Əsas Səhifə > Şəhidlər > Yaşasaydı igid Vətən oğlunun bu gün 34 yaşı tamam olacaqdı...

Yaşasaydı igid Vətən oğlunun bu gün 34 yaşı tamam olacaqdı...


30-01-2022, 10:33

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına şanlı səhifə kimi yazıldı. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək dövlətimizin və ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirdilər.

Bu gün Azərbaycan qalib ölkə olaraq bütün dünyada tanınırsa, ordumuzun gücü, qüdrəti sayəsində işğalda olan torpaqlarımız azad edilibsə, buna görə bir vətəndaş olaraq hər birimiz Ali Baş Komandana, torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşdü. Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də gizir İsmayılov Tahir Niyazi oğludur. 

Bu gün Vətən müharibəsi şəhidi gizir Tahir İsmayılovun doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 34 yaşı tamam olacaqdı...

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Tahir İsmayılov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Tahir kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Gizir İsmayılov Tahir Niyazi oğlu


Şəhid Tahir İsmayılov 30 yanvar 1988-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəb-liseyin 9-cu sinifini bitirmişdir. 2003-cü ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və 2006-cı ildə həmin kolleci bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. 31.01.2009-cu il tarixdən 11.04.2009-cu il tarixə qədərBakıda AzərbaycanSilahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində(TTM) hərbi kursantlıq kursunda hərbi kursantlıq oxumuş, 16.04.2009-cu il tarixdən 23.08.2012-ci il tarixə kimi "N” saylı hərbi hissədə gizir olaraq xidmət etmişdir. 26.04.2014-cü il tarixdən yenidən hərbiyə qayıdaraq xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov 25.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.Qubadlının azad olunması uğrunda gedən döyüşdə isə şəhid olmuşdur. Şəhid gizir Tahir İsmayılov 26.10.2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Niyazi və Uğur adlı iki azyaşlı oğlan övladı yadigar qalıb. 

Xidməti dövrü öz nizam-intizamı, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqlənmiş, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini 2018-ci ildə təltif olunduğu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları bəzəyirdi.

Bütün şəhidlərimiz kimi gizir Tahir İsmayılovun da xatirəsi hər zaman əziz tutulur. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.







Geri qayıt