Əsas Səhifə > Şəhidlər > Bu gün Vətən müharibəsinin qazaxlı şəhidi İlqar Hüseynovun doğum günüdür

Bu gün Vətən müharibəsinin qazaxlı şəhidi İlqar Hüseynovun doğum günüdür


17-01-2022, 08:05

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə yaddaşlara əbədi həkk olundu. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də Xeyirin Şər üzərində qələbəsi oldu. 

Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə bir vətəndaş olaraq hər birimiz Ali Baş Komandana, torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

"Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də şəhid əsgər Hüseynov İlqar Yaşar oğludur.


Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 21 yaşı tamam olacaqdı...

Vətən müharibəsində igidlik göstərərək Şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. 

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, İlqar Hüseynov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.

Əsgər Hüseynov İlqar Yaşar oğlu


İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinifinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən  həqiqi hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.


Şəhid İlqar Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.




Geri qayıt