Əsas Səhifə > Şəhidlər > Qüdrətli Azərbaycan var olsun deyə canlarından keçən şəhidlərimizi hər zaman yad etməliyik

Qüdrətli Azərbaycan var olsun deyə canlarından keçən şəhidlərimizi hər zaman yad etməliyik


30-01-2022, 11:40

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Bu gün hər bir azərbaycanlının üzərinə düşən vəzifə yetişməkdə olan gənc nəsildə vətənçiliyi, Vətən sevgisini və vətənpərərlik hisslərini aşılamaqdır. Çünki Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək üçün ilk növbədə gənclərdə Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını formalaşdırmaq lazımdır. Doğma Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi yolunda hər bir gənci mübarizə ruhunda tərbiyə etməli, qanları ilə azadlıq yazan Milli Qəhrəmanlarımızı, şəhidlərimizi örnək göstərməliyik. Azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın var olması üçün ölümün gözünə dik baxan şəhidlərimizi böyük ehtiramla xatırlamaq, yad etmək hər birimizin ən müqəddəs borcu, ən başlıca vəzifəsi olmalıdır.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun, leytenant Məhəmməd Məmmədovun, baş gizir Teymur Hacıyevin, gizir Tahir İsmayılovun, Elman Musayevin, Rəsul Mirzəliyevin, Ayaz Mehtiyevin, Rövşən Pənahovun, Vasif Haqverdiyevin, Əmrah Vəliyevin, Nizami Yusifovun, Nəsimi Hüseynovun, Natiq Qənbərovun, Hacı Dəryahquluyevin əziz xatirəsini ehtiramla yad edirik.

Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Mərfət Əhməd oğlu


Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il hərbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin  7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.

Qazax rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Milli Qəhrəmanımızın adını əbədiləşdirən həmin bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri Mərfət Nəsibovun adını daşıyır.

2013-cü ildə Mərfət Nəsibovla yanaşı digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Həmçinin 2015-ci ildə üç igidin — Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "Ölümə qənşər” adlı sənədli-bədii film çəkilmişdir.

Leytenant Məmmədov Məhəmməd Zakir oğlu 


Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Baş gizir Hacıyev Teymur Zaur oğlu


Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir.

Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir Teymur Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır".

Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalı almışdır.

"N” saylı hərbi hissənin baş giziri Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğlu yadigar qalıb.  

Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Gizir İsmayılov Tahir Niyazi oğlu


Şəhid Tahir İsmayılov 30 yanvar 1988-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəb-liseyin 9-cu sinifini bitirmişdir. 2003-cü ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və 2006-cı ildə həmin kolleci bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. 31.01.2009-cu il tarixdən 11.04.2009-cu il tarixə qədərBakıda AzərbaycanSilahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində(TTM) hərbi kursantlıq kursunda hərbi kursantlıq oxumuş, 16.04.2009-cu il tarixdən 23.08.2012-ci il tarixə kimi "N” saylı hərbi hissədə gizir olaraq xidmət etmişdir. 26.04.2014-cü il tarixdən yenidən hərbiyə qayıdaraq xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov 25.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.Qubadlının azad olunması uğrunda gedən döyüşdə isə şəhid olmuşdur. Şəhid gizir Tahir İsmayılov 26.10.2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Niyazi və Uğur adlı iki azyaşlı oğlan övladı yadigar qalıb. 

Xidməti dövrü öz nizam-intizamı, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqlənmiş, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini 2018-ci ildə təltif olunduğu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları bəzəyirdi.

Bütün şəhidlərimiz kimi gizir Tahir İsmayılovun da xatirəsi hər zaman əziz tutulur. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Musayev Elman İmran oğlu


Musayev Elman İmran oğlu 24 yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-сi ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində Almaniya Federatif Respublikasında hərbi xidmətdə olmuşdur. "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.

Mirzəliyev Rəsul Məmmədyar oğlu


Mirzəliyev Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır.

Mehtiyev Ayaz Oruc oğlu


Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir.

Pənahov Rövşən Fərman oğlu


Pənahov Rövşən Fərman oğlu 3 fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Haqverdiyev Vasif Mirzə oğlu


Haqverdiyev Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü il mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür.

Vəliyev Əmrah İsgəndər oğlu


Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur.

Yusifov Nizami Göyüş oğlu


Yusifov Nizami Göyüş oğlu 28 yanvar 1967–ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1974-cü ildə Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur.

Hüseynov Nəsimi Sarı oğlu


Hüseynov Nəsimi Sarı oğlu 28 mart 1975-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1982-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbin 5-ci sinifinə kimi oxumuş, sonra təhsilini Saatlı rayonunun Cəfərxan qəsəbəsində davam etdirmişdir. 1993-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1993-cü ilin payız çağırışında Qazax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun "Alobuz” yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Qənbərov Natiq Qənbər oğlu


Qənbərov Natiq Qənbər oğlu 4 mart 1975-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 156 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, "N” saylı hərbi hissədə xidmətə başlamışdır. Sonra xidmətini 702 saylı hərbi hissədə davam etdirmişdir. 30 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürəhmanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd sənətkarlıq evi şəhid Natiq Qənbərovun adını daşıyır.

Dəryahquluyev Hacı Həsən oğlu


Dəryahquluyev Hacı Həsən oğlu 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Kəmərli kəndində yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 30 yanvar 1998-ci ildə mal-qara otararkən ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəliydi. Beş övladı var.


Geri qayıt