Əsas Səhifə > Şəhidlər > Vətən Sizinlə qürur duyur!
Vətən Sizinlə qürur duyur!20-02-2022, 10:24 |
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətənpərvərliyin ən ali məqamı - Şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, bir o qədər də şərəfli və örnək sayılır. Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını belə qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Bəli, bu borc elə bir borcdur ki, mənim, sənin olmamalıdır. Bu borc bizim olmalıdır. Hər birimiz şəhidlərimizlə qürur duymalı və gələcək nəsillərin də onlarla qürur duyması üçün əlimizdən gələn var qüvvəmizlə çalışmalıyıq. Tanımalı və tanıtmalıyıq... Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Aftandil Quluyevin, əsgər Davud Qurbanovun, Rafiq İsmayılovun, çavuş Babək Rüstəmovun, Əhməd Əliyevin, Əhməd Əhmədovun, Elçin İsmayılovun, Bəkir Həsənovun, Məmməd Mərdanovun, çavuş Ruslan Aslanovun əziz xatirəsini ehtiramla yad edirik. Quluyev Aftandil Mansır oğlu
Quluyev Aftandil Mansır oğlu 20 noyabr 1973-cü ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarası ilə Gəncə şəhər xəstəxanasına aparılmışdır. Müalicə almasına baxmayaraq 14 fevral 1990-cı ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir. Əsgər Qurbanov Davud Tariyel oğlu
Şəhid Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və 2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında "Space” televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından "Azad Azərbaycan” (ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır. Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindənhəqiqi hərbi xidmətə çağırılmışdır. Əsgər Davud Qurbanov 02.10.2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. İsmayılov Rafiq Namaz oğlu
İsmayılov Rafiq Namaz oğlu 15 fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış, bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu verilmişdir. Çavuş Rüstəmov Babək Muraz oğlu
Rüstəmov Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Əliyev Əhməd Mirzə oğlu
Əliyev Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Ordu sıralarına çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır. Əhmədov Əhməd Nuru oğlu
Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. İsmayılov Elçin Murğuz oğlu
İsmayılov Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1987-ci ildə Kosalar kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1998-ci il yanvar ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmşdır. 1999-cu il fevralın 16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Həsənov Bəkir Oruc oğlu
Həsənov Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1958-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin 1-ci sinifinə getmiş, 1968-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həsənov Bəkir Oruc oğlu 30 dekabr 1993-cü ildə şəhid olmuşdur. Mərdanov Məmməd Ələddin oğlu
Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 22 sentyabr 2021-ci ildə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb. İki qız, bir oğul övladı bizlərə yadigar qalıb. Polis əməkdaşı çavuş Aslanov Ruslan Yaqub oğlu
Aslanov Ruslan Yaqub oğlu 19 fevral 1969-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1977-ci ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra polis əməkdaşı kimi xidmət etmişdir. Aslanov Ruslan Yaqub oğlu 28 fevral 1992-ci ildə Bala Cəfərli kəndində polis əməkdaşı olaraq xidməti vəzifəsini icra edərkən şəhid olmuşdur. Çaylı kəndində bir bulağa şəhid Ruslan Aslanovun adı verilmişdir. Geri qayıt |