Əsas Səhifə > Şəhidlər > Şəhidlərimiz - iftixar mənbəyimizdir

Şəhidlərimiz - iftixar mənbəyimizdir


19-12-2021, 16:02

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, cəsur oğulları. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını Şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Məzahir Barıyevin, Elmar Hüseynovun, Ürfət Bənnayevin, gizir İsrayıl Əfəndiyevin, Namiq Hacıyevin, Cavid Omarovun, gizir Elvin Orucovun əziz xatirəsini ehtiramla yad edirik.

Barıyev Məzahir Məhəmməd oğlu


Barıyev Məzahir Məhəmməd oğlu 14 dekabr 1968-ci ildə Aslanbəyli kəndində anadan olmuşdur. 1978-ci ildə Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1986-cı ildə məktəbi bitirmişdir. 1989-cu ildə Yuxarı Salahlı kənd Peşə məktəbini də bitirmişdir. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətində hərbi xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində gedən döyüş zamanı şəhid olmuşdur.

Hüseynov Elmar Nazim oğlu


Hüseynov Elmar Nazim oğlu 14 mart 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. E.Hüseynov 1983-1985-ci illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 1988-1993-cü illərdə Bakıda DİN-in sənaye kombinatında çalışmış və həmin kombinatın nəzdində olan texnikumda təhsilini davam etdirmişdir. Hüseynov Elmar Nazim oğlu 1993-cü ildə Milli Ordu sıralarına daxil olmuş, "N” saylı hərbi hissənin tərkibində tank taborunda xidmətə başlamışdır. 15 dekabr 1993-cü ildə Beyləqan rayonu istiqamətində atəş başlayır və Elmar Hüseynov öz tankı ilə düşmənin bir neçə atəş nöqtəsini susdurmağa nail olur. Lakin bu döyüş onun son döyüşü olur. O, torpaqların müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalır. Elmar Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeni və "İgidliyə görə” medalı ilə təltif edilmişdir. Qazax rayon Mərkəzi Kitabxanasına Elmar Hüseynovun adı verilmişdir.

Bənnayev Ürfət Yolçu oğlu


Bənnayev Ürfət Yolçu oğlu 15 dekabr 1974-cü ildə Qazax rayonunun Bala Çaylı (əvvəlki Kommuna) kəndində anadan olmuşdur. 1980-ci ildə Kommuna (indiki Bala Çaylı) kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1988-1990-cı illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. 1991-ci ildə hərbi xidmətə getmişdir. Bənnayev Ürfət Yolçu oğlu 7 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə itkin düşmüşdür.

Gizir Əfəndiyev İsrayıl Süleyman oğlu


Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə şəhid Valeh Musayev adına İkinci Şıxlı kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1981-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Həmin ildə Bədən Tərbiyəsi Texnikumuna qəbul olmuş, 1985-ci ildə texnikumu bitirərək hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Valeh Musayev adına tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Müəllim işlədiyi vaxtda səfərbərlik zamanı Milli Orduya çağrılmışdır. Ordan da Sanqaçalda "sapyor” (minaaxtaran) ixtisası üzrə zabit dərəcəsi almış, 707 saylı hərbi hissəyə göndərilmişdir. İşlədiyi müddətdə 707 saylı hərbi hissədə şəxsi işlər üzrə zabit işləmişdir. 17 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babakər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi, 2 övladı var.

Hacıyev Namiq Səhrab oğlu


Hacıyev Namiq Səhrab oğlu 17 dekabr 1974-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1992-ci ilin dekabrında Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il mart ayının 1-də Ağdamda cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Omarov Cavid Hüseynəli oğlu


Omarov Cavid Hüseynəli oğlu 27 oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Şəhid Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağrılmışdır. Qazax zonasında xidmət etmişdir. 18 dekabr 1993-cü ildə şəhid olmuşdur. Evli olub. 2 övladı var.

Gizir Orucov Elvin Rövşən oğlu


Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin 1-ci sinifinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixdən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır. Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013) və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları ilə təltif olunub.

Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşaraq Fəxri Fərmanla təltif olunmuşdur. 

Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci ildə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. İki azyaşlı - Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi Elvin Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.


Geri qayıt