kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 25 fevral 1989-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1996-cı ildə Şamoy Çobanov adına Qazax rayon Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub medallar da almışdı. Məktəbi bitirdikdən sonra 03.07.2007-ci ildəAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətini "212” saylı hərbi hissədə davam etdirmişdir. 01.01.2009-cu ildə ordudan təxris olunmuşdur. Həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başlamışdır. Hərbi sahəni özü seçdiyi üçün Alıxan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Yanvarın 21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmişdir. 29.01.2021-ci il tarixdə doğulduğu Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Bir qız övladı yadigar qalıb. Şəhidimizin doğulub boya-başa çatdığı Ağköynək kəndində vaxtilə yaşadığı küçənin girişində adını əbədiləşdirən bulaq inşa olunub.

Əsgər Nəsibov Asəf Səfəralı oğlu


 

Şəhid Asəf Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi fakültəsinə qəbul olmuş, 2015-ci ildə həmin universiteti bitirmişdir. 25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 10.09.2016-cı ildən 13.09.2017-ci ilədək Bakı Şəhər Xəzər Firmasında xəritə mühəndisi vəzifəsində işləmişdir. 14.09.2017-ci ildən 01.05.2018-ci ilədək Qazax rayon Yol İstismar İdarəsində kiçik mühəndis olaraq işləmişdir. 01.05.2018-ci ildən 12.11.2018-ci ilədək fərdi əməklə məşğul olmuşdur. 12.11.2018-ci ildən 28.09.2020-ci il tarixədək İqtisadiyyat Nazirliyi tabeliyində "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş-mütəxəssis olaraq işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.

Müharibə Asəf Nəsibova tanış idi. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acılarını görmüşdü. Ona görə də Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərə qatılanda müharibə heç də ona çətin gəlmədi. Asəf Nəsibov Cəbrayılın, Qubadlının, Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur.

"N” saylı hərbi hissənin 3-cü taborun 7-ci bölüyün 2-ci tağımın 2-ci manqasının heyət nəfəri-atıcısı əsgər Asəf Nəsibov 28.10.2020-ci il tarixdə Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 31.10.2020–ci ildə doğulub boya-başa çatdığı Qaymaqlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Nişanlı idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Asəf Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Hüseynov Azər Qələndər oğlu

 

Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1981-ci ildə Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1988-1990-cı illərdə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məkəbin 10-cu sinifini bitirmişdir. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmişdir. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olmuşdur. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.

Gizir Əfəndiyev İsrayıl Süleyman oğlu


Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə şəhid Valeh Musayev adına İkinci Şıxlı kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1981-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Həmin ildə Bədən Tərbiyəsi Texnikumuna qəbul olmuş, 1985-ci ildə texnikumu bitirərək hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Valeh Musayev adına tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Müəllim işlədiyi vaxtda səfərbərlik zamanı Milli Orduya çağırılmışdır. Ordan da Sanqaçalda "sapyor” (minaaxtaran) ixtisası üzrə zabit dərəcəsi almış, 707 saylı hərbi hissəyə göndərilmişdir. İşlədiyi müddətdə 707 saylı hərbi hissədə şəxsi işlər üzrə zabit işləmişdir. 17 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babakər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi, 2 övladı var.

Əsgər Əliyev İlkin Bəxtiyar oğlu 

 

Şəhid Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci il tarixdə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.

2019-cu ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.

Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. "N” saylı hərbi hissənin artilleriya divizionun 1-ci batareyanın, 1-ci tağımın 2-ci topun komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14.11.2020-ci il tarixdə Xocavənddə şəhid olmuşdur.16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Subay idi.   

Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində adını əbədiləşdirən bulaq inşa olunub və həmin bulağın yanında dayanacaq qoyulub.

Quliyev Niyazi Allahverdi oğlu


Quliyev Niyazi Allahverdi oğlu 26 fevral 1975-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür. 

Cəfərov İlqar Dursun oğlu


Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi.

Vəliyev Əmir İsmayıl oğlu


Vəliyev Əmir İsmayıl oğlu  1 yanvar 1972-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə Abbasbəyli kənd ibtidai məktəbində I-IV siniflərdə təhsil almışdır. 1983-1989-cu illərdə Alpout kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. 28 fevral 1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi.


Geri qayıt