Əsas Səhifə > Şəhidlər > Bu gün Vətən müharibəsində göstərdiyi igidliyi şəhadətindən sonra beş medalla qiymətləndirilən qazaxlı şəhid leytenant Nicat Nəsibovun doğum günüdür
Bu gün Vətən müharibəsində göstərdiyi igidliyi şəhadətindən sonra beş medalla qiymətləndirilən qazaxlı şəhid leytenant Nicat Nəsibovun doğum günüdür1-01-2022, 09:00 |
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Qələbə və Zəfər ili kimi yadda qalan 2020-ci il artıq tarixə qovuşdu. O il ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyduğu, düşmən üzərində qələbə qazanıldığı, torpaqlarımızın erməni işğalından azad edildiyi, üçrəngli bayrağımızın əvvəlki tək Qarabağ torpaqlarında dalğalandığı bir il kimi xalqımızın yaddaşına yazıldı.
Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağın erməni hərbi birləşmələrindən təmizlənməsinə görə Ali Baş Komandana, torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Vətən, torpaq, yurd naminə canını fəda edərək 22 yaşında Şəhidlik zirvəsinə ucalan, şəhadəti ilə ölümsüzlüyə qovuşan igid oğullardan biri də ölümündən sonra 5 medalla təltif olunmuş leytenant Nəsibov Nicat Qəşəm oğludur.
Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 24 yaşı tamam olacaqdı... Vətən müharibəsində igidlik göstərərək Şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Nicat Nəsibov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik. Leytenant Nəsibov Nicat Qəşəm oğlu
Şəhid Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə "N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər "N” saylı hərbi hissəyə təyinat almışdır. "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu. Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Nicat Nəsibov torpaqlarımızın azadlığını canından üstün tutmuşdur. "N” saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyü 1-ci tağımının komandiri leytenant Nicat Nəsibov 18.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid leytenantımız 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Geri qayıt |