Əsas Səhifə > Şəhidlər > Şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq

Şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq


10-10-2021, 11:17

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Özlərinə əbədiyyət heykəli ucaldan şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq. Neçə illər keçsə də, onların Vətən və xalq naminə gördükləri işə yüksək dəyər veriləcək. Hər bir azərbaycanlının borcudur ki, torpaq, Vətən uğrunda canından keçən hər bir şəhidin ailə üzvlərinə, valideynlərinə diqqət və qayğı ilə yanaşsın. Eyni zamanda, onların keçdiyi döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.
Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Şamil Məmmədovun, Milli Qəhrəman Aqil Musayevin, Məmmədkərim Cəfərovun, Gülayə Yusibovanın, Altay Qafarovun, leytenant MəhəmmədMəmmədovun, əsgərƏvəz Məmmədovun, baş leytenant Nəbi Hüseynovun, Ramin Əliquluyevin, Elman Əliyevin əziz xatirəsini ehtiramla yad edirik.

Məmmədov Şamil Rəfi oğlu


Məmmədov Şamil Rəfi oğlu 1 aprel 1967-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1974-cü ildə Fərəhli kənd ümum orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1983-85-ci illərdə Alpout kənd tam orta məktəbin10-cu sinifini bitirmişdir. 1985-87-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra kənd təsərrüfatı sahələrində işləmişdir. 4 oktyabr 1993-cü ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Hazırda həyat yoldaşı və oğlu Fərəhli kəndində yaşayır.

Musayev Aqil Hüseyn oğlu


Musayev Aqil Hüseyn oğlu 3 noyabr 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə 1-ci sinifə getmiş, 1991-ci ildə 10-cu sinifi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə  əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi - torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən  döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayon Əzizbəyli (indiki Hüseynbəyli) kəndində Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Cəfərov Məmmədkərim Sosu oğlu


Cəfərov Məmmədkərim Sosu oğlu 5 oktyabr 1964-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1981-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 28 may 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babakər adlı postda qulluq edərkən minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir övladı var.

Yusibova Gülayə Məhəmməd qızı

Yusibova Gülayə Məhəmməd qızı 1952-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1957-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə getmişdir. 1967-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 10-cu sinifini bitirmişdir. 6 oktyabr 1991-ci ildə Xeyrımlı kəndində şəhid olmuşdur. 

Qafarov Altay Sadıq oğlu


Qafarov Altay Sadıq oğlu 14 sentyabr 1970-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbində təhsil almışdır. "N” saylı hərbi hissədə xidmət etmişdir. 7 oktyabr 1995-ci ildə şəhid olmuşdur. Subay idi.

Leytenant Məmmədov Məhəmməd Zakir oğlu


Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout  kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindənhəqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Əsgər Məmmədov Əvəz Elnur oğlu


Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci iltarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu


Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır.

Xüsusi Təyinatlı Qüvvələrin "N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra dörd medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə” "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Əliquluyev Ramin Eldar oğlu


Əliquluyev Ramin Eldar oğlu 10 oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi xidmətə getmişdir. Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə  düşmən gülləsindən şəhid olmuşdur. Subay idi.

Əliyev Elman Əli oğlu


Əliyev Elman Əli oğlu 10 oktyabr 1959–cu ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1975-76-cı illərdə Kosalar kənd tam orta məktəbin 10-cu sinifini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir. İki övladı var.


Geri qayıt